Zorən intihar, kimsəsiz dəfn, ailəsi zülmə düçar olan dahi azərbaycanlı – Şəhid ziyalı
02 dekabr 2019 14:41 (UTC +04:00)

Zorən intihar, kimsəsiz dəfn, ailəsi zülmə düçar olan dahi azərbaycanlı – Şəhid ziyalı

 “Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır.

Bu dəfə akademik Heydər Hüseynovdur Lent.az-ın “Şəhid ziyalı”sı.

Akademik niyə intihar etsin? Fəxri Xiyabanda dəfn edilib. Bəzi mənbələrdə damarını kəsib yazılır, bəzilərində özünü asıb. Açıb şəklinə baxıram, dərin, iti baxışlı, ciddi ziyalıdır. Özünü öldürəcək qədər zəif adama oxşamır bu şəkildən boylanan şəxsiyyət. Nə bilim, həyat kimləri öz “qanunlarına” tabe etməyib ki... Gedişatda hamısı aydın olacaq.  

Heydər Hüseynov. Fəlsəfə elmləri doktoru, professor, SSRİ dövlət mükafatı laureatı, akademik, Stalin mükafatçısı. Hə... bax, bu sonuncu da elə son mükafatı olub.

Azərbaycan təfəkkürlü aydınların hamısı elə sağlığında şəhiddir. Düşüncən Azərbaycana xidmət etdisə, Azərbaycanın tarixi, müstəqqilliyi, gələcəyi üçün iş gördünsə, kəfəni at çiyninə - təcrübə belə göstərir. Təkcə düşmən durmayacaq qəsdinə, şəksiz, millətindən kimsə o düşmənin çırağına neft tökən olacaq. Aydınsan, ətrafına işığın düşür, kimsə ondan faydalanır, amma kiminsə gözünü qamaşdırır o işıq. 

İrəvanda Təpəbaşı adlı məhəllə vardı. Heydər Nəcəf oğlu Hüseynov 3 aprel 1908-ci ildə həmin məhəllədə Nəcəf və Gülsüm Hüseynovların ailəsində anadan olub. Ailədə altı uşağın kiçiyi idi. Sabir demiş, “Bəxti-mənsubə bax ki...”  Heydər anadan olandan az sonra atası vəfat edib. Ailə qalıb ermənilərin əhatəsində kimsəsiz. Heydərin böyük qardaşı Yusifi 1918-ci ildə erməni quldurları qətlə yetirir. Yurdundan ölüm qorxusu ilə qovulan ailə gözüyaşlı, qəlbidağlı əvvəlcvə Batumiyə, sonra Stavropola, nəhyətdə Bakıya köçür.

Heydər Hüseynov yalnız on iki yaşında məktəb üzü görə bilir. Yollar bitir, oturaq həyata keçəndən sonra Heydər Bakının 18 saylı məktəbinin şagirdi olur.

 

Orta məkltəbi bitirəndən sonra  1927-1931 illərdə o vaxtkı Lenin adına Pedaqoji İnstitutun həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub. Ərəb və fars dillərini mükəmməl öyrənir.

Təhsil aldığı illərdə institutun kitabxanasında işləyirdi. İnstitutu başa vurduğu il yenidən onun ictimai elmlər fakültəsində qiyabi təhsilə başlayıb. 1931-1932-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olub. Oxumağa olan yanğısını belə ardıcıllıqla ödəyən Heydər Hüseynov 1936-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitunun direktoru, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olub. Eyni zamanda, ictimai elmlər bölməsinin sədri idi. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetində kafedra müdiri işləyib. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunun direktoru olub. Bir sözlə, irəliləyiş və Azərbaycana xidmət. Təbii ki, bizim reallıqda öz savadı, bacarığı ilə irəli gedən adam hədəfdə olur.    

 

Gənc yaşlarından Heydər Hüseynov mətbuatda şeirlərlə çıxış edirmiş. 1928-1931-ci illərdə onun “Gənc işçi”, “İnqilab və Mədəniyyət”, “Qızıl əsgər” və digər qəzetlərdə “28 aprel”, “Atəşgah”, “Zərbəçi döyüşçülərə” və s. şeirləri çap edilib.  “Zəngi” şeirində vətən həsrəti ilə doğulduğu mahaldakı – İrəvandakı Zəngi  çayını təsvir edir:

 

                                Aylar, illər boyu aşar, daşarsan

                                İçində çınqıllar oynaşar, Zəngi!

                                Qayalar üstündən yel tək aşarsan

                                Qoynunda köpüklər qaynaşar, Zəngi!

