BQXK daşnak liderinin açıqlamalarını təkzib edib
12 oktyabr 2010 18:05 (UTC +04:00)

BQXK daşnak liderinin açıqlamalarını təkzib edib

Qurumun Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında Ermənistanın hakimiyyət orqanlarının Azərbaycanın iki hərbçisinin meyitinin onların əlində olması faktını təsdiqlədiyini bildirib.

İ. Hüseynova, həmçinin beynəlxalq quruma Ermənistan tərəfindən meyitlərin qaytarılması ilə bağlı hər hansı müraciətin daxil olmadığını qeyd edib.

Xatırladaq ki, Bakıda səfərdə olan Erməni İnqilabi Federasiyası “Daşnaksutyun”un siyasi məsələlər üzrə ofisinin, eləcə də “Ay-Dat”ın (Erməni məsələsi) mərkəzi ofisinin rəhbəri Kiro Manoyan jurnalistlərə açıqlamasında Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin neytral ərazidə olduğunu bildirib: “Ermənistanın mövqeyi belədir ki, meyit “yaşıl zonada”dır. Başqa cür olsaydı, meyiti qaytarardılar. Deməli, meyit Qarabağ ərazisində deyil, neytral zonadadır və Azərbaycan onu götürə bilər”

K. Manoyan meyitin götürülməsi üçün təhlükəsizliyə təminat olub-olmaması barədə suala cavabında bunun Beynəlxalq Qırmızı Xaç Komitəsinin səlahiyyətinə aid olduğunu deyib: “Bunu onlar həll edə bilərlər. Konkret bu halda onlar öz funksiyalarını yerinə yetirmirlər. Düşünürəm ki, BQXK öz missiyasını yaxşı yerinə yetirməyib”.

Qeyd edək ki, K. Manoyan Erməni İnqilabi Federasiyası “Daşnaksutyun”un Büro üzvü Mario Nalbandyanla birgə Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə Bakıda keçirilən regional toplantısında iştirak edir.
# 478

Oxşar yazılar