Alça və çiyələk şəkəri qaldırır  – Dietoloqla MÜSAHİBƏ
15 may 2025 16:04 (UTC +04:00)

Alça və çiyələk şəkəri qaldırır – Dietoloqla MÜSAHİBƏ

Yaz gələn kimi elə bil hər yer alça və çiyələk qoxur, düzdür? Marketə girirsən – qablarla alça, küçədən keçirsən – satıcılar “alça, çiyələk, təzədi” deyə səslənir. Bu meyvələrə yox demək mümkün deyil onsuz. Biri turşdu, adamın ağzını sulandırır, digəri şirin, elə bil uşaq vaxtımızın dadıdır. Amma bir dayanıb düşünək çox yemək olarmı? 

Hər şeydə olduğu kimi bunda da bir ölçü olmalıdır. Gəlin baxaq, alça və çiyələk nə qədər yeyilməlidir ki, həm dadından doyaq, həm də sağlam qalaq.

Lent.az-ın müsahibi tanınmış dietoloq Reyhan Cabbarlıdır.

- Reyhan xanım yaz aylarında alça və çiyələyə maraq artır. Hər kəs tərəfindən çox sevilən bu meyvələri gün ərzində nə qədər yemək olar? Həddindən artıq yemək sağlamlığa zərərlidirmi?

- Alça və çiyələk vitamin və mineral baxımından olduqca dəyərli meyvələrdir. C vitamini, antioksidant və liflə zəngin olduqları üçün immuniteti gücləndirir, bağırsaq sağlamlığına müsbət təsir göstərir. Ancaq bütün meyvələrdə olduğu kimi, onların da tərkibində fruktoza, yəni meyvə şəkəri var. Bu da o deməkdir ki, nə qədər faydalı olsalar da, miqdara diqqət etmək vacibdir.

- Bəziləri düşünür ki, alça turş olduğu üçün şəkəri artırmır. Bu fikir doğrudurmu?

- Bu geniş yayılmış yanlış fikirdir. Alçanın turş dadı onun şəkər miqdarının az olduğunu göstərmir. Əslində, 8-10 ədəd alça təxminən 15 qram meyvə şəkərinə sahibdir. Hətta ağızda yaratdığı qalıcı turş aroma bəzi hallarda orqanizmdə ehtiyacdan artıq insulin ifrazına səbəb ola bilər. Bu da xüsusilə şəkər xəstələri və insulinə həssas insanlar üçün önəmli risk yaradır.

- Bu meyvələri qəbul edən insanlar nələrə diqqət etməlidir?

- Əgər alça yeyirsinizsə, onu tək yeməmək tövsiyə olunur. Məsələn, bərabərində 1-2 ədəd qoz yemək, qan şəkərinin balanslı qalmasına kömək edə bilər. Bundan əlavə, alça və ya çiyələk yedikdən sonra dişlərinizi fırçalamaq da ağız sağlamlığı baxımından vacibdir. Gün ərzində 1 porsiya – yəni maksimum 10 ədəd alça yeməyiniz tövsiyə olunur.

- Bu meyvələrin qəbulunda kimlər daha ehtiyatlı olmalıdır?

- Ən başlıca olaraq şəkərli diabetdən əziyyət çəkənlər, insulin dirənci olanlar, mədə turşuluğu yüksək olan insanlar bu meyvələri ya məhdud miqdarda qəbul etməli, ya da tamamilə uzaq durmalıdırlar. Bundan başqa, axşam saat 19:00-dan sonra meyvə qəbul etməmək məsləhətdir, çünki bu saatdan sonra maddələr mübadiləsi yavaşlayır və şəkər orqanizmdə daha asan yığılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142

Oxşar yazılar