Tamaşaçının belə, harda alqışlamaq, harda susmaq, harda tərki-dünya olmağı bildiyi bir məclisi-ünsdən bayıra-həyata çıxanda gördüm ki, dünyadayam və içimdə saflığa qovuşmuşam... Var olsun, belə sənət. Muğamı beşiyi Qarabağda da dinləmək arzusu ilə... keçirəm mətləbə.
Milli Konservatoriyanın həndəvərində iynə atsaydın, yerə düşərdi e, amma maşınların üstündən sürüşəndən sonra. Bu qələbəliyin səbəbi gedişatda bəlli olacaq.
Qapının ağzında bizi səliqəli geyimli gənclər qarşıladılar. “Konsertə gəlmisinizsə, buyurun”, - deyib liftə qədər müşayiət edib 7-ci mərtəbəyə qalxacağımızı bildirdilər.
Bu yaraşıqlı binanın 7-ci mərtəbəsində böyük konsert zalı var.
Musiqi Akademiyasının və Milli Konservatoriyanın tədbirləri - xüsusən, canlı konsertlərinin aşiqiyəm. Heç yerdə almadığın zövqü-səfanı bu konsertlərdə yaşayırsan. Əsasən tələbə ifaçılar çıxış edirlər. Hələ ilk səhnələrinə çıxan bu gənclər o qədər istedadla, həvəslə çalıb-oxuyurlar ki, düşürsən onların musiqili-sehrli aləmlərinə.
Qınamayın məni, muğamlar da, xalq, bəstəkar mahnıları da bu musiqinin hələ məktəbini keçən gənclərin ifasında daha cazibəlidir. Hələ aralarında da ustadları olanda daha maraqlı gəlir adama. Çünki ürkək-ürkək çıxış edirlər. Birdən nəyisə düz etməsələr - ustadlarının gözağartması ilə qarşıya-qarşıya qalarlar deyə. Belə ürkəkliyin özündə də saflıq olduğundan çox gözəldir. Saflıq - gənclikdir, gəncliksə gözəllikdir. Onun da üstünə canlı və səviyyəli musiqini gələndə...
Bu dəfə də, elə idi...
Zal dolmuşdu artıq, yenə iynə düşdü yadıma. Ağlınıza heç nə gəlməsin, məsəli deyirəm, yəni iynəni atsaydın, tamaşaçının başına düşərdi, yerə düşmək ehtimalı azdır, maşına baxmayın, onun üstündən sürüşüb yerə düşə bilərdi. Zalda isə saçları uzun, gur oğlan(!) və qızların başında itib qalardı. Bu günün sənətkarları – müəllimlər oturacaqları tutduqlarından gələcəyin sənətkarları – gənclər elə pilləkənlərin üstündə məskunlaşmışdılar. Ayaq üstündə divar boyu düzülənlər də vardı.
Yaxşı ki, birinə təcili zəng gəldi, o durub çıxmasa, mən də ayaq üstündə qalası idim. Fotoqraf İlkin isə işini bilir, fotoaparatını qabından çıxarıb düşdü zalın dörd tərəfinə işinin icrasına. Ona yer lazım deyil, hər yer onun üçün yerdir.
Konsert təyin olunduğu vaxta beş dəqiqə qalmış Konservatoriyanın direktoru bəstəkar professor Siyavuş Kərimi təşrif buyurdu, yanında da uzun saqqalı hörmətli qonağı. Yanında əyləşdiyim sənətşünas Lalə xanım Hüseynovadan öyrəndim ki, qonaq Norveçdən gəlib, xoreoqrafdır, hər il bizim tələbələrə ustad dərsi keçmək üçün dəvət olunur.
Hə, konsertin səbəbini deməmişəm axı. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli qərarı ilə “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında xüsusi fərman verilib. Gələn il bu ocağın 20 yaşı olacaq. İndidən tədbirlərə start verilib. Həm də rektorun 65 illik yubileyidir. Üstəgəl və ən əsası Nəsiminin 650 illiyidir. Nəsimi də ki, qəzəl ustası. Konservatoriya isə yaxşı qəzəli muğam üstündə ifa edənlərin ocağı.
Qonaqla rektor əyləşən kimi, təyin olunan vaxtda səhnənin pərdəsi açıldı. Bayaqdan hökm sürən havasızlığa da bununla son qoyuldu. Çünki yeganə açıq pəncərə pərdənin arxasındakı imiş, indi ordan zala təmiz hava doldu. Bir azdan nə hava, nə havasızlıq yada düşməyəcək...
