Muzdlu ordu, yoxsa “Vətən çağırır”? - ARAŞDIRMA
24 fevral 2009 17:00 (UTC +04:00)

Muzdlu ordu, yoxsa “Vətən çağırır”? - ARAŞDIRMA

Azərbaycan hələlik qarışıq sistemə üstünlük verir

2015-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində müqaviləli heyətin sayının 50%-dək artırılması və bir sıra spesifik birləşmələrdə mükəlləfiyyətli heyətin peşəkar heyətlə tam şəkildə əvəz edilməsi planlaşdırılır. Artıq 2005-ci ildən bu istiqamətdə işlərə başlanılıb və bir sıra birləşmələrdə bu proses yekunlaşmaq üzrədir. Müdafiə Nazirliyinin tabeliyində müqavilə əsasında xidmətə cəlb olunanlardan ibarət bir neçə briqada formalaşdırılıb. Sahil Mühafizəsində müqaviləli (peşəkar) heyətə keçid prosesi yekunlaşmaq üzrədir. Digər qoşun birləşmələrində, o cümlədən xüsusi təyinatlı dəstələrdə müqaviləli heyətə keçid prosesi davam edir.

Hazırda dünyanın bir sıra ölkələrinin Silahlı Qüvvələrində mükəlləfiyyətli heyətdən imtina olunub. Ordu müqavilə əsasında xidmətə cəlb olunmuş şəxslərdən formalaşdırılır. Buna misal olaraq Avropa Birliyinə üzv ölkələrdən Danimarka, Niderland, Belçika, o cümlədən qonşu Gürcüstanı göstərmək olar. Bu ölkələrin Silahlı Qüvvələrinin döyüşən hərbi hissələrinin şəxsi heyətinin demək olar ki, 100%-ni müqaviləli heyət təşkil edir.

Müqaviləli ordunu bəzən muzdlu ordu da adlandırırlar. Bununla belə, öz ölkəsinin vətəndaşlarından təşkil olunan bu ordularda xidmət müqabilində hərbçilər yüksək əməkhaqqı alır, sığorta olunur, ailələrinə bir sıra güzəşt və imtiyazlar verilir, həmçinin sosial problemləri dövlət tərəfindən həll olunur.

Müqavilə əsasında orduya şəxsi heyətin seçimi zamanı bir sıra meyarlar, o cümlədən namizədin yaş həddi, səhhəti, fiziki görünüşü, savadı, psixoloji durumu və s. nəzərə alınır.

NATO-nun bir sıra ölkələrində müqaviləli ordu mövcud olsa da Yunanıstan və Türkiyə kimi dövlətlər yaxın 5 ildə bu praktikanın tətbiqinə başlamağı planlaşdırırlar. Yunanıstanın müdafiə nazirinin bu yaxınlarda verdiyi açıqlamaya görə, bir neçə ildən sonra dəniz donanması və xüsusi təyinatlı qoşunlarda mükəlləfiyyətli heyət xidmət etməyəcək.

Türkiyədə isə müqaviləli heyət əsasən xüsusi təyinatlı qoşunlarda və dəniz qüvvələrindədir. “Bordo bereli”lər və SAS-SAT komandoları müqavilə əsasında formalaşdırılır.

2005-ci ildən Gürcüstan Silahlı Qüvvələrinin müqavilə əsasında formalaşdırılmasına başlanıb. 2008-ci ildə Gürcüstanın mövcud 30 min nəfərlik hərbi qüvvəsinin 28 min nəfərini müqavilə əsasında xidmətə cəlb olunanlar təşkil edib. Son illər ordunun strukturunda, eləcə də bununla əlaqəli qanunvericilik bazasında köklü dəyişikliklər aparan Gürcüstan Silahlı Qüvvələri demək olar ki, tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. Hazırda gürcü ordusu müqavilə əsasında komplektləşdirilir və döyüş hazırlığına görə, MDB orduları arasında ilk yerlərdə dayanır.

Azərbaycanda isə Müdafiə Nazirliyinə bağlı 2 briqadanın tam şəkildə müqavilə əsasında xidmətə çağırılan şəxslərdən təşkil edildiyi bildirilir. Bu briqadalar ordunun əsas zərbə qüvvəsi sayılır. Bundan başqa, orduda müqaviləli heyətin sayı ilbəil artır. Orduda il yarımlıq xidmətini başa vuran, xidmət müddətində fərqlənmiş əsgərlərə orduda qalıb işləmək təklif olunur. Onlar müəyyən kurs keçdikdən sonra hərbi hissələrdə müxtəlif vəzifələrə təyin olunurlar. Artıq hərbi hissələrdə sürücülərin əksəriyyəti, həmçinin tankçılar, snayperlər, raket qoşunlarında, Hərbi Dəniz Qüvvələrində miçmanlar müqavilə əsasında xidmətə cəlb edilənlərdir.

Yaxın 6 il ərzində Sərhəd Qoşunlarının şəxsi heyətinin və müqaviləli heyətlə əvəzlənməsi nəzərdə tutulur. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin heyətinin yarıdan çoxu artıq müqavilə əsasında xidmət edir.

Sabiq müdafiə naziri Dadaş Rzayevin fikrincə, kifayət qədər təcrübəli və əsgərlərdən daha yaxşı təlimlər görmüş bu briqadalar hərbi əməliyyatlar başlanacağı təqdirdə hücuma keçən ordunun zərbə qüvvəsi olacaq. Bu qüvvələr həm də döyüş əməliyyatlarının gedişinə təsir göstərə biləcəklər.

“Azərbaycan ordusunun ilk taborları təcrübəli, hərbi xidmət keçmiş şəxslərdən formalaşdırılırdı. Onlar döyüşlərin taleyinə təsir göstərmək imkanına malik idilər. Həm də gənc əsgərləri döyüşə apara bilirdilər. Hamı bu taborlarda döyüşmək istəyirdi”, - deyə D. Rzayev qeyd edib.

Hərbi ekspert İldırım Məmmədov hesab edir ki, hazırkı şəraitdə bir sıra spesifik hərbi birləşmələrdə, məsələn, Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, xüsusi təyinatlı qoşunlar, artilleriya qoşunları, tank birliklərində əsgər heyətin müqaviləli peşəkar heyətlə əvəz edilməsi zəruridir və buna imkanlar da var.

“Orduda müqaviləli heyətin sayının artırılması ilk növbədə xidmətin keyfiyyətinin yüksəlməsinə təsir göstərir. Digər tərəfdən, sosial baxımdan çoxlu sayda vətəndaşın işlə təmin olunması deməkdir”, - deyə ekspert vurğulayıb.

Orduya çağırışdan imtina edilsinmi?

Müqavilə əsasında peşəkar orduya keçid o demək deyil ki, dövlət çağırışçılardan tam imtina etməlidir. Bu gün Azərbaycanda ekspertlərin böyük əksəriyyəti hökumət rəsmiləri ilə eyni fikirdədirlər: ordu qarışıq əsasda formalaşdırılmalıdır. Bunun da bir sıra əsasları var.

Qeyd edək ki, nümunə olaraq götürdüyümüz Gürcüstan Silahlı Qüvvələrində çağırışçılar demək olar ki yoxdur. Amma Gürcüstanda vətəndaşlar hərbi xidmətə çağırılır. Hərbi xidmətə yararlı vətəndaş ildə 18 gün hərbi təkmilləşdirmə kursu keçir. Onlara hərbi geyimləri və ləvazimatları verilər. Müharibə zamanı hansı hərbi hissədə olacağı, səfərbərlik zamanı onun daxil olduğu hərbi hissənin harada formalaşdırılacağı barədə məlumatlar verilir.

Gürcülərin 18 günlük ehtiyat əsgər hazırlığı aşağıdakı kimi bölünür:

- 1 gün rezervistlərin təlim yerinə gəlməyi, bununla əlaqədar təşkilatçılıq işlərinə;

- 4 gün atəş hazırlığına;

- 8 gün döyüş və s. taktikasının öyrənilməsinə;

- 1 gün mühəndis-istehkam işlərinə;

- 1 gün çətin şəraitdə necə yaşamaq və təcili tibbi yardım suallarına;

- 1 gün düşmənin taktikasını, texnika və silahını öyrənməyə;

- 1 gün isə komplektləşmiş səhra təlimlərinə;

- Axırıncı gün isə rezervistləri evlərinə yola salmağa sərf olunur.

Gürcüstanda avqust hadisələrini misal göstərən sabiq müdafiə naziri Dadaş Rzayev isə hesab edir ki, Azərbaycan müharibə şəraitində olduğundan hazırkı dövrdə çoxlu sayda hərbi hazırlığı və təcrübəsi olan ehtiyat qüvvələrin hazırlanmasına ehtiyac duyulur. Orduda 1 il və ya il yarım xidmət edən vətəndaşların silah və hərbi texnika haqqında müəyyən dərəcədə anlayışı yaranır və onlar total səfərbərlik dövrü xidmətə yenidən çağırıldıqda tabor və birliklərin formalaşdırılması daha asan başa gəlir. Peşəkar briqadalar döyüş əməliyyatlarının ilk mərhələsində özlərinin nəyə qadir olduqlarını göstərməyi bacarsalar da itkilər nəticəsində onların sıraları seyrələcək və bunu aradan qaldırmaq üçün xeyli vaxt lazım olacaq. Odur ki, hələlik mükəlləfiyyətli və müqaviləlilərdən ibarət qarışıq heyətin qalması lazım bilinir.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449

Oxşar yazılar