 

100-dən çox elmi məqalənin müəllifidir. Tədqiqat sahəsi geniş idi - Bəhmənyar, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə Kazım bəy, Çernışevski, Mendeleyev, Radişşev və digərlərinin ictimai, fəlsəfi və elmi görüşləri Heydər Hüseynov tərəfindən ətraflı tədqiq olunub.

 

Fəlsəfə elmləri namizədi alimlik dərəcəsini də “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiya işini müdafiə edərək alıb. 1944-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib, professor elmi adını alıb.

Azərbaycanda ilk dəfə fəlsəfə şöbəsini Heydər Hüseynov açıb. 1941-ci ildən başlayaraq, Azərbaycan mədəniyyəti və fəlsəfə tarixi üzərində həm tarixçi, həm də filosof kimi işləyib. XIX əsri daha dərindən öyrənib. “Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” əsərini fəlsəfənin Azərbaycanda qəbul edilmiş ənənələrindən fərqli tədqiqat üsuluyla işləyib. Əsər bir neçə hissəlidir və hər hissə özlüyündə bütöv bir mövzunu əhatə edir.

Alim 733 səhifəlik " XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" əsərinə görə 1950-ci ilin mart ayında növbəti Stalin mükafatını alır. Ona qədər ikinci dərəcəli SSRİ dövlət mükafatı laureatı (1948) - "Tam azərbaycan-rus lüğəti"nin yaradılmasına görə (1940-1946) üçüncü dərəcəli SSRİ dövlət mükafatı laureatı - Ədəbi tənqid və sənətşünaslıq sahəsində xidmətlərinə görə almışdı.

“Azərbaycanda XIX əsr ictimai-fəlsəfi fikir tarixindən” adlı fundamental və başıbəlalı, daha doğrusu, müəllifinə baş bəlası olan əsərin yazılmasında məqsəd Azərbaycan fəlsəfə tarixinin əsaslarının sistemli şəkildə hazırlanmasından ibarət idi.  

Kitab çap olunandan sonra yaxın dostu Səməd Vurğun kitabın bir nüsxəsini SSRİ Yazıçılar İttifaqının baş katibi, Stalin mükafatları üzrə komissiyanın sədri Aleksandr Fadeyevə göndərir. Əsər tezliklə adıçəkilən yüksək mükafata təqdim olunur.

       

Heydər Hüseynovun ardıcıl uğurlarını həzm edə bilməyənlər bundan sonra daha da fəallaşırlar. Onu həmin dövrlərdə “qan-qan” deyən birinci katib Mircəfər Bağırovun gözündə düşmən obrazına çevirməyə çalışırdılar. Əsərdəki bir neçə səhifə onların əlinə bu fürsəti verir. Kitabın Mirzə Kazımbəylə bağlı olan səhifələrində onların təbirincə “düşmən fikirləri” aşkar edilir. Heydər Hüseynov əslində tarixi faktlarla Şeyx Şamili milli qəhrəman, xalq azadlıq hərəkatının lideri kimi təqdim etməsi Mircəfər Bağırova “qandırılır”. Ona deyirlər ki, sizdən xəbərsiz kitab yazıb, belə yanlış fikirlərlə həmin kitab hətta Stalin mükafatına təqdim edilib. Kişi qəzəblənir. 1950-ci il fevralın 14-dən 15-nə keçən gecə Heydər Hüseynovu yanına çağıraraq, ondan yanlış düşündüyünü, mətbuatda Şeyx Şamilin türk və ingilis casusu olduğunu söyləməsini tələb edir. Heydər Hüseynov etiraz edir. Tarixi dana bilməyəcəyini deyir.

1950-ci ilin mayında Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclasında Heydər Hüseynov sərt tənqid atəşinə tutulur. Həmin illərin ənənəvi silahı idi bu. Onun XIX əsrdə Qafqaz fəlsəfi fikrinə dair tədqiqat işi müridizmin təbliği, sufizmin bəyənilməsi kimi qəbul edilir. Çıxışçılar bir ağızdan Mircəfər Bğırova xoş gəlmək üçün onun eşitmək istədiyini deyirlər - kitabda İmam Şamil demokratik lider, azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalara ziddir. “Şamil millətçi hərəkatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub” – deyə Mircəfər Bağırovun fikri üzərində dayanıb Heydər Hüseynovu “vururlar”.

Aldığı Stalin mükafatını da vəsatətlə geri alırlar. Heydər Hüseynov isə hər iki mükafatın maddi tərəfini uşaq evlərinə və müharibə əlillərinin hesabına keçirmişdi. Onu Kommunist Partiyasından çıxarır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edirlər. Bunlar o dövrdə bir kişi üçün ən ağır cəza idi. Üstəlik, ətrafında kimsə qalmır, hamı səninlə görünməkdən, sənə salam belə verməkdən qorxur, birdən məni də onun vəziyyətinə salarlar - deyə. Sağkən həyatdan təcrid olunursan - bu da diktatura rejiminin cəza növüdür. Adamı belə ölümə təhrik edirlər. Sonra da dəfninə kimsə gəlmir...

