Qarabağ İctimai Forumunun toplantısı keçirilib
01 oktyabr 2010 17:44 (UTC +04:00)

Qarabağ İctimai Forumunun toplantısı keçirilib

Oktyabrın 1-də Qarabağ İctimai Forumunun (QİF) növbəti toplantısı keçirilib. Toplantıda QİF-in Qarabağ problemi ilə bağlı təbliğat işlərinin təkmil forma və metodlarının müəyyən edilməsində vətəndaş cəmiyyətinin rəyini öyrənmək üçün aparılan sorğunun son nəticələri təhlil olunaraq qəbul edilib. Xalq şairi Sabir Rüstəmxanlının Qarabağın tarixindən bəhs edən “Difai fədailəri” adlı yeni kitabının təqdimatının və “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı fotosərginin Ağdamın Quzanlı kəndində nümayişinin vaxtı dəqiqləşdirilib. Hər iki tədbirdə QİF-in yaradıcıları da yaxından iştirak edəcək. Bu barədə Lent.az-a QİF-in sədri Umud Rəhimoğlu məlumat verib. O, toplantıda QİF-in təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq bir çox qərarlar qəbul edildiyini dedi: “Sorğunun nəticələri təhlil olunub, geniş şəkildə müzakirə edilərək qəbul edildi. Nəticələr göstərdi ki, Azərbaycan cəmiyyəti Qarabağ probleminə çox həssaslıqla yanaşır. Bu istiqamətdə iş görən təşkilatlar, insanlar cəmiyyətin diqqətindədir. Sözügedən sorğunun statistik nəticələrini yaxın günlərdə geniş şəkildə ictimaiyyətə təqdim olunması qərara alındı. Tədbirdə Qarabağ İctimai Forumunun yaradıcıları Forumun mükafatının və diplomunun təsis edilməsini də müzakirə etdi. Qısa zamanda bu mükafatın əsasnaməsi hazırlanacaq. Biz çalışacağıq ki, bu nüfuzlu və səviyyəli bir mükafat olsun”.

Toplantıda QİF-ə üzv olmaq üçün çoxlu sayda müraciətlər olduğunu deyən U.Rəhimoğlu bu məsələnin də müzakirə olunduğunu, amma hər hansı bir qərar qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda QİF-ə yeni üzvlərin qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, toplantıda QİF-in yaradıcılarından millət vəkilləri Cəmil Həsənli, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, “Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov və “İnam” Plüralizm mərkəzinin rəhbəri Vahid Qazı iştirak edib.
# 671

Oxşar yazılar