“Verilişə baxan televizoru qucaqlayıb öpürdü” - Məmməd Aslanın  nəvəsi danışır
03 fevral 2025 11:21 (UTC +04:00)

“Verilişə baxan televizoru qucaqlayıb öpürdü” - Məmməd Aslanın nəvəsi danışır

Lent.az Kulis.az-a istinadən görkəmli Azərbaycan şairi Məmməd Aslanın nəvəsi Məmmədkamal Paşabəyli ilə müsahibəni təqdim edir.

- Məmməd Aslan yaddaşınızda necə qalıb?

- Çox çətin, sərt adam idi. Ona qarşı hər zaman diqqətli idik. Uşaq verilişləri aparırdı, uşaq şeirləri yazır, amma əslində, həyatda əsəbi adam idi.

Təkliyi sevirdi. Üç dəfə ailə həyatı qurmuşdu, alınmamışdı.

- Xarakteri, xasiyyəti necə idi?

- Yaltaq adam deyildi. Dünya malında gözü olan adam deyildi. Sumqayıtda köhnə sovet binasında yaşayırdı. Dostları deyirdi ki, ay Məmməd, şəhərin yaxşı yerində özünə ev al, yaşa. İstəmirdi, razı olmurdu. Dostu maşın hədiyyə eləmişdi, istifadə eləmirdi. Onu da axırda ehtiyacı olan adama bağışladı.

- Bu gözütoxluğu sizə maddi problemlər yaşatmırdı? Necə dolanırdınız?

- Yox, heç nəyə ehtiyacı yox idi. Prezident təqaüdü alırdı. Heydər Əliyev ona “Şöhrət” ordeni vermişdi. Pensiya da alırdı.

- Ad günlərini də qeyd eləməzdi...

- Qətiyyən! Sevmirdi elə şeyləri. Yasa hərdənbir gedirdi, amma toya yox. Kimsə tədbir-filan edəndə gedərdi, ancaq özü heç vaxt ad günü qeyd eləməzdi.

Hamımızın gördüyü, bildiyi şairlərdən deyildi. Öz şeirlərini deməyi sevməzdi.

- Ancaq böyük kitabxanası olub.

- Bəli. O kitabxana indi bizim evdədir. Yaradıcılıq otağı düzəltmişik: əşyaları, kitabları, əlyazmaları. Hətta o vaxt iki makina almışdı, onlar da qalıb.

- Ananız Təbrizə xanımın dediyinə görə, Məmməd müəllimin vəfatından sonra kitabxananı qoruyub-saxlamaq çox çətin olub.

- O, beşmərtəbəli köhnə binada yaşayırdı. Evi də beşinci mərtəbədə idi. Hər yerdən evə su damırdı. Ona görə də o kitabxananı öz evimizə köçürtdük.

- Özü necə bir aildə doğulub?

- Kəlbəcərin ucqar bir kəndində doğulub-böyüyüb. Erkən yaşlarından atasız qalıb. Çox çətinlik çəkib. Bir müddət Tərtərdə, Bərdədə qohumlarıgildə qalıb. Təhsil almağı da çətin olub. Əslində, babam ilk dəfə rəssamlığa qəbul olunub, Bakıya gəlib. Qalmağa yer olmadığına görə, məcbur olub Kəlbəcərə qayıdıb. Sonra Pedaqoji Universitetə qəbul olunub və həmişəlik Bakıya gəlib. Çox gözəl rəssamlığı var idi. Onun çəkdiyi rəsmlər bu gün də durur.

- Bir ögey, bir doğma bacısı olub.

- Bəli. İkisi də vəfat edib. Bilirsiniz, Məmməd müəllim ailə məsələlərində qapalı adam olub. Evinin sözünü qırağa çıxartmayıb.

Onun üç evliliyi olub. Birinci evliliyindən Könül adında bir qızı olub, uşaq ikən vəfat edib. İkinci evliliyindən anam olub. Üçüncü evliliyindən də bir qızı var.

- Deyirlər ki, doqquz qardaşı vəfat eləyib. Sonradan qurban kəsib basdırıblar ki, o da rəhmətə getməsin.

- Mən bu barədə çox yerdə oxumuşam. Bir neçə qardaşı vəfat edib, ancaq konkret doqquz deyil, yalandı. O vaxt tibb inkişaf eləməmişdi, uşaqlar çox ölürdü. Ancaq qurban söhbəti uydurmadır, elə şey olmayıb.

- Müsahibələrini oxuyanda rast gəldim, özü heç vaxt kitablarını satmayıb.

- Yox, satmayıb heç vaxt. Kitablar çap olunurdu, sonra özü lazım bildiyi adamlara paylayırdı. O vaxt babamın “Ərzurumun gədiyinə varanda” kitabı 300 min tirajla satılmışdı. Dövrünün ən çox satılan kitablarından idi. Türkiyə xatirələri toplanmışdı.

- O da digər şairlər kimi gecələr yazırdı?

- Məktəb vaxt 4-5 il bir yerdə yaşamışıq. Səhər 4-də, 5-də durub görürdüm ki, yazır. Elə olurdu gecələr səhərə kimi yazırdı.

- İçən adam idi?

- Yox. Cavan vaxtı içən olub. Sonra şəkər oldu, 20 ilə yaxın əziyyət çəkdi. Axırda da xərçəngdən rəhmətə getdi.

- Dostluğu kimlərlə tuturdu?

- Onun ən yaxın dostu Kəlbəcərin keçmiş deputatı Əlövsət Ağalarov idi. Aşıq Şəmşirin oğlu rəhmətlik Qənbər Şəmşiroğlu ilə çox yaxın dost idi. Türkiyədən də xeyli dostu var idi, yanına gəlib-gedirdilər.

- Tək yaşayırdı?

- Bəli. Son bir ildə xəstə olduğuna görə bizimlə qalırdı. Ondan əvvəl isə həmişə tək yaşayıb.

Üçüncü evliliyində həyat yoldaşından ayrılıbyoxsa vəfat eləyib?

Ayrılıblar1994- ildəO vaxtdan sonra tək yaşayıb.

- Elə özü də deyirdi ki, qadınlarla mənimki tutmur.

- Bir dəfə AzTV babamın 60 illiyi ilə bağlı veriliş hazırlamışdı. Deyiblər ki, qadın rejissorlardan biri sizin haqqınızda film çəkəcək. O da deyib ki, kim olur olsun, qadın olmasın. Qadınla yola getsəydim üç qadınla evlənib boşanmazdım.

Yolagedimli adam deyildi, ancaq bizimlə arası yaxşı idi. Problemlərimizlə maraqlanardı.

- Davamçısı var?

- Yox. Bacım Türk və ədəbiyyatı fakültəsini bitirib, ancaq o da davam eləməyib.

Uşaq vaxtı hamımızın marağı var idi. Ona da göstərirdik. Ancaq deyirdi ki, yazmayıb. İstəmirdi. Deyirdi ki, pis yazacaqsan, məni biabır eləyəcəksən, yaxşı yazacaqsan, yenə də məni biabır eləyəcəksən.

Onu hamı tanıyırdı. Xərçəng idi. Xəstəxanaya getmişdik. Orda bir naxçıvanlı ona dedi ki, biz Naxçıvanda sənin verilişlərinə baxanda televizrou qucaqlayıb öpürdük.

Son bir ildə yaxşılığa keçdiyi adamların bəziləri yanına gəlmədi, yada salmadı, bu da ona çox pis təsir eləmişdi.

- Səhhəti necə oldu pisləşdi?

- Şəkər xəstəsi idi. Necəsə yaşayırdı. Ancaq xərçəngdən sonra vəziyyəti pisləşdi.

- Xəbəri necə öyrəndiniz?

- Əvvəlcə öskürək başladı. Həkimə apardıq, dedilər ki, şiş var. Birinci İrana apardıq. Əməliyyat olunacaqdı, olmadı. Yıxılmışdı, sümüyü qırılmışdı, mil qoymuşdular.

Qurban Sadıqov və Cavid Qurbanovun köməkliyi ilə Türkiyəyə - Gülhane xəstəxanasına apardıq. Gecikdirmişdik. Qayıtdıq, 3-4 ay sonra rəhmətə getdi.

- Siz gedirdiniz onunla?

- Yox, atam gedirdi. İrana da, Türkiyəyə də o aparıb-gətirib.

- Özünə dediniz vəziyyətini?

- Demədik, ancaq başa düşürdü, hiss eləyirdi. Əsas da saçları töküləndən sonra başa düşdü. Çox sozalmışdı. Heç kimə şəklini çəkməyə icazə vermirdi. İstəmirdi ki, onu kimsə o vəziyyətdə görsün. Bir nəfər çəkmişdi şəklini. Sonra o adamla dalaşdı, sildirdi şəklini.

Həyatı çox sevirdi. Bildirmirdi, amma narahatlığını görürdük.

- Yataqda idi, yoxsa gəzirdi?

- Son iki ayına qədər gəzirdi. Sonra yatağa düşdü.

- Onu televiziyaya nə gətirdi?

- O, hələ sovet vaxtından verilişlər aparıb. Əvvəlcə “Əkil, Bəkil quş idi” verilişi olub. Sonra da “Dərələrdən, təpələrdən”. O verilişlərin çoxunda iştirak eləmişəm. Məni tez-tez özü ilə aparırdı. O verilişdə bir kamera idi, bir özü. Hər şeyi o eləyirdi.

- Çap olunmayan şeirləri var?

- Son günlərində “Şair səlahiyyəti” kitabı çap olundu. Son şeirləri onun içində idi. Ağaclar haqqında bir əlyazması var idi. Sonra onu tapa bilmədik ki, çap eləyək.

- Onun vəfatından sonra həyatınız necə oldu?

- Çox ağır idi. Babamsız çox ağır keçdi. Onun yaxşı həyat təcrübəsi, məsləhətləri var idi. Həmişə deyirdi ki, oxumasan, fəhlə olacaqsan. Yaxşı yaşamaq istəyirsənsə, oxumalısan.

Çox hazırcavab adam idi. Bir dəfə hansısa tədbirə getmişdilər. Atamın Fərman Kərimzadə ilə münasibəti olmayıb. Bir maşına oturacaqlarmış. Babam da deyib ki, mənim onunla aram yoxdur, onun da mənimlə. Nə məcburdu eyni maşında gedək. Sözünü deyən adam idi.

AXCP vaxtı Yazıçılar Birliyinin iclasına Heydər Əliyev də dəvətli idi. Hamıya söz verilir, ancaq Heydər Əiiyə verilmir. Babam da arxalarda oturubmuş. Durub qışqıra-qışqıra deyib ki, xalqımızın böyük oğlu Heydər Əliyevə söz verilməlidir.

- Bu gün Məmməd Aslana münasibət sizi qane eləyir? Sizcə, o yetərincə tanıdılır?

- Məmməd Aslan təkcə Azərbaycanın yox, türk dünyasının tanıdığı şair olub. Tansu Çiller də onu tanıyırdı, şəkilləri də var. İstəyərdim ki, Kəlbəcərdə adına küçə verilsin.

- Kəlbəcərlə bağlı özü nələrsə danışırdı?

- Əlbəttə. Onun məşhur şeiri var idi: “Qayıtmaz o Kəlbəcər, qayıtsa, yüz Kəlbəcər”.

Yəni bu gün Kəlbəcərdə ən böyük binalar da tikilsə, o əvvəlki Kəlbəcər qayıtmayacaq.

- Özünüz sonra da getdiyiniz oralara?

- Bəli. Mənim ata tərəfim laçınlıdır. İkisinə də getmişəm.

- O evi tapdınız?

- Ata tərəfimin evini tapmışıq, bərpa da eləmişik. Ancaq Məmməd babanın evini tapa bilmədik. Heç nə qalmamışdı. Ümumiyyətlə, kənddən əsər-əlamət yox idi.

- Qarabağlı şairlərlə arası necə idi?

- Çox yaxşı. Əsas da Bəhmən Vətənoğlu ilə. Onu AzTV-yə ilk dəfə babam çıxarıb. Ən çox Dədə Şəmşirlə yaxın olublar. Babam onların evinin adamı olub.

- Vəfat eləyəndə yanında kimlər var idi?

- Mən, anam və bacım.

- Vəsiyyət eləmişdi?

- Bir evi var idi. İndi orda heç kim yaşamır. Bir də kitabxanası var idi. O da indi bizdədir. Son günlərində heç danışa bilmirdi. Ondan əvvəl son dəfə Zəlimxan Yaqubla danışmışdı. Yaddaşı gedib-gəlirdi. Ona dedi ki, həyatda hər şey boşmuş, insana qalan ailə imiş

- Ondan sizə, bizə nə qaldı?

- Sən mənim dilimi kəsə bilməzsən,
Haqsızlıq önündə susan deyiləm.
Sən mənim dünyama sıza bilməzsən,
Ucuz mətləblərə lisan deyiləm.

Rəbbim nə veribsə, nəyəmsə, buyam;
Mənim öz nərəm var, mənim öz qiyyam!
Söylədiyin nədir, nə qiymət qoyam?!
Demə ki: qulaq as! – Asan deyiləm!

Könlümün söz adlı qibləgahı var,
Yəni “La ilahə illəllah”ı var!
Mənim dərs aldığım min-min dahi var;
Cəddinə arxayın insan deyiləm.

Tənha zirvələrin yar-yoldaşıyam,
Quşqonmaz dağların ağır qışıyam,
Mən qaya parçası, çaxmaq daşıyam,
Mən çətin adamam, asan deyiləm
.
Məni üzüyola doğmayıb anam,
Hara buyursalar, orda fırlanam…
Hirsini içində boğan vulkanam,
Hələ ki, Məmmədəm, Aslan deyiləm…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar