Baxımlı qadın olmaq o qədər də çətin deyil. Evdə olan ərzaqlarla, meyvələrlə baxım maskaları hazırlamaq mümkündür.
Lent.az sizə işdən evə gəlib edə biləcəyiniz çox asan maska reseptlərini təqdim edir.
1. Banan maskası
Ən sadə və asan maskalardan biridir. Bananı əvvəlcə purə halına gətirin. Bundan sonra üz və boyun bölgəsinə çəkin. Üzünüzdə 15-20 dəqiqə saxlayın. Quru dərilər üçün çox effektiv bir maskadır. Dəriyə nəmlilik verir və təravətləndirir.
2. Ultra-quru dərilər üçün maska
1 ədəd yumurtanı yaxşıca çalın, üzünüzə sürtün. Üstünə isə bitki yağı çəkin. Maska tam quruyana qədər saxlayın. Əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.
3. Alma sirkəsi maskası
1 stəkan ilıq suyun içinə 1 x/q alma sirkəsini əlavə edin. Qarışdırdıqdan sonra üzünüzə pambıqla çəkin. Bunu gecə çəkib səhər yumaq daha məsləhətlidir. Yağlı dərilər üçün uyğundur. Dərini tonlamağa çox kömək edir.
4. Sellülit üçün maska
Sellülit problemi çox qadının yaralı yeridi. Onlardan xilas olmaq çətin olsa da imkansız deyil.
Hərəsindən 1 x/q olmaqla rozmarin, dəfnə və limon yağlarını qarışdırın. Sonra həmin məhlulu sellülitli nahiyələrinizə masajla yeridin. 1 saat saxlayıb ilıq su ilə yuyun. Çox asan və effektiv bir maskadır.
5. Saçlarınız üçün maska
Saçlarınızın güclü və parlaq görünməsini istəyirsinizsə 2 ədəd yumurta sarısını, 10 x/q zeytun yağı ilə qarışdırın. Hazırladığınız məhlulu saç diblərinə vurun. 35-40 dəqiqə keçdikdən sonra ilıq su ilə saçınızı yuyun. Maskanı ayda 2 dəfə etsəniz kifayətdir.
Sevinc Fərid