“Seçkiyədək Türkiyə-Ermənistan münasibətlərdə irəliləyiş olmayacaq”
09 oktyabr 2010 11:15 (UTC +04:00)

“Seçkiyədək Türkiyə-Ermənistan münasibətlərdə irəliləyiş olmayacaq”

“Bu protokollardan bir nəticə hasil olmayacağını işin əvvəlində demişdik. Çünki Ermənistan ABŞ-ın yox, Rusiyanın təsir dairəsindədir. Əgər Dağlıq Qarabağ problemini həll etmək istəyirsinizsə, mütləq Rusiya ilə razılaşmalısınız. Sürix protokolları imzalananda Rusiyanın xarici işlər naziri də arxadakı fonda dururdu. Ancaq protokolların imzalanması ilə onun həyata keçirilməsi ayrı-ayrı işlərdir. Sürix protokollarının imzalanmasından sonra Rusiya bölgədəki siyasətini aktivləşdirdi”.



Bu sözləri APA-ya açıqlamasında Türk Tarix Qurumunun keçmiş sədri, Ankaradakı Qazi Universitetinin professoru, ömrünü erməni yalanları ilə mübarizəyə həsr etmiş Yusuf Halaçoğlu deyib. Prosesdə Türkiyənin roluna toxunan görkəmli tarixçi-alim bəyan edib ki, Azərbaycanın erməni işğalı altındakı torpaqları azad edilməyənə qədər Türkiyə Ermənistanla münasibət yarada bilməz: “Türkiyə bunu etməyə çalışarsa, Qafqazı itirər. Bunu başdan demişdik. Türkiyə-Ermənistan münasibətlərindəki soyuqluğun səbəbi sadəcə, “soyqırım olub və ya olmayıb”, məsələsi deyil ki? Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı da Türkiyənin əsas problemidir. Sürix protokollarını imzalayarkən Ermənistan öz məqsədlərini Türkiyəyə qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu. Onların əsas məqsədi Qarabağın işğalını unutdurmaq və Birinci dünya müharibəsi ərəfəsində Osmanlı torpaqlarında olan mal-mülklərinə görə təzminat almaq idi. Tarixçilərdən ibarət komissiyasının yaradılıb-yaradılmaması ilə əlaqədar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan demişdi ki, komissiya “soyqırım”ın olub-olmamasını yox, təzminat məsələsini müzakirə edəcək. Bizim hökumət bu siyasətin səhv olduğunu görmüşdü. ABŞ-ın xətir-hörməti üçün həyata keçirilməyə çalışılan bu siyasətin kağız üzərində yazıldığı kimi həyata keçməyəcəyini hamı görüb”.



İstanbuldakı Bahçeşehir Universiteti Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru Cengiz Aktar isə Sürix protokollarının artıq unudulduğunu söyləyib: “İndi küçəyə çıxıb Sürix protokolları barədə suala heç kimdən cavab ala bilməzsiniz. Çünki Türkiyə o protokolları çoxdan unudub. Qəzet oxuyan, dünya ilə maraqlanan, Türkiyənin Ermənistanla münasibətlərinin yaxşı olmadığını bilən insanlar da indi o protokolları xatırlamır. Biz bunu o vaxt da görür və deyirdik. Ancaq hökumət bizim dediyimizin tərsini söyləyirdi. Türkiyə bu məsələyə 2011-ci ilin iyununda keçiriləcək parlament seçkisindən sonra təkrar qayıdacaq. Protokollar çox yara aldı. Onlara ilk zərbəni baş nazir Ərdoğan Azərbaycan Mili Məclisindəki çıxışı ilə vurdu. Ərdoğan anadan olmamış uşağa kəfən biçdi. Türkiyə XİN-in bu istiqamətdə hər hansı bir fəaliyyətinin olduğuna da inanmıram. Ancaq bunlar önəmli deyil. Türklər və ermənilər arasındakı dialoq davam edir. Müştərək layihələr, bəyanatlar, gediş-gəlişlər artır. Diaspora erməniləri Türkiyəyə daha tez-tez gəlməyə başlayıb, indi onlar buralarda daha çox iş görürlər. Əgər hökumətlər özlərini arxadan bu qatara çatdıra bilirlərsə, çox gözəl. Yox, onlar qatara yetişə bilmirlərsə, heç kim buna görə narahat deyil. Hökumətlər cəsur addımlar ata bilməzlər. Ona görə də toplumların həssaslığı daha önəmlidir. Məncə, Türkiyə Ermənistanla münasibətlərini normallaşdıra bilsə, bunun Qarabağ probleminin həllinə müsbət təsiri olacaq”.



Avrasiya Analizləri Mərkəzinin rəhbəri, istefada olan fövqəladə və səlahiyyətli səfir Ömər Lütem hesab edir ki, bir il əvvəl vəziyyət necə idisə, indi də o cürdür: “Bir il əvvəl protokollar imzalanandan sonra axşam prezident Sarkisyan erməni millətinə müraciət edərək bu sənədlərin “soyqırım”la heç bir əlaqəsinin olmadığını və Türkiyənin heç bir şərtini qəbul etməyəcəyini bəyan etdi. Bununla da, ilk gündən protokolların fəaliyyətini bir növ dayandırdı. Yanvarın 12-də Ermənistan Konstitusiya Məhkəməsi protokollara bəzi şərhlər əlavə edərək bu sənədlərin ruhunu tamamilə dəyişdirdi. Türkiyənin gözləntiləri ilə Ermənistan Konstitusiya Məhkəməsinin qərarı arasındakı fərqlər protokolların qüvvəyə minməməsinin əsas səbəbidir. Ona görə də artıq bu protokolların qüvvəyə minməsi mümkün olmamalıdır. Ermənilər bizim dediklərimizi nəzərə almayaraq prezidentimizin, baş nazirimizin, xarici işlər nazirimizin “Bu protokolların həyata keçirilməsi qəti şəkildə Azərbaycanın əleyhinə bir vəziyyət yaratmamalıdır”, sözlərindən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar. Hazırda mətbuatda İsveçrənin protokolların həyata keçirilməsi ilə bağlı yenidən vasitəçilik etməyə hazırlaşdığına dair xəbərlər çıxır. Bir neçə gün əvvəl Edvard Nalbandyan Türkiyə ilə gizli və ya açıq şəkildə heç bir müzakirə aparmadıqlarını bəyan etdi. Protokolların imzalanmasından əvvəl vəziyyət necə idisə, bu gün də eynidir. Yəni heç bir məsafə qət edilməyib. Gələn ilin iyununda keçiriləcək seçkiyə qədər Türkiyə-Ermənistan münasibətləri ilə bağlı hər hansı təşəbbüsün gündəliyə gələcəyinə inanmıram. Çünki Türkiyə öz mövqeyində möhkəm duraraq Qarabağın işğaldan azad edilməsini tələb edir. Qarabağın işğaldan azad edilməsi istiqamətində heç bir irəliləyiş yoxdur. Xüsusilə Minsk Qrupu bununla bağlı müsbət atmosfer yaratmağa çalışsa da, ortada heç bir nəticə görünmür. Türkiyə Qarabağda çox önəmli proseslər baş vermədikcə sərhədi açmayacağını dəfələrlə bəyan etdiyinə görə, mən protokolların aqibəti mövzusunda optimist olmağa bir səbəb görmürəm. Cənubi Qafqazdakı erməni hərbi işğalına son qoyulmadan regionda sülh və əməkdaşlıqdan söhbət gedə bilməyəcək. Mən bunu görə bilmirəm”.
# 526

Oxşar yazılar