Xalq artisti, ustad Mənsum İbrahimov ortada əyləşmişdi. Ətrafında tar və kaman - əməkdar artistlər Elnurla, Elçin, arxada ud, kanon və digər instrumental ifaçılar. Sağ və sol cinahlar isə Mənsum müəllimin tələbələrinin idi. Gözəl qızlar və oğlanlar düzülmüşdü iki sıra. Bu düzümün özündən məsuliyyət, həyəcan tökülürdü. Görünür, ustaddan gələn işinə məsuliyyət tələbələrinə də hopub. Ona görə də tamaşaçı da özünü yığışdırır, hiss edir ki, peşəkar sənətin nümayişindədir və qarşısındakına yanaşmasına belə diqqət edir.
Başlandı... Nəsimi ilə
Allahü əkbər, ey sənəm, hüsnünə heyran olmuşam,
Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam –
deyə, Mənsum İbrahimov “Rast”la zalla səhnəni bütövləşdirdi. Elə-belə söz xatirinə demədim, doğrudan da elə bil musiqinin ahəngi ilə tamaşa zalı ilə səhnə bütövləşib bir can olmuşdu. Həm də canlı bir orqanizm.
Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir,
Eşqində mən bülbül kimi aləmdə dəstan olmuşam.
Kövnü məkandan keçmişəm, mə’na şərabın içmişəm,
Cananın üzün görmüşəm, başdan ayaq can olmuşam – xanəndə oxuduqca qapısının ağzına qədər dolu zaldan kənar bir səs-səmir gəlmirdi. Hamı üzü səhnəyə, ruhu göylərə sehrlənmişdi.
Arada qoşulub onlara oxuyurdum, özümü saxlaya bilmirdim, qarabağlıyam axı, qanımdadır muğam. İndi düşünürəm ki, nə cəsarətlə o qədər sənətkarın və namizədlərin əhatəsində ağzımı mən də açmışam, oxumuşam, utanmadan. Məsələ elə ondadır da, utanmasan oxumağa nə var...
Xanəndə tələbələri ilə
“Evlərinin önü yonca,
Yonca qalxıb dam boyunca.
Boyu uzun, beli incə
Ninnə yarım, innə,
“Əsmər yarım, ninnə” deyəndə, öz-özümə düşündüm ki, görəsən Nəsiminin qəzəlindən sonra İran-kərkük mahnısına keçməyi muğam ustadları necə adlandırırlar? Yəni keçid deyirlər e, bax, onun adını bilmək istədim. Bilməmək çox utanc gətirəndir. Bax, musiqi savadım olsaydı, bu yerdə onun adını da deyə bilsəydim, daha elitar görünərdim. Amma təsəllim odur ki, burda özümün görünməyim deyil mətləbi-məqsədi musiqidir, sənətdir, sənətkardır, mən öz işimlə məşğul olum yaxşısı budur.
Də’vi mənəm, qazi mənəm, münkir mənəm, razi mənəm,
Tağı mənəm, yazı mənəm, mən külli-dövran olmuşam –
oxuduqca Mənsum İbrahimov ətrafındakı sənətkar ifaçıların hər birinə yol açırdı. İnstrumental musiqiçilər də görünürdü, tələbə xanəndələr də. Yəni səhnədəki hər kəsin və hər alətin yeri, rolu vardı. Mənsum İbrahimov “burda mənəm, Bağdadda kor xəlifə” demək fikrindən çox uzaq sənətkardır. Onu həmişə yetirmələri ilə fəxr edən görmüşəm.
Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm,
Ərni mənəm, heyran mənəm, dərd ilə dərman olmuşam... və keçid
“Allı – güllü Leyla, şirin dilli Leyla,
Ay qız, Leyla, hey...hey...”
İlahi, necə gözəl alınır. Birdən düşünürəm ki, öz aləmimdəyəm, axı, reportaj fikriylə gəlmişəm bura. Ətrafa baxıb görürəm ki, hamı elə mənim günümdədir - tərki-dünya. Hələ norveçli qonaq elə diqqət kəsilib ki, elə bil, həm də oxuyanın nə demək istədiyini anlamağa çalışır.
Nə gözəl hissdir bu qədər adamı özünə məftun etməyi hiss etmək. Səhnədəkilər bunu hiss edirlərmi, görəsən? Suala bax e, əlbəttə hiss edirlər. Hiss etməsələr bu tandem alınmaz ki... Onlar tamaşaçıdan aldıqları enerji ilə bu qədər yüksələ bilirlər, zatən. Ruhu yüksəlişi deyirəm, onu yaradan enerjidir, insanın insana verdiyi enerji...Tanrıya da aparan odur...
Tələbə xanəndələr arasında bir səsə diqqətimi çox çəkir. Sonradan öyrənirəm ki, hardasa 30 yaşlarında olan bu oğlan hələ 1-ci kurs tələbəsidir. Başqa yerlərdə təhsil alıb, görüb ki, yox e, səsi onu göylərə çəkir, axırda gəlib çıxıb Milli Konservatoriyaya. İndi onun səsi dinləyəni çəkir göylərə. Çox qeyri-adi səsi var. Hamı onu səsindən tanıyacaq, o qədər nadir səs sahibidir. O biriləri də gözəl oxuyur ha, amma biri də var onlarla səsin içindən seçilən səs – mində bir olan xoşbəxtlikdir. Nə bilim, bəlkə də xoşbəxtlik deyil... nisbi məsələdir xoşbəxtlik. Tələbələrinə verdiyi meydanı hər qəzəlin sonunda ustufca öz əlinə alan ustadın ifası adamı elə bil axar çayın girdabında aparıb okeana qərq edirdi.
Zahid mənəm, abid mənəm, asi mənəm, fasiq mənəm,
Mö’min mənəm, kafir mənəm, mən külli-insan olmuşam.
Arada “Dilbar a” – da getdi. Muğam üstündə Nəsiminin əksər qəzəlləri oxundu.
Mən də öz aləmimdə heç vaxt yadıma düşməyən bir olayı xatırlayıram. 1986-cı ildə bölgələrdən istedadlı səsləri seçib Asəf Zeynallı adına musiqi məktəbinə gətirirdilər. Musiqi müəllimimiz işinin peşəkarı idi, yəni peşəkar bir musiqiçi. Mənim səsimin də vurğunu olmuşdu. Deyirdi, arxasınca getsən, məşhur olacaqsan. Mənim də ağlıma batmırdı ki, batmırdı, başqa yolum vardı.
Bizim məktəbə Sara Qədimova gəldi. Musiqi müəllimim məni də dinləməsi üçün çox dilə tutdu. Özümü bilirəm də, bilirəm ki, mən utancaqlıqdan orda nəinki oxuya, heç nəfəs ala bilməyəcəm. Elə də oldu. Məktəbdə, evdə, özümünkülərin yanında cəh-cəh vuran Ramilə Sara Qədimovanın qarşısında xırıldadı. Təbii ki, seçilmədim. Musiqi müəllimim lal-dinməz üzümə baxıb necə məyus olmuşdusa, bir az da onun xəcaləti məni uzun müddət incitdi ki, adamı pərt etdim. Nə isə o vaxt Sara Qədimova işinin xiridarı olub anlasaydı ki, mənim utandığımdan səsim boğuldu və məni vəziyyətdən çıxardıb yenidən dinləsəydi...
Hə, nə olasıydı guya, bu gün Mənsum İbvrahimovla “Rast” üstündə
Uçmaq ilə rizvan mənəm, damu ilə niran mənəm,
Dana ilə nadan mənəm, həm inü həm an olmuşam.- oxuyacaqdın?)))
Əlqərəz, musiqinin ağuşunda getdiyim yerlərdən onun ağuşunda da qayıtdım yer məkanıma.
Gəh çıxmışam Isa kimi, çərx üstünə oturmuşam,
Gəh varmışam Yusif kimi, Misirdə sultan olmuşam.
Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,
Şimdi gərçi Nəsimiyəm, Haqq ilə yeksan olmuşam –
Misraları ilə bu zövq məclisinə son vuran ifaçılar pərvaz edib səhnəyə qonanda mən də yerdə olduğumun fərqinə varıb, hiss etdim ki, yanımda əyləşən yaşlı kişi mənə nə isə pıçıldayır.
- “”Rast”la başlayıb çox gəzişdilər, “Rast”la da tamamladılar, bərəkallah, gözəl gəzişdilər”. Budur tamaşaçı, mən də özümü musiqi bilən sayıram. Mən yalnız onun qanadlarına uça bilərəm, nə ilə başlayıb, necə gəzişib, nə ilə bitirdiklərini isə belə muğamşünaslar bilər...
Tamaşaçı “hurrey” edib səhnəyə cumanda bildim ki, bu seli yarıb sənətkarla görüşə bilməyəcəm, amma birtəhər imkan tapıb sonunda mən də təbrik edə bildim onu belə möhtəşəm performansa görə. Deyəsən, performans sözü yerində olmadı, bu yerdə dəsgah yerinə düşür.
Tamaşaçının belə, harada alqışlamaq, harada susmaq, harada tərki-dünya olmağı bildiyi bir məclisi-ünsdən bayıra-həyata çıxanda gördüm ki, dünyadayam və içimdə saflığa qovuşmuşam...
Var olsun, belə sənət. Muğamı beşiyi Qarabağda da dinləmək arzusu ilə...
Foto – İlkin Nəbiyev © APA GROUP