“Tibb elminin inkişafı plastik cərrahiyyədə də yeniliklər yaradıb. Bu yenilikləri üz cərrahiyyəsindən tutmuş, bədən şəkilləndirməyə qədər müxtəlif plastik əməliyyat növündə görmək mümkündür. Cərrahiyyə masasına uzananlar ya uğurlu nəticələrlə qarşılaşıb özünü cazibədar, xoşbəxt hiss edir, ya da əksinə düzgün edilməyən əməliyyat insanlarda psixoloji travma yaradır, sağlamlığını pozur. Dövrümüzün ən aktual mövzusu olan plastik əməliyyatlardan danışacağıq”.
Kompleks və ya görünüşümüzdə olan anatomik patologiya insanları, xüsusi ilə də qadınları estetik əməliyyat masasına doğru aparır. Səbəbindən asılı olmayaraq cəmiyyətin istənilən təbəqəsində olan insanların, xüsusilə məşhurların müraciət etdiyi estetik əməliyyatlar bəzən onların arzuladığı nəticəni vermir.
Plastik əməliyyatla bağlı müsahibə götürmək istədiyimiz bir çox məşhur mövzu ilə bağlı danışmaq istəmədiklərini bildirdi. Etiraf edən, əməliyyatın nəticəsindən razı və narazı qalan məşhurlarımız da az deyil.
Müğənni Mənzurə Musayeva bildirir ki, bu günə qədər üç dəfə burun əməliyyatı, bir dəfə üst göz qapağı əməliyyatı olunub. Müğənni onu da qeyd edir ki, burun əməliyyatlarının uğursuz olmağı həkimin səhvi nəticəsində yaranıb: “Plastik əməliyyat Allah ümidinədir. Nəticənin necə çıxmağı yalnız həkimdən də asılı deyil. Xəstə də özünü gözləməlidir. Həkimin dediklərinə riayət etməlidir. Bəzən həkimin dediklərinə əməl etmirik və nəticə tamamilə tərsinə olur, sonra da həkimin üstünə atırıq”.
Rəqqasə Oksana Rəsulova da plastik əməliyyat elətdirən məşhurlardandır. Rəqqasənin fikrincə, son dövrlər xanımların əksəriyyəti ehtiyac yaranmadığı halda plastik əməliyyatlara müraciət edir: “Bəli, mən əməliyyat olunmuşam, Burun əməliyyatı olunub məndə. Əslində məndə çəpər əyriliyi var idi, onu ləğv etmək istəyirdim. Bununla yanaşı burun kiçiltmə əməliyyatı da etdirdim. Mən əməliyyatdan da, nəticədən də çox razı qaldım, həkimimi çox bəyənirəm”.
Cərrahiyə üzrə tibb elmləri doktoru, Azərbaycan plastik cərrahlar cəmiyyətinin sədri, Beynəlxalq plastik cərrahiyə Assosiasiyasının milli katibi, professor Vaqif Qələndərov deyir ki, plastik əməliyyatların 25 faizini kosmetik əməliyyatlar təşkil edir.
Həkim onu da qeyd edir ki, dünyada və Azərbaycanda edilən əməliyyatlardan ən çoxu rinoplastika cərrahiyyəsidir: “Hər əməliyyatı hər yaşda etmək olmaz. Məsələn: burun əməliyyatlarıdır. Tutaq ki, həm burun çəpərində problemi var, nəfəs ala bilmir, travma alıb, həm də görünüşündə problem var. Əlbəttə ki bu əməliyyatları nəfəs almanı nəzərə alaraq 14-15 yaşdan sonra başlamaq olar. Bəzən də normalda 17-18 yaşdan sonra əməliyyat həyata keçirilir”.
Tibb elmləri doktoru onu da bildirir ki, burun əməliyyatları ilə yanaşı üzdə və bədəndə olan digər estetik əməliyyatların müəyyən qaydaları var: “Üz dartma əməliyyatı, yaşlılıqdan sonra üzün sallanması, üzdə qırışların əmələ gəlməsi, üst-alt göz qapaqlarının sallanması - blefroplastika əməliyyatı deyirik buna, üzün və bədənin müxtəlif yerlərində olan dəri artıqlığının kəsilib götürülməsi – dermolipektomiya əməliyyatları... Burda məsələn baxırsan artıq piylənmələr var və liposaksiya əməliyyatı ilə aradan qaldırmaq mümkündür və bunlarında qaydaları var. Yəni piyi nə qədər almaq olar? Bunu insanın bədən çəkisinə, quruluşuna uyğun olaraq, profilaktik qaydada nəzarətə götürmək olar. Bunlar mütəxəssislər tərəfindən düzgün yönəldirməlidir, yoxsa başqa problemlər ortaya çıxa bilər”.
Vaqif Qələndərov son dövrlər istifadə olunan təbii dolğu və süni gellərdən də danışıb. Onun sözlərinə görə silikon tərkibli dolğu maddələri əvvəllər daha təhlükəli hesab olunub. Belə ki, bu biopolimerlər orqanizmə vurulduqdan sonra ömürlük qalıcılıq yaradır və bu da bəzən orqanizmdə reaksiya verərək insanın yenidən əməliyyat olunmasına gətirib çıxardır.
Cərrah onu da qeyd eləyib ki, üzdə və dodaqlarda istifadə olunan “Healaron turşusu” tərkibli dolğu maddələrinin təhlükəsi yoxdur və kapsul formasında olan süni implantların süd vəzində və bədənin müxtəlif nahiyələrində istifadəsinə göstərişlər var. Həkim əlavə olaraq insanın öz yağ hüceyrələrinin faydasından da danışıb: “Üzdə ən yaxşı istifadə olunacaq maddələr insanın öz piyindən alınıb köçürülməsidir. Onun tərkibində həm kök hüceyrələr var. Onlar yanaqda, bədəndə olan qırışlara vurulur, qalıcılığı 25-30 faizdir və hər hansı bir allergik reaksiya vermir. Çünki bədənin öz toxumasıdır”.
Əməliyyatın xərcləri ilə bağlı sualımıza cavab olaraq plastik cərrah bildirdi ki, hər bir xəstəxanada müxtəlif əməliyyatların qiymətləri fərqlidir.
Əməliyyatların fərqli ağırlıq dərəcəsindən danışan həkim son olaraq qeyd etdi ki, bədən şəkilləndirmə əməliyyatlarında çox diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, alınan piy bədənin bir bölgəsindən başqa nahiyəsinə köçürüldüyü üçün emboliya yarana bilər. Bu kimi problemlərin yaranmağı üçün mütləq doğru mütəxəssislərə müraciət etmək lazımdır.
Qeyd edək ki, Azərbaycan səhnəsinin tanınmış ifaçıları Nəzakət Məmmədova və Reyhan Müslümova həkim məsuliyyətsizliyindən illər əvvəl plastik əməliyyat masasında dünyasını dəyişiblər.