Nizami Kino Mərkəzində  “Xocalı. Son toy...”   filminin təqdimatı keçirilib - FOTO
12 mart 2025 19:49 (UTC +04:00)

Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimatı keçirilib - FOTO

Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib.

Lent.az xəbər verir ki, “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.

“Xocalı. Son toy...” bədii-sənədli filmində də illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhval ruhiyyəsinə bürünür.

Ekran işində Azərbaycan xalqının keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır.

Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimi davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.

Filmin ideyası 1992-ci il 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.

Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.

Qeyd edək ki, filmin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.

Filmin nümayişindən sonra baş prodüseri Fuad Hüseynəliyev çıxışında filmin ideyasından bəhs edib: “Bu filmin ərsəyə gəlməsi üçün başda Ali Baş Komandan olmaqla, işğal altında olan torpaqlarımız uğrunda vuruşan igidlərə minnətdarıq. Bu filmi çəkmək Reportun əməkdaşlarının ideyası idi. Filmin ərsəyə gəlməsi kifayət qədər çətin proses olsa da, bu prosesdə biz Fövqaladə Hallar Nazirliyi, TƏBİB, Prezident Administrasiyası tərəfindən xüsusi dəstək gördük".

Filmin ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissor Yusif Ələkbərzadə ssenari və çəkiliş prosesindən bəhs ediblər.

Tədbirdə çıxış edən Xocalıda son toyun gəlini olmuş Dürdanə Məmmədova da filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: “Şükürlər olsun ki, əsir Xocalımız azad olundu. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana, qazilərimizə, bu filmin yaranmasında əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar