BAXCP sədri: “Əli Kərimli ağıllı olsa...” - MÜSAHİBƏ - FOTO
29 noyabr 2012 15:32 (UTC +04:00)

BAXCP sədri: “Əli Kərimli ağıllı olsa...” - MÜSAHİBƏ - FOTO

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- İndiyə qədər bir neçə ölkənin parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirilib. Sonuncu dinləmə isə İspaniya parlamentində baş tutub. Belə dinləmələrin davamlı olması nəzərdə tutulurmu?

- Bu dinləmələr “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin və sədr Elxan Süleymanovun təşəbbüsü ilə keçirilir. Xüsusi qeyd eləyim ki, bu dinləmələrin keçirilməsində Elxan Süleymanovun təşkilatçılığı və fədakarlığı müstəsna rol oynayır. İspaniya parlamentində keçirilən bu dinləmələr Azərbaycan üçün son dərəcə önəmli idi. İspaniya Senatında və Nümayəndələr Palatasının üzvlərinin də qatıldığı 170-dən artıq mötəbər şəxsin iştirak etdiyi, Meksikadan ekspertlərin, hətta Vatikan İnstitutunun direktorunun da qatıldığı tədbirin əhəmiyyətini anlamaq mümkündür.

Meksika Senatının nümayəndəsi isə ekspert qismində çıxışında, onların parlamentinin Xocalı soyqırımını tanımasının səbəblərini izah edib. Həmçinin fikirlərini əsaslandıraraq, İspaniya senatının da Xocalı soyqırımını tanımağa çağırıb. Azərbaycandan da baş nazirin müavini Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Hüseynova senatdakı bu tədbirdə iştirak edirdi. Əvvəlcə Elxan Süleymanov, sonra Əli Həsənov və Sevinc Hüseynova ölkəmiz barədə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış etdilər. Aparılan müzakirələrdə mən münaqişədə Rusiyanın neqativ roluna dair çıxış etdim. Bildirdim ki, bizə güzəştə getmək, ermənilərlə ortaq məxrəcə gəlmək kimi təkliflər irəli sürülür. Çıxışımda qeyd etdim ki, ermənilərlə ortaq məxrəcə gəlmək mümkün deyil, çünki bu ölkə Rusiyanın forpostudur. Onların diqqətinə çatdırdım ki, Ermənistan o torpaqlar təkbaşına işğal etməyib. Burada Rusiya faktoru var. Həmçinin, Ermənistanda Rusiyanın hərbi birləşmələri yerləşir, o cümlədən də ABŞ-da və Fransada güclü erməni lobbisi fəaliyyətdədir. Bu lobbilər də həmin ölkələrin siyasətinə təsir edir. Ona görə də Dağlıq Qarabağ problemi bu vəziyyətdə qalır və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmur. Dinləmələr zamanı münaqişəyə dair “Evronews” kanalının çəkdiyi film də nümayiş olundu. Senatın sədri də söz verdi və bildirdi ki, bu məsələyə qayıdacaqlar. Həm İspaniya hökumətindən, həm də Avropa İttifaqındakı müttəfiqlərindən də tələb edəcəklər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğalçı qüvvələr Azərbaycan ərazilərini tərk etməlidir.


- Xocalı soyqırımının tanınması ilə bağlı İspaniya parlamentindən yenilik gözləmək olarmı?

- Xocalı soyqırımı ilə bağlı da məsələlər danışıldı. Bu gün bizi Xocalıda baş verənlərin soyqırımı kimi tanıdılmasından daha çox, BMT qətnamələrinin icra edilməməsi və ərazilərimizin işğal altında qalması məsələsi narahat edir. O tədbirin keçirilməsi və bu səviyyədə insanların işlərindən ayrılaraq, xarici bir ölkənin probleminə həsr olunan tədbirdə 4 saatdan artıq dinləmələrdə iştirak etməsinə nail olmaq böyük hadisədir. Buna görə də çox istərdim ki, bunun nə qədər böyük zəhmət hesabına başa gəldiyini hər bir vətəndaşımız bilsin. Doğrusu, düşünürəm ki, bu cur tədbiri təşkilatçısı daha yüksək ranqlı statusla görüşlərə qatılsa, Azərbaycan üçün xeyirli olar. Nəzərə alaq ki, “Avronest” məhz Avropa Birliyinin layihəsidir, Avropa Birliyi isə bizim üçün ATƏT, Avropa Şurası, NATO-dan çox stratejidir. Diqqət yetirsəniz görərsiniz ki, ATƏT nümayəndə heyətinin rəhbəri Milli Məclisin sədr müavini, NATO nümayəndə heyətinin rəhbəri parlament sədrinin birinci müavini, Avropa Şurasındakı nümayəndə heyətinin başçısı komitə sədridir.

Bir də onu qeyd edim ki, belə tədbirlərin sayının artması və qərb parlamentlərinin bizi dəstəkləməsi, işğaldan azad etmək üçün başlayacağımız hərbi əməliyyatlar zamanı Avropanın bizim üstümüzə gəlməsinin qarşısını alacaq. Bizim xarici siyasətin həyata keçirilməsində parlamentin üzərinə düşən yük artmaqdadır, bu, parlament üçün çox müsbət hadisədir.

Bir məqama da toxunmaq istəyirəm. Bizdə bir şəxs uğur qazanan kimi onun nailiyyətlərinə sevinmək, dayaq olmaq əvəzinə, ona qarşı gizli və ya açıq formada kampaniya başladılır. Yəni bu mənfi keyfiyyətlərdən xilas olmalıyıq. Ona görə də bəzən adamlarla bağlı müsbət fikirləri deməkdən çəkinmək lazım deyil. Elxan Süleymanov parlamentin qənimət deputatlarından biridir.


- Son zamanlar Milli Məclisin tənqidinə yönələn çıxışlar artıb. Parlamentin bu fəaliyyətinin qarşılığında, belə tənqidlərin yaranmasının səbəbi nədir?

- Təəssüf ki, Azərbaycan ictimaiyyəti Milli Məclisin gördüyü işlərdən xəbərsiz olur. Ona görə də Milli Məclisin televiziyasının yaradılması təklifi ilə çıxış etmişdim. Qapalı iclaslar istisna olunmaqla, bütün iclaslar canlı yayımlanmalıdır. Siyasətlə məşğul olanlar bilirlər ki, son zamanlar Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində parlamentin rolu artıb. Bunu bizim düşmənlərimiz də görür və parlamentə son hücumlar burdan da qaynaqlanır. Etiraf edək ki, işçi qrupların fəaliyyəti genişlənib. Sadəcə, Milli Məclisin isinin təbliğinin düzgün qurulmadığını düşünürəm. Bu məsələdə təvazökarlığa yer yoxdur.

- Ölkədəki siyasi proseslərin gedişində Rusiya faktorunu necə dəyərləndirirsiniz? Qarşıdan gələn prezident seçkisində namizədlər sırasında “Rusiyanın adamı”nı görmək ehtimalı varmı?

- Bunu mümkün sayıram. Çünki artıq Rusiyada Ukrayna və Gürcüstanda baş verənlərdən sonra özlərinə qarşı əminlik artıb. Azərbaycan isə bu ölkələrdən heç biri ilə oxşar deyil və müqayisə oluna bilməz. Burada o variantlar keçərli deyil.

- Amma Rusiya Söyün Sadıqovun timsalında fəallaşmağa cəhd edir. Bu cəhd isə yenə də Qarabağ kartı üzərində manipulyasiya etməklə aparılır...

- Azərbaycanda hələ də hər şey Qarabağ probleminə bağlı olacaq. Rusiya da bunu bilir. Hər halda inanmıram ki, Vladimir Putinin sərəncamı ilə vəzifə alan şəxs Moskvanın razılığı olmadan Azərbaycan iqtidarı əleyhinə nə isə danışa bilsin. Çünki Rusiyada demokratiyanın hansı həddə olduğunu yaxşı bilirik. O ki qaldı “Rusiya Azərbaycanda nə edə bilər” sualına, yəqin ki, Rusiya bizdə digər iki ölkədəki variantın keçərli olmayacağının fərqindədir. Rüstəm İbrahimbəyovun Azərbaycanda qanlı inqilabla bağlı öncəgörmələri də buradan qaynaqlanır. Ola bilsin ki, onun bundan ya xəbəri var, ya da ssenarist kimi hiss edir. Bizdə Rusiya daxili sabitliyi pozmaq üçün etnik zəmində münaqişələr yaratmağa cəhd edə bilər. Bu ssenarini həyata keçirmək üçün də Rüstəm İbrahimbəyov kimilərdən, o cümlədən özlərinə yaxın siyasi təşkilatlardan da dəstək almaq istəyəcəklər.

- Rusiyanın bunu həyata keçirmək imkanları nə qədərdir?

- İndi 19 il əvvəl deyil. Azərbaycanın iqtidarı da, müxalifəti də bu ölkənin tarixində baş verənlərdən dərs götürüb. Hesab etmirəm ki, indi İsa Qəmbər vaxtilə Etibar Məmmədovun oynadığı rolu oynayacaq.

- Bəs Əli Kərimli?

- Ağıllı düşünsə, o da oynamaz. Ona görə ki, Etibar Məmmədov və Sürət Hüseynov nəyə nail oldusa, onlar da ona nail olacaq. Mən bunu bir müddət əvvəl də müsahibəmdə demişdim ki, hakimiyyət üçün bu qədər irəli qaçmasınlar, bu, həm də Rusiyanın oyunu ola bilər. Görünür, aradabir deyilən doğru söz ağıllarına batır. O müsahibədən sonra deyəsən, bir az Rusiya təbliğatına vasitə olmaqdan çəkindilər.

- Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də “Azadlıq” qəzetinin Anar Məmmədovdan üzr istəməsidir. Siz necə hesab edirsiniz, burda nə normal deyil?

- Mətbuat orqanının yazdığını sübuta yetirə bilməyəcəyi halda üzr istəməsi tam normaldır. Bu haqda məhkəmə qərarı varsa, qanuna hörmət edilməlidir. Sadəcə, “Azadlıq” qəzetinin Prezidentdən üzr istəmədiyi halda Anar Məmmədovdan bağışlanma xahişi etməsi maraqlıdır. Mənim fikrimcə, Anar Məmmədov bu qəzetin gerçək sahibinin kim olduğunu bilir, görünür, ABŞ-dakı dostları vasitəsilə Əli Kərimlini başa salıb və ya tapşırıq verdirib ki, üzr istəsinlər. ABŞ-dakılar da məsləhət görüblər ki, üzr istəyin. Bunlar da o tövsiyəni qəbul ediblər. Daha çox ehtimal edilən variant budur.

- Sizcə, Yaxın Şərqdə baş verən son hadisələrə münasibətimiz necə olmalıdır?

- Biz dinc müsəlman qardaşlarımızın ölümünə acısaq da, bu məsələdə İsrailin haqlı olduğunun fərqinə varmalıyıq. Ona görə ki, burada söhbət Fələstin xalqından getmir, burada əsas problem HƏMAS-dır. HƏMAS və “Hizbullah”ın ərəblərdən çox, İranın maraqlarından çıxış etməsi hamıya bəllidir. İranın təxribatları nəticəsində İsraillə münasibətləri gərginləşdirdilər. HƏMAS və “Hizbullah” bununla da öz xalqlarına böyük fəlakət yaratdılar. Hesab edirəm ki, Misirdə və Türkiyədə də liderlər sadə insanlara hesablanan çıxışlar edirlər. Bu adamlar kənarda duraraq bildirirlər ki, “HƏMAS, “Hizbullah”, siz haqlısınız və İsrail uşaq qatilidir”. Bununla da, işlərini bitmiş hesab edirlər. İsrailin qorxusundan isə onlar Fələstinə heç bir kömək etmirlər. Doğrusu, HƏMAS və “Hizbullah” rejimindən Fələstin xalqının canını qurtarmaq üçün İsrail və dünya birliyi orada normal hökumətin formalaşmasına dəstək verməlidir. Qəzzada olan insanları HƏMAS və “Hizbullah”ın təzyiqindən azad etmək lazımdır. Bu qüvvələr öz xalqı üçün çox təhlükəlidir. Çünki onlar öz xalqının maraqlarını deyil, onları maliyyələşdirən İranın maraqlarından çıxış edir. Hesab edirəm ki, Azərbaycan İsraillə əməkdaşlığını genişləndirməlidir. İsraildən müasir silahlar alınmalı, bu istiqamətdə hərbi əməkdaşlıq bir qədər də genişləndirilməlidir. Qardaş Türkiyənin başı HƏMAS və ermənilərlə işbirliyinə, o cümlədən, yeni aviareyslərin açılmasına qarışdığından ikinci belə dövlət yoxdur ki, əməli işdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yardım etsin. Biz ərəb xalqının, müsəlman qardaş-bacılarımızın yanında olmalıyıq, amma HƏMAS-ın yox.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770

Oxşar yazılar