 

Alim 1950-ci ilin avqustunda damarlarını doğrayır, lakin akademik Topçubaşov onu ölümdən xilas edir. Evdə reablitasiyada olan Heydər Hüseynov həyata yenidən qayıtmaq üçün ümid işığına sığındığı vaxtda evdə asılmış vəziyyətdə tapılır.

1998-ci il “Rezonans” qəzetinə müsahibəsində qızı Sara deyir ki, atam nikbin adam idi. Yaxşı tar çalıb oxumağı vardı. Allaha inanırdı, Sovet vaxtı bunu gizlətsə belə. Ata nənəm, babam namaz qlıb, oruc tutan idilər. Son vaxtlar özünə çox qapanmışdı: “ ...16 avqust 1950-ci il. Dəfnində yaxın dostları belə gözə dəymədi. Tələbələrinə də cənazəsinə yaxın durmağı qadağan elədilər. Yoxluğun, itkinin bütün ağrılarını ailəmiz – anam, biz tək çəkdik. Həmin gün qapımıza möhür vurdular. Gedəsi yerimiz yoxuydu. Heç kəs bizi evinə buraxmırdı. Axırda qonşuluqda yaşayan rus qadın bizi evinə gətirdi. Saat 3-də beş hərbçi gəlib evimizi alt-üst elədi. Atamın sənədlərini, məktublarını, kitablarını yığıb apardılar.

Bütün uşaqlara təbliğ eləyirdilər ki, Heydər Hüseynov Sovet hökumətinə qarşı kitablar yazıb. Rəfiqələrim də məndən qaçırdılar. 17 yaşımda Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) sənəd verdim. İmtahanda məni qəsdən çölə çıxardılar ki, köçürürsən. İmtahanın qurtarmasına 15 dəqiqə qalmış içəri çağırdılar. Tələm-tələsik bir şey yaza bildim, “3” verdilər. Amma üç ay get-gələ saldılar. İnstitutun rektoru Saleh Qocayev atamla 10 il bir yerdə işləmişdi. Hər il məni get-gələ saldıqca ləzzət alırdı. Nəhayət, mənə dedilər ki, bizdə gizli neft yataqlarının xəritələri var, onları xalq düşməninin qızına etibar eləyə bilmərik. Kor-peşman evə qayıtdım. Üz tutmalı bir kimsəm qalmamışdı. Hara gedirdimsə, “xalq düşməninin qızıdı” – deyib, işə götürmürdülər”.

Tələbəsi, AMEA-nın Fəlsəfə və Hüquq institunun əməkdaşının dediklərindən: “Ziyəddin Göyüşovla mən onun ilk tələbələrindnik. Bizimlə akademik Firudin Köçərli, akademiyanın müxbir üzvi Məqsəd Səttarov, akademik Aslan Aslanov da oxuyurdu. O vaxt Heydər Hüseynova görə universitetdə tələbələrə “gözün üstə qaşın var” deyən yox idi. O, bizdən ötrü canını qoyurdu. Doğma balaları kimi qayğımıza qalırdı. Bizə dərs deyən müəllimləri də özü seçirdi, dərs proqramlarını təkbaşına hazırlayırdı.

Damrlarını kəsməyə məcbur olandan sonra xəstəxanada müalicə olunurdu.  Heç kəs  yanına getmirdi. İnstitutla əlaqəsi ancaq mənimləydi. Yay tətili idi. Onu xəstəxanadan çıxarıb evə gətirmişdilər. Getdim ki, sağollaşıb, rayona qayıdım. İçəri girəndə dəhşətə gəldim. O boyda kişi əriyib yumağa dönmüşdü. Onu dilə tutdum, dedim, mənimlə Şuşaya - dincəlməyə gedək. Talə xanım da razılaşdı. Amma özü hələ də tərəddüd edirdi. Çünki səhhətindən çox, camaatın ona münasibətini düşünürdü. Axşam onların evinin yaxınlığında - bizimlə rayona getmək istəyən bir tələbənin evində qaldım. Orda hamıya dedim ki, Heydər müəllimi də özümlə Şuşaya aparmaq istəyirəm. Heç kəs dillənmədi. Amma bir az keçmiş həmin tələbənin uzun illər orqanda işləmiş atası məni qırağa çəkdi. Dedi, sənin ağlın çaşıb, nədi? Bilirsən neynirsən, nə iş tutursan? Bir yerdə gedərsiz, özünü də bədbəxt eləyərsən, onu da. Sizi güdərlər, onu öldürüb sənin üstünə yıxarlar.  Çətin vəziyyətdə qalmışdım. Bilmirdim, qərarımın dəyişdiyini Heydər müəllimə necə deyim...

Elə həmin vaxt eşitdim ki, universitetin rektoru Qarayev məni axtarır. Getdim, sevinə-sevinə bir sənəd verdi ki, qaç, bunu Heydərə çatdır. De ki, sentyabrın 1-də Azərbaycan Pedaqoji Universitetinə fəlsəfə müəllimi təyin olunur. Bu, o demək idi ki, Heydər Hüseynov artıq bəraət alıb. Çünki o vaxt MK-nın razılığı olmadan belə qərar vermək mümkün deyildi. Tələsik onlara getdim. İçəri girdim ki, hamı kefsiz, əlləri qoynunda oturub. Kağızı verdim, sevindilər. Özü isə o biri otağa keçib mənə bir kağız gətirdi. Kağıza on bir kitabın adını yazmışdı. Dedi ki, bu kitabları mənə gətirərsən, dərs  başlayana kimi bir az məşğul olaram. O boyda alim uşaqların qarşısında məsuliyyət duyurdu. Bu, bizim axırıncı söhbətimiz oldu. Mən rayona gedib, tez də qayıtdım. Eşitdim ki, özünü öldürüb. Evlərinə getdim, gördüm meyit ortadadı.

“Yuxarı”dan tez-tez zəng vururdular. Deyirdilər, tez olun, camaat işdən çıxmamış dəfn edin. Hardansa bir yük maşını da göndərdilər. İndiki Xalq Təsərrüfatı İnstitutunun tinindən burulanda 10-15 tələbə bizə qoşuldu. Qəbiristanlıqda tələbələrdən biri mənə yaxınlaşdı ki, bizə göz qoyurlar. Doğrudan da, həndəvərimizdə yad adamlar vardı. Ancaq onsuz da iş-işdən keçmişdi. Onun dəfnində iştirak elədiyimə görə ertəsi gün məni aspiranturadan qovdular.

Onun təkrar özünə qəsd eləməyini ağlıma sığışdıra bilmirdim. Çünki o, övladlarının taleyinə laqeyd qala bilməzdi. Həm də, APİ-yə müəllim təyin olması onda nikbin ruh yaratmışdı. Bütün bunları fikirləşəndə ürəyimə damırdı ki, onun ölümündə kiminsə əli var. Mənə elə gəlir ki, onun şəxsi sənədləri araşdırılsa, bu həqiqəti üzə çıxaran nəsə tapıla bilər”.

İllər keçdi. 1956-cı ildə məzarı bəraət aldı alimin. Filosofun yaxın dostları - tələbələri  Əlövsət Quliyev, İrşad Əiyev, Mütəllib Babayev onun məzarını Fəxri Xiyabana köçürdülər. 1958-ci ildə yaşadığı binaya xatirə lövhəsi vuruldu. 1965-cı ildə biblioqrafiyası çapdan çıxdı.

Dağıstandasa mərkəzi küçələrdən birinə onun adı verilib. Respublikanın rəhbəri Həmzət Həmzətov onu Şeyx Şamilin birinci naibi hesab edib. Dünya alimləri –Komarov, Bakradze, Bertels, Vavilov, Makovelski, Şmidt, M. Bennenqsen, L. Tillet, P. Henze, F. Besson və başqaları onun fəlsəfi dünyagörüşünü bəyəniblər.

Bəlkə bütün dünyaya meydan oxuyan filosof olacaqdı. Tədqiqat obyekti olan görkəmli şəxsiyyətlərin sırasında idi adam. Qoymadılar yaşasın. Adamı gözgörəti məhv etdilər. Sonra da bəraət...O dövrü oxuduqca nifrət edirəm bu sözə. Adamı müqəddəs yolundan ayır, damğala, ölümünə səbəb ol. Ailəsi olmazın zülmünü yaşasın...Sonra bəraət, eiraf et ki, günahsız yaşanıb bütün bunlar... Bəs, etdiklərinizə necə, varmı bəraət..? Yaxşı ki, sonunda özünün etdiklərinə bəraət olmadığını etiraf edib Mircəfər Bağırov, bu xalq məni tikə-tikə doğrasa da azdır –deyib, amma...əslində o özü də qurbandır-azərbaycanlı olduğu üçün...

        

Minlərlə şəhid ziyalı Heydər Hüseynovların ruhu qarşısında bu millətin günahkar nümayəndəsi kimi baş əyirəm.

P.S. Müəllif  M.F.Axundov adına Milli kitabxanaya, Ədibə xanıma təşəkkür edir. Yazıda 514 nömrəli fondun sənədlərindən və “Rezonans” qəzetindən (1998) istifadə edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10975
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar