Aprelin 5-dən 7-dək Tatarıstanın paytaxtı Kazanda “Avropa-Asiya” XI beynəlxalq musiqi festivalı keçiriləcək. Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Festival çərçivəsində baş tutacaq yeddi konsert proqramında yerli əsərlərlə yanaşı, Azərbaycan, İsveçrə, Xorvatiya, Türkiyə, Özbəkistan, Yaponiya və s. ölkələrin bəstəkarlarının musiqiləri ifa olunacaq.
Açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin «Metomorfoz» əsəri səsləndiriləcək. Festival çərçivəsində Fikrət Əmirovun «Muğam» poeması, Cahangir Cahangirovun «Rondo», Ərtoğrul Cavidin «Poema», Sərdar Fərəcovun simli orkestr üçün «Süita», Dadaş Dadaşovun «Kapriççio» əsərləri də ifa olunacaq.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Tatarıstan Bəstəkarlar İttifaqının sədri, Rusiyanın Xalq artisti Rəşid Kalimulinin dəvət ilə fəxri qonaq kimi festivalda iştirak edəcək. Festivalda Azərbaycan bəstəkarlarının əsərlərini kamançada Mədinə Şahgəldiyeva, fortepianoda Sevinc Kəirmova ifa edəcək.