“Ermənistandakı Rusiya bazası Gürcüstanın təhlükəsizliyinə təhdiddir”
04 oktyabr 2010 16:02 (UTC +04:00)

“Ermənistandakı Rusiya bazası Gürcüstanın təhlükəsizliyinə təhdiddir”

“Ermənistandakı Rusiya hərbi bazası Gürcüstanın təhlükəsizliyinə təhdiddir”.




APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, bu bəyanatı Ermənistanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze səsləndirib. APA-ya açıqlamasında Rusiya hərbi bazasının həm Gürcüstanın, həm də Ermənistanın suverenliyinə təhlükə törətməsi haqda söylədiyi sözlərə dair sualı cavablandıran Q. Vaşadze deyib ki, o ifadəni Ermənistanla bağlı işlətməyib: “Ermənistan suveren ölkədir və milli təhlükəsizliyinə hansı təhlükəsizlik sisteminin uyğun olduğuna özü qərar verir”. Bununla yanaşı, nazir bildirib ki, Gürcüstan da suveren ölkədir və bölgədə Rusiya hərbi bazasının mövcudluğu məsələsini şərt etmək hüququna malikdir. O, 1920-21-ci illərdə bölgənin hər üç ölkəsinin (Gürcüstan, Azərbaycan, Ermənistan) öz müstəqilliyini itirdiyini söyləyərək Rusiya bazalarının Azərbaycana da təhlükə olduğunu işarə edib.


Q. Vaşadze Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycanla konfederasiya yaradılması barədə bəyanatını da şərh edib. Onun sözlərinə görə, M. Saakaşvili konfederasiya sözünü məcazi mənada işlədib. Nazir qeyd edib ki, Gürcüstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq çərçivəsindən də irəli gedib: “Prezidenti Saakaşvili çok mahir natiqdir və heç vaxt emosional bəyanatlar vermir”.


Nazir Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin “dil və təhsil problemi” haqqında sualı da cavablandırıb. O, erməni jurnalistin “Cavax” sözünə etirazını bildirib: “Mən sizin hansı problemlərə istinad etdiyinizi anlamıram. Əvvəla, Cavax nədir, mən bilmirəm, çünki dünyanın coğrafi xəritəsində, o cümlədən Gürcüstanda bu adda yer yoxdur. İkincisi, mən sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, Gürcüstanda dövlət proqramı çərçivəsində 103 erməni məktəbi təmir edilib. Özü də bu, həmin bölgədəki gürcü məktəblərindən əvvəl həyata keçirilib”.
# 641

Oxşar yazılar