Mübariz Qurbanlı: “Biz dialoqa hamını dəvət edirik” - MÜSAHİBƏ
06 mart 2009 14:00 (UTC +04:00)

Mübariz Qurbanlı: “Biz dialoqa hamını dəvət edirik” - MÜSAHİBƏ

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının Lent.az-a müsahibəsi

- Səlahiyyətli nümayəndəsi olduğunuz “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun apardığı təşviqat işləri nə yerdədir?

- Təşviqat qrupumuz referenduma çıxarılan layihənin lehinə geniş, çoxşaxəli, məqsədyönlü, böyük təşviqat aparmaqdadır. Hər gün yüzlərlə tədbir keçiririk. İndiyədək 1500-dən yuxarı müxtəlif xarakterli tədbirlər keçirmişik. Bu isə yüz minlərlə Azərbaycan seçicisini əhatə edib. Konkret rəqəm desək, indiyədək 1 milyondan yuxarı seçicini əhatə edən təşviqat kampaniyası aparmışıq. Əminik ki, apardığımız təşviqat seçicilərə Konstitusiya dəyişikliklərinin geniş, ətraflı çatdırılmasında rol oynayacaq və vətəndaşlar referendumda həmin dəyişikliklərin lehinə səs verəcəklər.

- Dağlıq Qarabağ münaqişəsi mövzusunda iqtidar-müxalifət dialoqunun olacağı ilə bağlı açıqlamalar verilir. Həmkarınız Siyavuş Novruzov da dialoqun 18 mart referendumundan sonra reallaşa biləcəyini deyib. Bu mövzuda Sizin fikirləriniz nədir? Ümumiyyətlə, belə bir dialoqa ehtiyac varmı?

- Yeni Azərbaycan Partiyası bütün cəmiyyət, siyasi qüvvələr, qeyri-hökumət təşkilatları üçün açıq bir təşkilatdır. Partiyanın qapısı dialoq üçün hər kəsə açıqdır. Biz indiyə qədər də müxtəlif mövzularda siyasi qüvvələrlə dialoq mühitində müzakirələr, mükalimələr, dəyirmi masalar keçirmişik. Bundan sonra da biz müxtəlif mövzularda tədbirlər keçirəcəyik, buraya da ayrı-ayrı siyasi partiyaları dəvət edəcəyik. Hesab edirik ki, Azərbaycan özü dialoq mühitində fəaliyyət göstərir, cəmiyyətdə bir dialoq mühiti var. Bəzi siyasi qüvvələr cəmiyyətdən kənarda – azlıqda qalaraq bu mühitdən kənarda olmaqlarını dialoqun olmaması kimi izah etməyə cəhd göstərirlər. Ancaq cəmiyyət dialoq mühitindədir, Yeni Azərbaycan Partiyası da hər bir məsələ üzrə dialoqa hazırdır.

- Aparılan növbəti dialoqlara konkret olaraq Müsavat, AXCP, ADP, KXCP çağırılacaqmı?

- Bilirsiz, biz bir məsələni müzakirə edəndə bütün siyasi qüvvələri dəvət edirik və bizim müzakirələr açıq xarakterlidir. Dəvəti qəbul edib gələnlərlə biz istənilən mövzuda müzakirə aparırıq. Eyni zamanda, bizi dəvət edən istənilən siyasi qüvvənin keçirdiyi dəyirmi masada iştirak edərək mövqeyimizi açıqlayırıq. Hesab edirik ki, bu özü elə dialoq deməkdir. Dialoq nədir? Dialoq yəni müəyyən qüvvələrin üz-üzə oturub məsələ müzakirə etməsidir. Biz hamını dəvət edirik, adını çəkdiyiniz qüvvələri də, kim istəsə gələ bilər. Bizi də dəvət edəndə iştirak edirik.

- Referendumla bağlı İTV-də keçirilən dəyirmi masa zamanı “Yeni Azərbaycan” təşviqat qrupu ilə qarşı tərəf arasında gərginlik yaşandı. İkinci pulsuz efir vaxtında isə qarşılıqlı olaraq daha sərt açıqlamalar səsləndirildi. Bu cür gərginlik iqtidar-müxalifət dialoqunun baş tutmasına mane ola bilərmi?

- Elə bunun özü də dialoqdur. Dialoq debatdır, açıq oturumdur, fikir mübadiləsidir, mübahisədir. Televiziyada bizim müxalifətdən olan təşviqat qrupları ilə Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı apardığımız söhbətlər mövqelərin üz-üzə gəlməsi, mövqelərin aydınlaşdırılmasıdır. Biz mövqeyimizin haqlı, ədalətli, hüquqi olduğunu dərk edirik, bilirik, bunu da çatdırırıq. Təəssüf edirik ki, qarşı tərəf hüquqi nihilizmə yuvarlanıb, “hər şeyi inkar” yolunu tutub. Bu isə müəyyən mənada həmin debatlara və onların aparılmasına bir növ mənfi təsir göstərə bilir. Ancaq biz səbrliyik, dözümlüyük və ortada hər hansı bir məsələ olarsa, onu səbrlə qarşı tərəfə və cəmiyyətə izah etməyə hazırıq.

- Qarşılıqlı sərt açıqlamalar əslində səmimi dialoqun baş tutmamasına səbəb ola bilərmi?

- Dialoq baş tutması üçün mən hansısa radikal müxalifət nümayəndəsilə bir masa arxasında oturmalıyam? Cəmiyyət dialoq mühitindədir. Əgər kimsə bu və ya digər tədbirə qatılmırsa, onun qatılmaması həmin tədbirin əhəmiyyətini azaltmır, tədbirin gedişinə mənfi təsir göstərmir. Biz, dediyim kimi, gələcəkdə də müxtəlif tədbirlər keçirəndə bütün siyasi qüvvələri dəvət edəcəyik. Kim iştirak edəcək, yaxud etməyəcək, bu, onun daxili işidir. Sərt açıqlamalara gəldikdə, əgər kimsə qaraya ağ, ağa qara deyirsə, həqiqəti yalan kimi göstərmək istəyirsə, ona sərt mövqe ilə cavab verməkdən başqa yol qalmır.

- Referendumdan sonrakı dövr üçün Azərbaycanın siyasi həyatını necə görürsünüz?

- Hesab edirəm ki, Azərbaycanın ictimai-siyasi həyatındakı hadisələr çox normal məcrada inkişaf edir. Prezidentimiz cənab İlham Əliyevin siyasəti xalq tərəfindən müdafiə olunur. İnşallah referendumdan sonra bələdiyyə seçkilərinə hazırlıq prosesi başlanır. Yeni Azərbaycan Partiyası olaraq bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbirlərimizi həyata keçirəcəyik. Namizədlərimizi hazırlamaq və irəli sürməklə bağlı işlərimizi davam etdirəcəyik. Ümumilikdə Azərbaycan cəmiyyətinin ictimai, siyasi, iqtisadi, sosial, mənəvi, psixoloji durumunu yüksək dəyərləndirirəm. Və hadisələrin inkişafını millətimizin, xalqımızın mənafeyinə uyğun olduğunu qəti şəkildə söyləyə bilərəm.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449

Oxşar yazılar