Günün hansı saatlarında idman etməyinizdən asılı olmayaraq, bu, orqanizm üçün faydalıdır.
Lent.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-da keçirilmiş araşdırmanın nəticələri göstərir ki, zaman faktorunun faydalılıq əmsalı qadınlar və kişilər üçün fərqlidir.
Məlum olub ki, səhər idmanı qadınların orqanizmindəki piyləri əridir. Kişilərdə isə əksinə, buna axşam saatlarındakı idmanla nail olmaq olur.
Araşdırmaçılar düşünürlər ki, kişilər və qadınlar arasındakı hormonal və bioloji saat fərqlərinin, o cümlədən yuxu dövrlərinin də nəticələrə təsiri ola bilər.
12 həftəlik təcrübədə hamısı aktiv və sağlam olan 25-55 yaş arası 30 kişi və 26 qadın iştirak edib. Bu müddət ərzində onların orqanizminə gərmə, sprint, dözümlülük və güc məşqlərinin təsiri izlənilib və qeydə alınıb.
Təcrübə zamanı iştirakçılardan bir qrupu 07.30- 08:30, digər qrupu isə 18:00-19:00 aralığında məşq edib. Bütün iştirakçılar onlar üçün hazırlanmış pəhrizə riayət etdilər.
12 həftə boyu onların bədən elastikliyi, gücü, aerobik gücü; o cümlədən, bədən piyinin faizi və qan təzyiqi ölçülərək qeydə alınıb.
Hansı saatlarda idman etmələrindən asılı olmayaraq təcrübə müddətinin sonunda bütün iştirakçıların atletik qabiliyyəti və sağlamlığı əvvəlkinə nisbətən xeyli yaxşı olub.
Buna görə də araşdırmanın rəhbəri, Nyu-York ştatındakı Skidmore məktəbinin sağlamlıq və insan fiziologiyası üzrə professoru Paul Arcerio deyir ki, “İdman üçün ən yaxşı vaxt gündəlik rejiminizə uyğun olan vaxtdır”.
Amma o bu vaxtın kişilər və qadınlar üçün fərqli ola biləcəyini göstərən məlumatlara da diqqət çəkir.
Arcerio deyir ki, bel-göbək bölgəsindəki piylərdən xilas olmaq və qan təzyiqini aşağı salmaq istəyən qadınlar səhər idmanına üstünlük verməlidirlər.
Bu, çox vacib məsələdir, çünki qarın nahiyəsindəki piy daxili orqanların, o cümlədən, qaraciyərin ətrafına toplanır və buna görə də təhlükəli hesab olunur.
Amma Arcerio bədənlərinin yuxarı hissəsindəki əzələləri bərkitmək, qidalanmalarını tənzimləmək və ovqatlarını yaxşılaşdırmaq istəyən qadınlara axşam idmanı tövsiyə edir.
İdmanın vaxtı təcrübədə iştirak edən kişilərin orqanizminə daha az təsir göstərib.
Araşdırmaçılar iştirakçılara adi göstəricilərə əsasən belə nəticəyə gəliblər ki, “Ürək sağlamlığını, maddələr mübadiləsini və ovqatı yaxşılaşdırmaq istəyən kişilər üçün ideal vaxt axşam saatlarıdır”.
Maddələr mübadiləsinin yaxşılaşması piylənmə, 2-ci tip diabet, ürək xəstəlikləri və insult risklərini də azaldır.
Kişi və qadın orqanizmlərinin idmanın vaxtına niyə fərqli reaksiya verməsinin səbəbi tam aydın deyil. Araşdırmaçılar deyirlər ki, bu məsələni daha dərindən öyrənməyə ehtiyac var.