Adam Sterlinq: “ABŞ hökuməti “WikiLeaks”in yaydığı məlumatlarla bağlı şərh verməyəcək” - MÜSAHİBƏ
11 dekabr 2010 11:59 (UTC +04:00)

Adam Sterlinq: “ABŞ hökuməti “WikiLeaks”in yaydığı məlumatlarla bağlı şərh verməyəcək” - MÜSAHİBƏ

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq “525-ci qəzetə” müsahibə verib. O, müsahibə zamanı ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə, “WikiLeaks” saytının məlum açıqlamalarına toxunmaqla yanaşı digər məsələlərdən də danışıb. Müsahibəni Lent.az-ın oxucularına təqdim edirik:

– Cənab Sterlinq, artıq bir müddətdir Azərbaycandasınız. Burda özünüzü necə hiss edirsiniz?

– Mən altı aya yaxındır ki, Azərbaycandayam. Burda olmaqdan çox şadam. Düzdür, kifayət qədər Azərbaycanı tanıya bilməmişəm. Amma onu deyə bilərəm ki, bura diplomatların işləməsi üçün çox əlverişli bir məkandır. Mən və ailəm Bakıda olmaqdan çox məmnunuq.

– Tərcümeyi-halınızla tanış olanda diqqətimi daha çox Azərbaycan dilini bilməyiniz çəkdi. Azərbaycan dilini nə zaman öyrənmisiniz?

– Vaşinqtonda ABŞ Dövlət Departamentinin dil institutu var, mən orda təxminən 8 ay ərzində Azərbaycan dilini öyrəndim.

– Bəs məqsədiniz nə idi?

– Onda mənim Azərbaycanda diplomat kimi çalışmaq üçün təyinatım verilmişdi və bu səbəbdən də Azərbaycan dilini öyrənməyə başladım.

– Azərbaycanda sizin nədən xoşunuz gəlir, nəyi bəyənmirsiniz?

– Bayaq qeyd etdiyim kimi bura diplomatlar üçün xoş bir yerdir. ABŞ və Azərbaycan bir çox mühüm məsələlərdə birgə çalışır, işləyir. Peşəkar nöqteyi-nəzərdən sizin ölkəniz stimulverici bir yerdir. Şəxsi mənada isə onu deyə bilərəm ki, həm mənim, həm ailəm üçün burada işləmək, fəaliyyət göstərmək çox yaxşıdır. Çünki biz inkişaf etməkdə olan və inkişaf edən ölkələrdə olmaqdan və işləməkdən məmnun qalırıq. Azərbaycanda cəmiyyətdə inkişaf müşahidə olunur. Həmçinin Bakı şəhəri də tərəqqidədir və yaxşıya doğru dəyişməkdədir. Yəni özündə müxtəlifliyi ehtiva edən bir ölkədə olmaq çox xoşdur.
Əgər Bakı kosmopolit bir şəhərdirsə, rayonlar, kəndlər özündə kəndə, rayona xas təbiiliyi daşıyır və bu da insanda maraq doğurur. Bir çox müxtəlifliklər burda öz əksini tapıb. Dağları çox sevirik və imkan tapıb dağlıq yerlərə səfər edirik.

– Hansı regionlarda olmusunuz və regionlarda başqa nələri bəyənirsiniz?

– Azərbaycanın rayonlarına həm işgüzar, həm də şəxsi səfərlərim olub. Gəncə, Bərdə, İsmayıllı, Lənkəranda olmuşam. Amma şəxsi istirahət üçün şimala, dağlara getmişik, Lahıca səfər etmişik. Lerik və onun ətrafındakı yerlərdə olmuşuq və deyim ki, oraları çox bəyənmişəm.

– Siz ABŞ-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz? Münasibətlərdə bir müddət əvvəl yaranan soyuqluq sizcə, aradan qalxıbmı?

– ABŞ-Azərbaycan münasibətləri çox geniş məsələləri əhatə edir. Biz bir çox sahələrdə yaxşı əməkdaşlıq edirik. Bu əməkdaşlığın səviyyəsinin göstəricisi kimi yayda ABŞ hökumətinin iki ən mühüm təmsilçisinin – müdafiə naziri cənab Qeytsin və dövlət katibi xanım Klintonun prezident İlham Əliyevlə görüşmək üçün Azərbaycana səfər etmələrini vurğulamaq istəyirəm. Bildiyiniz kimi sentyabrda Nyu-Yorkda prezident İlham Əliyev prezident barak Obama ilə görüşmüşdü. Ciddi uğurlar əldə etdiyimiz əməkdaşlıq məsələlərini qeyd edərkən beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığa toxunmaq istəyərdim. Hər iki ölkə zorakı ekstremizmə qarşı əməkdaşlıqda əlbirdir və ortaq mövqelərə malikdirlər. Azərbaycan və ABŞ qüvvələri Əfqanıstanda çiyin-çiyinə fəaliyyət göstərirlər. Necə ki, İraq və Kosovada biz bu cür əməkdaşlıq etmişdik. Bundan başqa, Azərbaycan Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinə maddi, texniki dəstək göstərir. Terrorizm sahəsində də iki ölkə əməkdaşlığını davam etdirir. ABŞ uzun müddətdir ki, Azərbaycanın enerji resurslarının hasilatının inkişaf etdirilməsində və bu resursların beynəlxalq bazarlara çıxarılması sahəsində ölkənizlə əməkdaşlıq edir. Dövlət katibi Klintonun iyulda qeyd etdiyi kimi, ABŞ hökumətinin ən yaxın əməkdaşlığı vətəndaşlarının insan hüquqlarına hörmət edən ölkələrlədir. Bu baxımdan demokratik inkişaf sahəsindəki iki ölkə arasında əməkdaşlığımız davam etməkdədir.

– Hansı sahədə əməkdaşlıq ABŞ-ı daha çox qane edir?

– Azərbaycanla əməkdaşlığımızın üç əsas sütununu təhlükəsizlik, enerji və demokratik islahatlar sahəsi əhatə edir ki, bunlar hər biri əhəmiyyət, önəm daşıyır və biri digərindən qarşılıqlı şəkildə asılıdır. Hesab edirəm ki, bu sahələr bizim ümumilikdə Azərbaycanla əməkdaşlığımızın əhatə dairəsini və əhəmiyyətini təsvir edir.

– Azərbaycanda keçirilən 7 noyabr parlament seçkiləri ilə bağlı ABŞ Dövlət Departamentinin səsləndirdiyi bəyanat rəsmi Bakı tərəfindən etirazla qarşılandı. Vaşinqtonu nə qane etmədi və bu mövqe sizcə ikitərəfli münasibətlərə mənfi təsir etdimi?

– Dövlət Departamentinin bəyanatı ilə bağlı Azərbaycanda səslənən fikirlər ondan ibarətdir ki, bu bəyanat beynəlxalq müşahidəçilərin rəylərindən fərqlidir. Amma bizim nöqteyi-nəzərimizə görə, Dövlət Departamentinin bəyanatı ATƏT-in müşahidə missiyasının ilkin hesabatındakı fikirlərlə uyğundur. Burda seçkilərdən öncəki vəziyyətin qeyri-bərabər olduğu əksini tapmışdı. Media azadlığı, yığıncaq azadlığı təmin olunmamışdı. Seçki günü səfirliyin müşahidəçiləri ATƏT-lə birgə müşahidə həyata keçirib və qayda pozuntuları aşkar ediblər ki, bunlardan əsas seçki bülletenlərinin topa-topa qutulara atılması idi. Bu və onun kimi məsələlər yekun hesabatda əksini tapıb. Azərbaycan və ABŞ hökumətləri arasında müəyyən məsələlərə müxtəlif münasibət ola bilər, amma bizim aramızda çox yaxşı dialoq mövcuddur. Biz Azərbaycan rəsmiləri ilə görüşlərimizi, müzakirələrimizi davam etdiririk. Mən ölkə rəsmiləri ilə istər seçkilərdən əvvəl, istərsə də seçkilərdən sonra görüşləri davam etdirmişəm. Bu da görüşlərimizin geniş və ümumi səviyyədə olmasına dəlalət edir.

– Azərbaycan müxalifətinin siyasi arenada rolunu necə dəyərləndirirsiniz?

– ABŞ hökumətinin rəsmisi olaraq mənim cəmiyyətin ayrı-ayrılıqda iştirakçıları, subyektləri barəsində fikir söyləməyim məqsədəuyğun olmazdı. Amma ümumilikdə onu deyə bilərəm ki, fikir müxtəlifliyinin mövcudluğu, hər kəsin öz fikirlərini azad, sərbəst şəkildə ifadə etməsi ölkənin gücləndirilməsinə xidmət edir. Demokratik dialoqun mövcudluğu sabitliyin gücləndirilməsi və təmin olunmasına ən yaxşı vasitədir.

– ABŞ-ın Azərbaycana səfir təyinatı xeyli müddətdir baş tutmur. Gecikmə nə ilə bağlıdır? Bəzən belə fikirlər olur ki, Vaşinqtonun narazı qaldığı məsələlər var və bu səbəbdən də Azərbaycana səfir təyin etmək istəmir.

– ABŞ-da səfirin təyin olunma prosesi ilə tanış olmaq lazımdır. Bizim konstitusiyaya əsasən prezident səfirin namizədliyini irəli sürür və hakimiyyətin müstəqil qolu olan Senat bu namizədi təsdiq edir. Prezident Obama bir müddət əvvəl Metyu Brayzanı Azərbaycana səfir namizədi kimi irəli sürüb, amma konstitusiyaya əsasən Senat bu namizədi təsdiqləyir və öz istəyinə, qaydalarına əsasən fəaliyyətini həyata keçirir. Senat hələ bu namizədin təsdiq olunması ilə bağlı yekun səsverməni həyata keçirməyib.

– Başqa ölkələrə səfir təyinatının bu qədər gecikməsi baş veribmi?

– Mən digər ölkələrdəki səfir təyinatının hansı müddətə qədər davam etməsi ilə bağlı dəqiq məlumat verə bilmərəm. Amma onu dəqiq deyə bilərəm ki, belə hallar tez-tez baş verir. Metyu Brayza ilə yanaşı 4 digər səfir namizəd var idi ki, onların təsdiqlənməsi prosesi hələ tamamlanmayıb. Bu, xeyli vaxt aparıb. Onu qeyd edə bilərəm ki, bir nümunə kimi keçmişdə belə bir hal baş vermişdi ki, Senat cənab Buşun Ermənistana təyin etdiyi səfir namizədin təsdiqlənməsini bir ilə qədər yubatmışdı, sonradan yeni bir namizəd təyin olunmuşdu. Bu hadisə 2-3 il bundan əvvəl baş verib və bu da ABŞ-ın daxili demokratiyasının dinamikasından irəli gələn məsələdir. Bunun heç vəchlə ABŞ-ın Azərbaycana verdiyi önəm, əhəmiyyətlə hər hansı bir əlaqəsi yoxdur.

– ABŞ-ın İrana dair mövqeyi nə yerdədir?

– ABŞ hökuməti belə hesab edir ki, İran hökuməti nüvə proqramından sülh məqsədi ilə istifadəyə haqqı çatır. İran da digər ölkələr kimi beynəlxalq ictimaiyyət qarşısında nüvə proqramı ilə bağlı öhdəliklər götürüb. ABŞ hökumətini digər ölkələr kimi narahat edən məqam bundan ibarətdir ki, İran son 10 ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. BMT, Avropa Birliyi ABŞ İranın nüvə proqramı ilə bağlı yeni sanksiyalar tətbiq ediblər. Biz ümid edirik ki, bu sanksiyalar nüvə proqramı ilə bağlı yaranmış beynəlxalq ziddiyyətlərin, mübahisənin diplomatik həllinə gətirib çıxaracaq. ABŞ hökuməti ümid edir ki, bu məsələ diplomatik yolla öz həllini tapacaq. Ona da inanırıq ki, məsələnin diplomatik yolla həlli üçün hələ vaxt var, sadəcə İran hökuməti beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün xoş məram, xoş niyyət nümayiş etdirməlidir.

–Diplomatik səylər nə qədər davam edəcək? ABŞ-ın hərbi yoldan istifadəsi nə dərəcədə məqbuldur?

– ABŞ bu məsələnin diplomatik yolla həllinə çalışır və bu istiqamətdə səylər göstərir, Biz İran hökuməti ilə p 5+1 danışıqlarında iştirak edirik.

– Bir müddət əvvəl bu məsələlər Bakıda maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levil ilə müzakirə olundu. Sonra mətbuat yazdı ki, rəsmi Vaşinqton Azərbaycan-İran münasibətlərindən narazı qalıb. Siz rəsmi Bakıdan İrana dair konkret hansı mövqeyi gözləyirsiniz?

–Mən Levilin prezident və digər rəsmilərlə görüşlərində iştirak etmişəm və bu görüşlərdə İran Azərbaycan arasındakı əməkdaşlıqla bağlı ABŞ hökumətinin narazılığı ifadə olunmayıb. Əksinə, o, Azərbaycan və İran arasındakı doğru əməkdaşlıq münasibətlərinin qorunması və saxlanılmasından razı olduğunu ifadə etmişdi. Onun bu görüşlərdə əsas məqsədi yeni sanksiyalardan bəhs etmək, yeni sanksiyaların dünya maliyyə sisteminə təsirindən danışmaq olub. Bildiyiniz kimi İran maliyyə sisteminə təhdidlər, hədələrlə çıxış edir. Buna görə əsas müzakirə də Azərbaycan maliyyə institutlarının bu təhlükələrdən və hədələrdən qorunması məsələsi olub.

– Bu gün Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ümumilikdə region üçün təhlükədir. Minsk qrupunun səylər nəticə vermir, Astana sammitində də münaqişə ilə bağlı konkret qərar olmadı. Siz münaqişənin həlli yolunu necə görürsünüz?

– Dağlıq Qarabağ münaqişəsinin ən yaxşı və yeganə həll yolu danışıqlar yoludur. Astana sammitində bu məsələnin həllinə doğru bir addım atıldı. Yəni Minsk qrupunun üç həmsədri, həmçinin prezidentlər Əliyev və Sarkisyan birgə bəyanatla çıxış etdilər. Həmin bəyanatda tərəflərin ümumi maraqları öz əksini tapıb. Həmçinin tərəflərin bu məsələni danışıqlar yolu ilə həllinin sürətləndirilməsində maraqlı olduqları bir daha təsdiqləndi. Bu bəyanatda Minsk qrupunun 3 həmsədri və iki prezident münaqişənin Helsinki Yekun Aktının üç prinsipinə əsaslanmalı olduğunu bir daha təsdiqlədilər ki, bu prinsiplər zor, gücdən istifadə olunmaması, ərazi bütövlüyünün təmini və əhaliyə vətəndaşların bərabər hüquqlarını və öz müqəddəratını təyin etmək hüququnun təsbitindən ibarətdir. Həmçinin bəyanatda qeyd olunur ki, üç prezidentin inkişaf etmiş G-8 ölkələrinin görüşündə bəyanatları bu məsələnin həllində təməl rolunu oynamalıdır. Astana görüşündən sonra Minsk qrupunun həmsədri qismində ABŞ qeyd olunan bəyanat əsasında münaqişənin sülh yolu ilə həll olunmasının dinamik proses şəklində sürətləndirilməsinə çalışacaq və buna sadiq olacaq.

– Amma Ermənistan tərəfi öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadə edir...

– Astana zirvə görüşündə xanım Klinton qeyd etdi ki, münaqişənin həlli Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır və bu prinsiplər bir-birindən ayrıla bilməz.

– Bu gün gündəmi məşğul edən mövzulardan biri də “WikiLeaks” saytının məlum açıqlamalarıdır. Bu açıqlamalar Amerikanın xarici siyasətinə, hərbi planlarına nə kimi təsir etdi? Belə şərhlər verilir ki, terrorla mübarizə qarşılıqlı inam tələb edir. Amma bundan sonra kimsə ABŞ diplomatlarına etibar edib məlumat verməyəcək. Bu barədə mövqeyiniz nədən ibarətdir?

– ABŞ hökuməti saytın bu məlumatları yaymasını çox kəskin şəkildə pisləyir və qınayır. Hesab edir ki, bu qanunsuz və qəbahətli addımdır. Bu addım nəinki ABŞ-ın diplomatik münasibətlərinin aparılmasına, ümumilikdə dünyada diplomatik münasibətlərin icrasına və aparılmasına mənfi təsir göstərib. Sözügedən hadisə insanların həyatına təhdid törədir, milli təhlükəsizliyi təhlükə altında qoyur və sülhsevər ölkələr arasındakı əlaqə və münasibətlərə xoşagəlməz, arzuolunmaz təsir göstərir. Düşünürəm ki, bu hadisənin təsiri barədə danışmaq hələ tezdir. Amma bir şey qətidir və yəqindir ki, bunun nəticələrinin aradan qaldırılması müəyyən zaman alacaq. Diplomatik danışıqların və münasibətlərdə çox önəmli mərkəzi rol oynayan inam və etibarın bərpası üçün müəyyən zaman tələb olunacaq.

– Orda Azərbaycanla bağlı da müəyyən məlumatlar açıqlanıb. Bəs bu, Azərbaycan-ABŞ münasibətlərinə nə kimi təsir edib? Məsələ ölkə rəsmiləri ilə müzakirə olunubmu?

– Hadisənin ABŞ-Azərbaycan münasibətlərinə təsirindən danışarkən mən həm saytın məlumatlarının yayılmamasından əvvəl, həm də sonra ölkə rəsmiləri ilə görüşmüşəm. ABŞ hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, Vaşinqton Azərbaycanla yüksək səviyyədə qurulmuş əməkdaşlığın saxlanılması və davam etdirilməsi əzmindədir. Bir mesajı mən həm şəxsi, həm rəsmi görüşlərimdə çatdırıram və istəyirəm ki, bu mesajım Azərbaycanda hər kəsə çatdırılsın ki, ABŞ hökuməti bu sənədlərlə bağlı şərh verməyəcək. Yəni biz məxfi olması güman edilən bu sənədlərin həqiqiliyini nə təsdiq, nə də inkar edəcəyik. Bizim səfirlik digər səfirliklər kimi hesabatlar hazırlayır və bu hesabatları öz ölkələrindəki nazirliklərə göndərirlər. Hesabatlar öz məzmunu etibarilə həmin səfirliyin diplomatlarının xidmət etdikləri ölkələrdə müşahidələrə və topladıqları məlumatlara əsaslanır və bu məlumatlar tamamlanmış tam məlumat deyil, ilkin qiymətləndirmə xarakteri daşıyır. ABŞ hökumətinin xarici siyasəti Vaşinqtonda müəyyənləşdirilir öz həllini tapır. ABŞ hökumətinin Azərbaycana qarşı rəsmi mövqeyi prezident Obama, dövlət katibi Klinton, müdafiə naziri Qeytsin azərbaycanlı həmkarları ilə ifadə etdikləri fikirlərə əsaslanır.

– Saytın məlumatları necə əldə etməsi araşdırılıb?

– Əlbəttə, hazırda biz təhlükəsizlik tədbirlərinin yenidən qiymətləndirilməsini həyata keçiririk və bu istiqamətdə artıq bir sıra addımlar atılıb.

– Dediniz ki, məlumatlar nə təsdiq, nə təkzib ediləcək. Buna səbəb nədir?

– Məxfi məlumat elə məxfi məlumatdır. Məxfi məlumatın məxfi olmasının öz səbəbləri var. Biz də bu məxfiliyi qorumaq niyyətindəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar