Yaşadığım Hövsan qəsəbəsindən üzü şəhərə gedəndə məsafə lövhəsinin üzərinə yazılmış “Horadiz 365 km” uşaqlığımızın travmalı cümlələrindən birini yadıma salır.
O vaxt hamının maraqla izlədiyi “De gəlsin”də rəhmətlik Aydın Xırdalanlının bu misraları –
Laçın, Ağdam, Şuşa işğal olunubdur beləcə,
Mavi ekranda – xəbərlərdə də baxdım o gecə.
Sabah olacaq Şuşada istilik on beş dərəcə,
Arsız-arsız havası haqda da elan veririk –
dillər əzbərinə çevrilmişdi, əslində, həqiqətlə üz-üzə dayandığımız və hansı vəziyyətdə olduğumuzun tərs şilləsi idi bu misralar.
2020-ci ilə qədər hansısa rayona gedəndə həmin məsafə lövhələri yuxarıdakı misralar kimi amansız idi. Uşaq idim deyə, Şuşaya, Füzuliyə, Cəbrayıla qədər olan məsafənin həmin mavi lövhələrdə əksi mənasız gəlirdi: düşünürdüm, buna nə ehtiyac var axı, onsuz da gedə bilmirik... Mavi ekranlarda pıçıldanan həqiqət yollarda sıralanan mavi lövhələrdə özünü daha gizlin ifadə edirdi. Bunu yalnız başa düşmək lazım idi. Başa düşdük və mən bu gün mavi lövhədə həkk olunmuş “Horadiz 365 km” yazısının altından keçib azad Füzuliyə yollanıram.
Müharibədən əvvəl Qarabağın gözəlliyindən, əzəmətindən, füsunkarlığından bəhs edən bütün bədii nümunələr öz təyinatından uzaq düşmüşdü. Görmədiyimiz nəsnə barəsində deyilən bütün cümlələr mahiyyətsiz idi. Vətən müharibəsindən sonra yeni nəsil üçün heç bir mənanı kəsb etməyən cümlə yığını da öz taleyini dəyişdi. Bir mahnı var, Həqiqət Rzayeva oxuyur. Mahnının adı “Şuşa yolları”dır. Nəbi Xəzrinin sözlərinə bəstələnmiş bu mahnının adı “Şuşa yolları” olsa da, heç bir bənddə “Şuşa” kəlməsi yoxdur. Yalnız vaxtilə oraları görən şəxslər bu mahnının Şuşaya aidlik dərəcəsini müəyyən edə bilərdilər.
Füzuliyə gedərkən radiodan həmin “Şuşa yolları” mahnısını eşidirəm. Sözlərə qulaq verib yolların sehrini dərk edirəm. Avtobusun şüşəsinə düşən damcıları görüb Füzulidə havanın necə olacağını düşünürəm. Elə bu an mahnının son bəndindəki sözlər qulağımda cingildəyir:
Döysə də qar, yağış, dolu dağları,
Dolanıb aparır dağlara yollar...
Füzuliyə çatan kimi tədbirin keçiriləcəyi 1 saylı yaşayış kompleksinin həyətinə yollanıram. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Füzuli Şəhəri Gününə həsr olunmuş tədbir üçün qızğın hazırlıq gedir. Bura ikinci dəfə gəldiyimə görə, ürəklənib yanımdakı yoldaşların bəzilərinə məhəllənin quruluşu, mağazalar, müxtəlif obyektlər barədə məlumat verirəm. Elə bu vaxt ağ saçlı qadının kanallardan birinə müsahibə verdiyini görürəm. Danışığından məlum olur ki, Vətən müharibəsi şəhidi Zalov Fəqanın anasıdı. Deyir, balalarımı çadır düşərgələrində min əziyyətlə böyütmüşəm, çox şükür ki, indi Füzulidə belə yaşayış kompleksi tikilib... Fəqanın anasının bu sözlərindən sonra kompleksin dörd bir tərəfinə zillənib bu binaların yaşayış məskənindən daha çox şeyi ifadə etdiyini düşünürəm. Elə həmin an Aqil Abbasın müsahibələrinin birində dediyi fikirlər yadıma düşür: “Bir dəfə mənə telekanalların birində sual verdilər ki, Həccə getmisiniz? Dedim, hə, iki yüz dəfə getmişəm. Aparıcı çaşıb qaldı. Dedim, mənim Həccim Ağcabədidə, Saatlıda, Sabirabaddakı çadır şəhərləridir. Mən ora getdiyimi Həcc bilirəm”.
Bu yazını yazanda şəhid Zalov Fəqanın bioqrafiyası barədə maraqlanmaq istəyirəm və məlum olur ki, onların ailəsi Sabirabadda məcburi köçkün həyatı yaşayıb, Fəqan da Sabirabaddakı məcburi köçkün düşərgəsində dünyaya gəlib... Fəqan çadırları söküb evlər tikənlər sırasına adını həkk edibmiş, öz yurdunu çadırlı ziyarətgahdan binalı ziyarətgaha çeviribmiş...
İlk gəlişimdə kompleksin həyətində gördüyüm simalar bu dəfə də qarşıma çıxır. Ev yiyəsi ədası ilə gələnləri nəzərdən keçirib “Xoş gəlmisiz!” deyirlər.
Elə bu vaxt gözümə bir nəfər sataşır və diksinirəm. Yandan gördüyüm bu kişini Süleyman Abdullayev zənn edirəm. Füzuliyə gəlməmişdən bir gün əvvəl telefonumdan oxuduğum bir mesajın məni eynilə ürpəndirdiyi yadıma düşür. Jurnalist dostlardan biri yazmışdı ki, sabah Süleyman Abdullayevin evindən canlı yayımım olacaq. Bir anlıq duruxmuşdum; axı mən əsgərlikdə olanda Süleyman Abdullayev rəhmətə getdi, xəbəri eşidən kimi bölük komandirimdən xahiş etdim ki, kompüteri bir saatlıq mənə versin. Oturub Dədə Süleymanın ölümü ilə əlaqədar yazı yazdım və “525-ci qəzet”in redaksiyasına yolladım. Yazı belə başlayırdı: “Bu boz payızın nisgilli bağrından bir tel də qırıldı. Səs müqəddəsliyinin sehrindən bir əfsun da əskildi... Elə bil Seyid təzədən öldü, Xan yenidən bu əbədi dünyaya gözlərini yumdu. Seyran Səxavətin Süleyman Abdullayevə həsr etdiyi romanın ilk cümləsi, təəssüf ki, olduğu kimi yadımda deyil, amma təqribən, belə idi: "Nə Seyidin, nə də Xanın xəbəri var idi ki, Cümşüd kişinin arvadı doğub..." Yaddaşımın bədii gücünü itirdiyi bu cümlə ilin bu səbəbsiz kədərləndiyimiz vədəsində tərsinə çevrilib səs yaddaşımızın üzünə tərs şillə kimi vuruldu. Cümşüd kişinin oğlu Dədə Süleymanın vəfatı Seyidə də əyan oldu, Xana da...”
Mesajı oxuyanda bütün bunlar film lenti kimi gözümün qabağından keçmişdi. İndi Füzulidə bu kişini də gördüm, lap diksindim. Başında Dədə Süleyman kimi buxara papaq, əynində uzun plaş, saçı ağappaq, bir sözlə, birəbir Dədə Süleyman... Amma reallıq hissim mənə dedi ki, bu kişi Dədə Süleyman ola bilməz. Mən isə reallıq hissimə inanmaq istəmədim. Füzulidən Bakıya qayıdana qədər bir dəfədə də olsun həmin kişi ilə kəlmə kəsmədim, adını, nə işlə məşğul olduğunu soruşmadım. Gündə o qədər real olmayan söz, vədə eşidib inanırıq ki... Mən də inanmaq istədim ki, Dədə Süleyman indi Füzulidədi, mən gördüyüm kişi də elə o imiş...
Aparıcı birazdan “Füzuli 530” adlı bədii-musiqili kompozisiyanın başlayacağı barədə məlumat verir. Səhnənin qarşısında dayanıb fotoqrafla söhbətləşərkən hardansa səs gəlir. Sol tərəfimdə dayanan kişinin səhnəyə zillənib çox sakit səslə nəsə oxuduğunun fərqinə varıram. O, Məhəmməd Füzulinin “Etməzmidim” rədifli qəzəli üstündə Cahangir Cahangirovun bəstələdiyi eyni adlı mahnını zümzümə edir.
– Dayı, deyəsən, əvvəllər xanəndə olmusuz? –zümzüməsinə fasilə verən kimi söhbətə başlayıram.
– Yox, əşi... Qarabağlıyıq də. Hamımızın mayasında muğam var.
– Yox, adi dinləyici bu mahnını bilə bilməz axı... Heç peşəkar xanəndələrin çoxunun bu mahnıdan xəbəri yoxdu.
Kişi bu sözlərimi eşidib qürrələnir, çöhrəsi bir az da açılır:
– Əvvəllər Füzuli toylarında masabəyi olmuşam... Bu Eldəniz var e, Məmmədovu deyirəm, elə bizim gözümüzün qabağında böyüyüb.
– Adınız nədi?
– Qənbər... Hamı mənə saatsaz Qənbər deyir, – fotoqrafın şəklini çəkdiyini görüb üst-başını səliqəyə salır, gödəkcəsinin yaxasını düzəldir.
– Deyirlər, saatsazlar üçün zaman lap sürətlə uçur.
– Bizim üçün zaman indi başladı, 30 ildir saatımız dayanmışdı. Ona görə, heç yerə tələsmirəm, hər vaxtı aramla, doyunca yaşamaq istəyirəm.
Zamanın davam etdiyi Füzulidə Məhəmməd Füzulinin nəfəsi duyulur. Arif Buzovnalı səhnəyə çıxıb deyir: “Məhəmməd Füzulini Füzuli sakinləri ilə görüşdürəcəyik”.
Məhəmməd Füzulinin keşməkeşli taleyi, incidilən ruhu və nəhayət, onun adını daşıdığı şəhərin ağrılı keçmişi... Elə bilirəm, heç nə təsadüfi deyil və paralellər arasında hansısa mistik əlaqə var – Füzulinin qəzəlləri kimi mistik, sehrli...
Arif Buzovnalı səhnə önünə gələn şəhid analarını görüb Füzulinin bu beytini xatırlayır:
Ey Füzuli, istəməz kimsə rızasilə fəna,
Mən ki bundan özgə bilməm çarə, naçar istərəm.
Arif Buzovnalı beyti deyib əlavə edir:
“Füzuli bizi bağışlasın, şair deyir, heç kim istəməz, amma şəhidlərimiz öz rızasilə fəna olmağı, könüllü olaraq bu torpağa qurban getməyi qəbul etmişdilər”.
Kompozisiyanın ardınca qala konserti keçirilir. Konsertin sonunda Füzulinin məşhur xanəndəsi, Zabul Ağabala ləqəbi ilə məşhur olan Ağabala Abdullayevin oğlu, Əməkdar artist Nizami Abdullayevin proqrama salınmadığına görə gileylənirəm.
Bir neçə saat sonra Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təşkil ediləcək tədbirə yollanırıq. Yaradıcılıq mərkəzinin həyətində Kurmanqazının ucaldılan abidəsinin üzərindəki QR kodu telefonla skan edib haqqında məlumat alıram. Bayaq avtobusda Xalid Kazımlının “Üzeyir bəy Azərbaycan üçün kimdirsə, Kurmanqazı Qazaxıstan üçün odur” cümləsi yadıma düşür və bioqrafiyası bu cümləni təsdiqləyir. Qazaxıstanın belə bir təşəbbüsü və bu təşəbbüsün Kurmanqazı kimi şəxsiyyətlə adlandırılması gözəl hadisədir. Binaya daxil olanda Qazaxıstanın bayrağının rəngləri ilə dizayn edilmiş mərkəzi heyranlıqla gəzirəm. Bakıda belə bir mərkəzin olub-olmadığı barədə düşünürəm. Foto-video montaj otağı, 3D modelləşdirmə otağı, səs yazma otağı, robototexnika otağı, musiqi sinifləri, veb dizayn sinfi… Adam lap həsəd aparır.
Bu yerlər istedad ocağı olub. Qırılmış zənciri bərpa etmək, yeni nəsli o ruha kökləmək üçün Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi təməl məsələlərdən biridir. Təkcə qalır bu mərkəzdə istedad qələbəliyi yaratmaq...
Yaradıcılıq mərkəzində təşkil edilmiş konsertdə əyləşməyə yer tapmaq mümkün olmur. Təşkilatçılar yaranmış vəziyyətdən narahat olurlar. Onlara izah eləməyə çalışırıq ki, əslində, ən gözəl mənzərə budur; insanlar konsertə gəliblər, iynə atsan, yerə düşməz, hamı musiqi dinləmək istəyir... Bayaqkı gileyim havada qalır. Proqramda Ağabala Abdullayevin oğlu Əməkdar artist Nizami Abdullayevin və sənətkarın adını daşıyan nəvə Ağabala Abdullayevin ismini görürəm.
Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşır. Fişənglər göy üzündə işıltılar saçarkən səhərki epizodu xatırlayıram; uşaqlar 1 saylı yaşayış kompleksinin həyətində basketbol oynayırlar, toplar səbətdən keçdikcə sevincdən hay-küy salıb qürrələnirlər, “topu ən çox kim çiləyəcək” bəhsi gedir, aralarında bir nəfər kimin neçə dəfə çilədiyini hesablayır, sonra sıra ilə topu səbətə atırlar, hesablamaq üçün seçilən oğlan bu dəfə səbətdən keçən topları sayıb barmaqlarını yumur, ayağında çəkələk olduğundan, ayaq barmaqlarının da hesabda köməyinə çatdığının fərqinə varıram.
O qırmızı basketbol topları yerə düşür və partlamır. Neçə dəfə yerə düşdüyü barədə də mətbuatda xəbər yayılmır. Çünki bu toplar öldürməyə və yerlə yeksan eləməyə hesablanmayıb.
Vaqif Bayatlının bir misrası var: “Evimizin divarındakı çatlar, sizi daşıdım ürəyimdə”.
Fişənglərin gurultusu altında basketbol topunu səbətdən keçirən uşaqları fikirləşə-fikirləşə bu misra keçdi ağlımdan. Biz top mərmilərini səmaya daşıdıq, qaranlıq olsa da, fişənglərin işıltısı ilə ağarmış dan yerinə bənzəyən səmaya...
Foto - İlkin Nəbiyev © APA GROUP