Vüsalə Mahirqızı: “Mənə böyüklərim qane olmağı və şükür eləməyi bacarmağı öyrədiblər” - MÜSAHİBƏ
01 oktyabr 2010 13:18 (UTC +04:00)

Vüsalə Mahirqızı: “Mənə böyüklərim qane olmağı və şükür eləməyi bacarmağı öyrədiblər” - MÜSAHİBƏ

Altı il əvvəl bu agentlik fəaliyyətə başlayanda çoxları "adi və ötəri layihədir" deyib qərar çıxarmışdılar. Həqiqətən, Qulu Ağsəs demişkən, yalnız Bakı mətbuatından ibarət olan Azərbaycan mediası və media bazarı çox belə layihələr görmüşdü. Adını çəkməyəcəm. Bir agentlik var, adından başqa heç nəyə yaramır. Nə olsun ki, yaxşı para quyusudur. Ancaq APA onlardan olmadı. Ötən illər ərzində təkcə adını doğrultmadı, həm də genişləndi. Dəyərli yazarların, jurnalistlərin yığışdığı nəhəng media quruma çevrildi. Şəxsən mən bu uğurlarda idarəetmənin rolunu birinci yerə qoyuram. Bu şirkətdə çalışan jurnalist dostlarımın zəhmətlərini, istedadlarını danmamaq şərti ilə Vüsalə Mahirqızının idarəetmə qabiliyyətini və bacarığını xüsusi qiymətləndirirəm. Mənim üçün çoxdan tanıdığım Vüsalə Mahirqızı bir insan kimi də maraqlıdır.

İlham Tumas

- İndiki halda Vüsalə Mahirqızı özünü bir jurnalist, yoxsa media meneceri statusunda görür?

- İndiki halda mən özümü daha çox menecer, iş icraçısı, idarəçi hesab edirəm. Düzdü, Azərbaycan mediasında, bəzən xarici mediada da müəyyən yazılar yazıram, amma bunlar epizodik xarakter daşıyır. Mənim fikrimcə, jurnalist o şəxsə deyirlər ki, o, həqiqi jurnalist fəaliyyətiylə məşğul olur. Yəni, yazı yazır, mütəmadi olaraq yaradıcılıqla məşğul olur və gördüyü işdən pul alır, yaşayır. Çünki peşəkar o zaman peşəkar olur ki, həmin sahədən pul qazanır və onun hesabına yaşayır. Mən faktiki olaraq indi yazı yazdığıma görə yox, media qurumunu idarə elədiyimə görə maaş alıram. Bu baxımdan özümü daha çox media meneceri hesab edirəm və bu sahədə daha uğurla fəaliyyət göstərəcəyimi düşünürəm.

- Axı, Vüsalə Mahirqızı imzası da olub və var...

- Düzdü, Vüsalə Mahirqızı imzasını mən jurnalist kimi qazanmışam, amma o adı mən daha çox media qurumunun rəhbəri kimi doğrultmuşam. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda bu sahədə boşluq var. Mən də jurnalistika sahəsində davamlı olaraq yazılar yazıb özümü kifayət qədər məşhurlaşdıra bilərdim, amma APA-nı yaradanda gördüm ki, həm yazı yazıb, həm media qurumunu idarə eləmək uğursuzluqla nəticələnir. Düşünürəm ki, adam adətən daha çox bacardığı və sevdiyi, daha çox xeyir verdiyi işlə məşğul olmalıdır və bir sahəyə özünü sərf eləməlidir. Dediyim kimi, media inzibatçılığı ilə bizim peşəkarlara daha çox ehtiyacımız var. Ancaq yazını yazmaq birinci mərhələdirsə, əsas məsələ yazını satmaqdır. Bu baxımdan mən özümü daha çox bu sahəyə sərf elədim və tam 6 ildir bu işi öyrənməklə məşğulam.

- Sizinlə təxminən eyni nəsildən olan jurnalistlərik. Bəzən sizin və mənim tanıdığım insanları bir sual düşündürür: niyə məhz Vüsalə Mahirqızı? Sizcə, burda hansısa qanunauyğunluq varmı, yoxsa hər şey şansa bağlıdır?

- Xüsusi bir formulun olduğunu düşünmürəm. Təbii ki, burda insanın bacarığının da rolu var, şansın da. Mən heç vaxt iddia eləmirəm ki, Azərbaycan jurnalistikasında məndən daha yaxşı qələmi, bacarığı və idarəetmə qabiliyyəti olan insanlar yoxdur. Əksinə, o qədər istedadlı qələm sahibləri var ki. Sadəcə, mən Azərbaycanda yeni medianın nə olduğu o qədər də bilinməyən zamanda - 2000-ci ilin əvvəllərində bu işlə məşğul olmağa başladım. Daha çox da bu sahənin idarəçilik, menecmentlik tərəfini öyrəndim və bu sahədə məşhurlaşdım.

Mənim burda daha çox önə çıxmağımın bir səbəbi də bu sahəyə daimi iş yeri kimi baxmağım oldu. Çox təəssüf ki, bir çox hallarda bizim nəslin insanları mediaya tramplin kimi baxırdılar, çox tez uğur qazanıb, parlayıb, digər qurumlara transfer olunmaq barədə düşünürdülər. Mən daha çox bu sahədə qalmaq və burda inkişaf eləmək barədə düşündüm. Hesab edirəm ki, bunun da rolu var. Çünki jurnalistlik fəaliyyətim dövründə mənə dəfələrlə dövlət qurumlarından iş təklifi oldu, ancaq onların hamısından imtina elədim, çünki bu sahədə qalmaq istəyirdim. Yəni, böyük bir media qurumu yaratmaq və onun rəhbəri olmaq istəyirdim. O baxımdan mənə elə gəlir ki, israrın və iddianın da rolu var. Ətrafımdakıların dediklərinə görə, mən çox inamlı və inadkar, inandığım şeyi əldə eləyən insanam. Mən həmişə hər şeyə səbrlə yanaşıram və istədiyimi 5 gün tez, 5 gün gec əldə eləyirəm. Hədəf varsa, ona çatmaq lazımdı.

- Etiraf edim ki, seçkilərə qatılacaq media nümayəndələri barədə fikirləşəndə sizin adınız birinci yada düşürdü. Bilmirəm, nədənsə hesab edirdim ki, uğurlu APA-nın rəhbəri millət vəkili olmaq istəyəcək. Belə olmadı...

- Mən bu gün çox yaxşı nüfuza və strateji əhəmiyyətə malik qurumun rəhbəriyəm. İnanıram ki, indi mənim olduğum yerdə olmaq istəyən çoxlu həmyaşıdım var və bu, məni sevindirir. Olduğum yerin strateji əhəmiyyətinin, etimadın fərqindəyəm. Mənə böyüklərim qane olmağı və şükür eləməyi bacarmağı öyrədiblər. "Tutduğum mövqe mənim üçün çox kiçikdi" düşüncəsini və bu iddianın sahiblərini heç vaxt qəbul eləməmişəm.

Mənim üçün bundan sonra da özümün və təmsil elədiyim qurumun hörmətini qoruyaraq irəliyə doğru addımlaya bilmək daha mühümdür. Cəmiyyətdə artıq formalaşmış bir statusum var və bu nüfuzu, hörməti məhz agentlik direktoru kimi əldə etmişəm.

İnanıram ki, Mətbuat Şurasında təmsil olunmağım, "əməkdar jurnalist" adına layiq görülməyim necə lazımi məqamda baş verdisə, bundan sonrakı irəliləyişlərim də lazım olanda bu templə davam edər. Əsas hardasa olmaq deyil, əsas odu ki, sən lazım olan və bilinən məqamda lazımi yerdə olub, orda göstərilən etimadı doğrultmağı bacarasan.

- Mənə rastlamasa da, tünd xasiyyətinizin olduğunu deyirlər. Bildiyimə görə, idarəetmədə də kifayət qədər sərtsiniz. Xarakterdir, yoxsa günün tələbləri?

- Prinsipdir. Əgər mən kiməsə şəxsi mənafeylə bağlı sərt davranıramsa, o zaman o adamların məndən inciməyə haqqı olar. Bizim işə dəvət etdiyimiz bir çox adamlar var ki, mənim sərtliyimdən dolayı çox yaxşı işdən, maaşdan imtina eləyiblər. Amma insan bacardığı işlə məşğul olursa, həmin insana çox hörmətim var. Bacarmadığı işlə məşğul olan adam artıq özü özünə hörmət eləmir, özünə hörmət eləməyənə mən niyə sayğı duymalıyam ki?

Ən acığım gələn məsələlərdən biri də "müdirin sevimli işçiləri" məsələsidir. Mənim heç zaman sevimli işçilərim olmayıb. Burda birinci müavindən tutmuş, sıravi işçiyədək hər kəs işini görə bilən işçidir. Mənim adamlara münasibətim yalnız onların işini bacarmaq qabiliyyəti ilə bağlıdır. Mən hətta ən yaxın adamlarımı belə işini bacarmadığı üçün işdən çıxarmışam. Mənim prinsipimə görə, insanlar onlara həvalə olunan işi yaxşı bacarmalıdırlar və hesab edirəm ki, bu prinsip olmasaydı, bu media qurumu da olmazdı. Bu gün gənc bir jurnalist APA-nın adı ilə istənilən quruma zəng eləyib, asanlıqla informasiya ala bilər. Çünki APA-nın brendi altında işləyir. Ancaq hər hansı brend altında işləmək asandır, bacarıqlı və qabiliyyətli insanlar bu brend altında təkcə işləmirlər, həm də ona nüfuz gətirirlər. Məsələn, bir də görürsən kimsə işini bacarmır, ancaq ona loyal münasibət olur. Bunun səbəbini soruşanda deyirlər ki, "yaxşı oğlandır və ya yaxşı qızdır". Axı, yaxşı oğlan və ya yaxşı qız olmaq status deyil. Yaxşı oğlan və ya yaxşı qızın ad gününə hədiyyə alaram, kömək edərəm, qonaqlıq verərəm, ancaq işlə bağlı heç kimə güzəşt olmamalıdır.

- Bir müddət əvvəl telekanal rəhbəri gedəcəyinizlə bağlı söhbətlər gəzirdi. Hətta konkret telekanalın adı da çəkilirdi. Ciddi bir şey vardı?

- Zaman-zaman belə söhbətlər ortaya çıxır. Bəlkə adamlar hesab edirlər ki, mən artıq APA-da qalmamalıyam, başqa yerə getməliyəm, bunu anlaya bilmirəm. Ümumiyyətlə, mənim üçün dostlarımın, böyüklərimin öyrətdiyi iki məsələ var ki, zaman-zaman buna əməl eləməyə çalışıram. Bunun biri səbr, o birisi isə şükür eləməkdi. Bunların hər ikisi mənim üçün çox önəmlidir. İndi APA-da hər şey çox yaxşıdır, amma görüləsi çox iş də var. Bizim yeniliklərimiz olacaq. Bir qadını, bir insanı xoşbəxt eləyə biləcək nələr varsa, hamısı məndə var. Buna görə çox şükür eləyirəm. Bir də mənim bir prinsipim var - "başını aşağı sal işlə, bir gün mütləq səni görəcəklər". Bir də ilahi ədalət deyilən bir şey var. Mən ona inanıram. Sualınızın konkret cavabına gəldikdəsə bu məsələnin necə ortaya çıxdığını bilmirəm. Hər halda mənə belə bir təklif olmayıb. Ancaq olsa, dəyərləndirərəm. Məsələn, beş il əvvəl mənə telekanal rəhbərliyi vəzifəsini təklif eləsəydilər, birmənalı şəkildə razılaşmazdım. Amma bu gün özümü buna hazır bilirəm.

- Şəxsən mənim çalışdığım telekanalda sizi yolagəlməz qonaq hesab eləyirlər. Verilişlərə qatılmaqdan niyə belə qaçırsınız?

- Mənim bütün televiziya kanallarına və onların rəhbərlərinə hörmətim var. Hamısından da qarşılıqlı olaraq o hörməti görürəm. Sadəcə, müəyyən telekanallardan mediadan kənar müzakirələrlə bağlı təkliflər olur, ancaq mən demək olar ki, həmişə imtina eləyirəm. Bir də bilirsiniz, necə deyərlər, "hərşeyşünas" olmaq istəmirəm. İndiki halda mən media rəhbəriyəm. Media ilə bağlı istənilən müzakirələrə hazıram. İctimai TV-də də sırf mediayla bağlı müzakirələr olur deyə, orda iştirakçıyam. ATV-də, yaxud ANS-də bu tip verilişlər olarsa, məmnuniyyətlə iştirak eləyərəm.

- Qadın kimi özünüzü ictimai həyatda necə hiss edirsiniz?

- İstəyirəm ki, birinci növbədə mənə ictimai mövqeyi olan insan, sonra bir qadın kimi yanaşsınlar. Mən cəmiyyətdə qadın obrazının yox, media qurumunun təmsilçisi kimi görünmək istəyirəm.

- Mövqeyinizdən feminizm qoxusu gəlir.

- Hə, bir az feministəm.

- Qadınlığınızı itirməkdən qorxmursunuz?

- Yox, elə deyil. Düşünürəm ki, qadın hansı vəzifədə olmağından, hansı işi görməyindən asılı olmayaraq qadınlığını saxlamalıdır. Mütləq səliqəli olmalıdır, geyiminə, görünüşünə fikir verməlidir. Xanımın davranışları, yerişi, geyimi, hətta danışarkən, mübahisə eləyərkən belə xanımlığı yerində olmalıdır. Mən hansısa bir məclisə, hansısa bir toplantıya gedəndə, orda olan beş kişi mənə hörmətlə baxmasa, heç olmasa, ayağa qalxmasalar, özümü çox pis hiss eləyərəm. Bu artıq xanımlığa hörmətdir. Xanımın kriteriyaları var. Hər bir xanımın özünə görə bir obrazı var. Məsələn, mən qışqıra-qışqıra efirdə, yaxud hansısa məclisdə danışan qadını qəbul eləyə bilmirəm. Emosiyaların elə bir həddi olar ki, insan qışqıra bilər, amma qışqıraraq başqasının üstünə yeriyən qadın bir obraz deyil. Bizdə elə millət vəkilləri, elə jurnalist xanımlar var ki, cəmiyyətdə onların xanımlıqları işlərindən əvvəl gəlir. Mən elə istəmirəm və xanımlığın verdiyi imtiyazlarla tanınmaq istəmirəm. Əgər xanım ictimai həyatdadırsa, birinci növbədə onun ictimai mövqeyi nəzərə alınmalıdır, ikincisi xanımlığı. Mənə görə bundan yararlanıb ictimai həyatda önə çıxmaq doğru sayılmamalıdır.

Mənbə: “Ekspress” qəzeti
# 1256

Oxşar yazılar