Ana südü körpələr üçün ən mükəmməl və əvəzolunmaz qidadır. Ana südü bronxial astma, artıq çəki, kəskin tənəffüs yolu infeksiyaları, mədə-bağırsaq infeksiyaları və bir çox digər xəstəliklərə qarşı qoruyuculuğa malikdir. Bu səbəbdən ilk 6 ay körpələrə yalnız ana südü verilməsi və əlavə qidalanmaya keçdikdən sonra da 2 yaşına qədər uşaqlara ana südü verilməsinin davam etdirilməsi məsləhət görülür.
Lent.az xəbər verir ki, bunu pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Ülkər Məhərrəmova deyib.
“COVİD-19 xəstəliyi olan analar körpəsini ana südü ilə qidalandıra bilərmi” sualına cavab olaraq həkim bildirib ki, Dünya Səhiyyə Təşkilatının məlumatına və aparılmış tədqiqatların nəticələrinə əsasən, pandemiya dövründə COVİD-19 xəstəliyi olan analardan ana südü vasitəsilə uşaqların virusa yoluxması halları müşahidə edilməyib: “Lakin ana südü ilə körpə virusa yoluxmasa belə, COVİD-19 virusuna yoluxmuş ana körpəsini hava-damcı və təmas yolu ilə yoluxdura bilər. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər aparılmalıdır.
Öncə ana qoruyucu maskalardan istifadə etməlidir. Uşaqla hər təmasdan öncə ana əllərini 20 saniyə müddətində yumalı, uşağın qaldığı otaq gün ərzində bir neçə dəfə havalandırılmalı, ana və uşağın geyimləri 60-90° dərəcədə yuyulmalı, ananın təmas etdiyi əşyalar antiseptiklərlə dezinfeksiya edilməlidir. Əgər ana körpəsi ilə bir otaqda qalırsa, çarpayılar arasında məsafə 2 metrdən az olmamalıdır”.
Onun sözlərinə görə, ana körpəsini əmizdirə bilmədiyi halda, bütün gigiyenik qaydalara əməl edilərək sağılmış ana südü steril qabda uşağa verilə bilər: “Əgər anaya ana südü ilə qidalandırma zamanı əks-göstəriş olan dərman preparatları təyin olunubsa, müalicə dövründə ana gün ərzində qidalandırma sayı qədər südünü sağmalı və müalicə bitdikdən sonra uşağını ana südü ilə qidalandırmağa davam etməlidir. COVİD-19 xəstəliyi keçirmiş və müvəqqəti immunitet yaranmış qadınlarda virusa qarşı anticisimlər ana südü vasitəsilə ötürüldüyündən, körpəni koronavirus infeksiyasindan qorumuş olur”.