Dağlıq Qarabağın Azərbaycanlı İcması fəaliyyətini yenidən quracaq
05 mart 2009 19:15 (UTC +04:00)

Dağlıq Qarabağın Azərbaycanlı İcması fəaliyyətini yenidən quracaq

Dağlıq Qarabağın Azərbaycanlı İcması fəaliyyətini yenidən quracaq və daha da aktivləşdirəcək.
"İcmanın yeni rəhbərinin seçilməsi fəaliyyətimizi daha geniş səviyyədə qurmağa imkan verəcək", - cümə axşamı Trend News-a "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin həmtəsisçisi, millət vəkili Həvva Məmmədova bildirib.
Məmmədovanın sözlərinə görə, 2009-cu ildə icmanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan sülh danışıqları prosesində iştirakı daha intensiv olacaq.
"Düşünürəm ki, icmanın yeni rəhbəri bu məsələdə olduqca işgüzar fəaliyyət göstərəcək. Biz həmtəsisçilər isə ona hər cür dəstək verməyə hazırıq", - millət vəkili əlavə edib.
Onun fikrincə, icma, fəaliyyətinin uğurlu olması üçün münaqişənin nizamlanmasına vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx əməkdaşlıq etməlidir. "Biz çalışacağıq ki, həmsədrlər regiona səfərləri zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi ilə də görüşsünlər. Biz nizamlama prosesində fəal olarıqsa, düşünürəm ki, bununla həm də Azərbaycan Prezidentinin problemin həlli ilə bağlı qətiyyətli mövqeyini dəstəkləmiş olacağıq", - Məmmədova qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Bayram Səfərovu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Səfərov həm də "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri seçilib.
Birlik 2006-cı ilin oktyabr ayında dövlət qeydiyyatından keçib. Birliyin ilk rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov 2008-ci il sentyabrın 13-də vəfat edib. Milli Məclisin deputatları Həvva Məmmədova ilə Elman Məmmədov icmanın həmtəsisçiləridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar