Nyu-Yorkda Azərbaycan və Ermənistan arasında diplomatik insident
08 oktyabr 2010 11:54 (UTC +04:00)

Nyu-Yorkda Azərbaycan və Ermənistan arasında diplomatik insident

Azərbaycan tərəfi Nyu-Yorkda Azərbaycan və Ermənistan arasında baş vermiş diplomatik insidentlə bağlı BMT-ni məlumatlandırıb. Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT-nin baş ofisindən bildirilib.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT baş katibinə məktub ünvanlayıb. Məktubda deyilir: “Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, Ermənistan daha bir təxribat törədərək BMT Nizamnaməsini, beynəlxalq hüququn əsas prinsiplərini və Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının öhdəliklərini pozub. Sentyabrın 27-də Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəliyi Nyu-Yorkda yerləşən ofisinin qarşısında iki bayraq asıb, bunlardan biri Ermənistan Respublikasının bayrağı, digəri isə Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən qanunsuz yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağı adlandırılan bir əski parçası idi. Azərbaycan tərəfinin gördüyü təcili tədbirlər nəticəsində separatçıların “bayrağı” Ermənistan Respublikasının daimi nümayəndəliyi tərəfindən dərhal götürülüb və onun izləri ehtiyatla gizlədilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan işğal olunmuş ərazilərində yaradılan separatçı qurumun və onun strukturlarının qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə birmənalı şəkildə bəyan edilib. BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü təsdiqləyib və ərazinin qaytarılmasında güc tətbiqinin qəbuledilməzliyini qeyd edib. Şura, həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatlar da oxşar mövqe tutub. Beynəlxalq birliyin üzvü olan heç bir dövlət, hətta Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarət edən və separatçı qurumun yaşaması üçün ona iqtisadi, siyasi və hərbi dəstək verən Ermənistan belə separatçı qurumun müstəqilliyini tanımayıb.

Nəticədə Ermənistan Respublikası bu beynəlxalq sənədi kobudcasına pozur və bir daha bir mənalı şəkildə sübut etməyə çalışır ki, beynəlxalq hüquq ümumi qəbul olunmuş davranış standartlarından kənarda mövcud olan bu ölkə üçün keçərli deyil. Mənim dövlətim qeyd olunan fakta Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yönəlmiş səylərə açıq meydan oxuma kimi baxır. Ermənistan Respublikasının bu fitnəkar hərəkəti göstərir ki, bu ölkə münaqişənin beynəlxalq hüquqa əsaslanan həllində maraqlı deyil və münaqişənin nizamlanmasına yalnız hərbi yolla işğal etdiyi, etnik təmizləmə apardığı Azərbaycan torpaqlarının ilhaqını davam etdirmək vasitəsi kimi baxır.

Azərbaycan Respublikası təcavüzün məhsulu və etnik ayrı-seçkiliyin amansız təzahürü olan qanunsuz separatçı qurumun dəstəklənməsi cəhdinə qəti etirazını bildirir. Bu baxımdan, Azərbaycan Respublikası belə hesab edir ki, Ermənistan Respublikasının qanunsuz hərəkətlərinə göz yummaq, təcavüzkar və onun qurbanına eyni mövqedən yanaşmaq, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərə dözmək qəbuledilməz və beynəlxalq prinsiplərə ziddir.
# 564

Oxşar yazılar