Əli Əhmədov: “Namizədlərimizin seçilmək şansı yüksəkdir”
13 oktyabr 2010 16:13 (UTC +04:00)

Əli Əhmədov: “Namizədlərimizin seçilmək şansı yüksəkdir”

Lent.az-ın məlumatına görə, bunu oktyabrın 13-də keçirdiyi mətbuat konfransında YAP sədrinin müavini və partiyanın icraçı katibi Əli Əhmədov bildirib.

O qeyd edib ki, 61 dairədə namizədi qeydə alınan partiya, qanunvericiliyə əsasən, parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanır. YAP da bu həddi keçdiyi üçün seçkilərə partiya qismində qatılacaq. Bu partiyanın 520 min üzvünün olduğunu deyən Ə.Əhmədov namizədlərinin seçilmə şansını yüksək dəyərləndirib.

Ə.Əhmədov YAP-ın irəli sürdüyü namizədlərin tərkibinə də aydınlıq gətirib. O bildirib ki, 114 namizədin 48-i hazırda millət vəkilidir. 45 nəfər Milli Elmlər Akademiyasının (MEA) üzvü, 3-ü MEA-nın müxbir üzvü, 10-u rektor, 20-si elmlər doktorudur. Eyni zamanda, partiya 24 qadının namizədliyini irəli sürüb.

Onun sözlərinə görə, bunun qarşılığında özlərini YAP-a rəqib sayanların irəli sürdükləri namizədlər də göz önündədir. Ə.Əhmədov AXCP-Müsavat blokunun
namizədlərini YAP-ın namizədləri ilə müqayisə edib. Partiya rəsmisi bildirib ki, YAP-ın nüfuzlu namizədləri qarşılığında bu blokun irəli sürdüyü namizədlərin yarıdan çoxu 10-15 ildir işsizdir, bir məktəbdə belə iş tapa bilməyiblər: “Bu insanlar özləri işsiz olduqları, özəl şirkətdə belə iş tapa bilmədikləri halda, 40 min nəfərin maraqlarını parlamentdə necə təmsil edəcəklər? Belə çıxır ki, onlar parlament iclaslarına qatılmaqla özlərinin işsizlik problemlərini həll etmək istəyirlər”.

Ə.Əhmədov AXCP-Müsavat blokunun namizədlərinin bir qisminin jurnalist olmalarına da toxunub: “Belə çıxır ki, YAP da ya “Yeni Azərbaycan” qəzeti, ya da “Səs” qəzetinin jurnalistlərinin namizədliyini irəli sürməli idi. Bu, düzgün olmazdı. Çünki bu jurnalistlər hələ gəncdirlər. Təcrübə toplamalıdırlar. Lakin bunun qarşılığında AXCP-Müsavat bloku az qala qəzetlərdəki bütün jurnalistləri namizəd kimi irəli sürüb”.

Ramiz Mikayıloğlu
# 547

Oxşar yazılar