“Dağlıq Qarabağ ərazisindən terrorçular üçün sığınacaq kimi istifadə edilir”
07 oktyabr 2010 14:04 (UTC +04:00)

“Dağlıq Qarabağ ərazisindən terrorçular üçün sığınacaq kimi istifadə edilir”

Oktyabrın 5-6-da Soçidə təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin Birinci Beynəlxalq Görüşü keçirilib.



Prezident Administrasiyasından APA-ya verilən məlumata görə, tədbirdə BMT baş katibinin müavini Yuri Fedotov, dünyanın 43 ölkəsindən Təhlükəsizlik şuralarının katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik məsələləri üzrə köməkçiləri, güc strukturlarının rəhbərləri iştirak ediblər. Görüşü açıq elan edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev prezident Dmitri Medvedyevin təbrikini oxuyub. BMT baş katibi Pan Gi Mun da tədbirə təbrik məktubu göndərib.


Azərbaycanı görüşdə Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov təmsil ediblər.


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Birinci Beynəlxalq Görüşdə “Transmilli cinayətkarlıq, onun daha təhlükəli növləri arasında əlaqə” və “Qlobal informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlər” mövzularında məruzə ilə çıxış edib. Transmilli cinayətkarlıq mövzusuna həsr olunmuş məruzəsində Ramiz Mehdiyev Azərbaycan ərazilərinin bir hissəsinin işğal olunması kontekstində dünyada beynəlxalq mütəşəkkil cinayətkarlıq fəaliyyətindən qaynaqlanan təhdidləri xatırladıb. O qeyd edib ki, “boz zonalar” adlandırılan çərçivədə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatların terrorçu qruplaşmalarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və ən təhlükəli tendensiyalardan biridir: “Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonda məhz belə nəzarət olunmayan zona yaradılıb. Daxil olan operativ informasiyalar və sübuta yetirilmiş faktlar tam şəkildə söyləməyə əsas verir ki, bu ərazi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan ticarəti, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə edilir. Qeyd olunan zona və ona bənzər ərazilər milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda yerləşdiyinə görə qeyd olunan təhdidlərə vaxtında adekvat reaksiya vermək mümkünsüz olur. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə həm də milli və regional təhlükəsizliyin təmin olunması, terrorçuluq və digər təhdidlərin qarşısının alınması işinin bir hissəsi kimi baxırıq”.


İnformasiya cəmiyyəti şəraitində koordinasiya olunmuş fəaliyyətin zəruriliyini qeyd edən Ramiz Mehdiyev bildirib ki, Azərbaycan tez-tez açıq informasiya təxribatı halları ilə üzləşir: “Ümumdünya şəbəkəsində separatçılıq fəaliyyətinə açıq çağırışlar müşahidə olunur, dövlətlərin ərazi bütövlüyü şübhə altına alınır, ölkənin rəhbərləri, ictimai-siyasi xadimlər təhqir obyektinə çevrilir. Qeyd etmək lazımdır ki, bu kimi fəaliyyət Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistanın informasiya strukturları tərəfindən tez-tez həyata keçirilir. Qeyd etdiyim “informasiya silahı” ilə yanaşı Azərbaycanın informasiya resurslarına xaker hücumları həyata keçirilir”.



Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev səfər çərçivəsində Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Raisa Boqatıryova, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Malçev, İsveçrə Konfederasiyasının müdafiə, əhalinin müdafiəsi və idman federal departamentinin təhlükəsizlik siyasəti məsələləri üzrə idarəsinin rəisi Kristian Katrinlə görüşüb. Görüşlərdə geniş fikir mübadiləsi aparılıb, regionda və dünyada təhlükəsizlik məsələləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
# 872

Oxşar yazılar