“Mən evə qayıdıram” filminin çəkilişləri 51 günə yekunlaşdı –
17 iyun 2011 14:12 (UTC +04:00)

“Mən evə qayıdıram” filminin çəkilişləri 51 günə yekunlaşdı –

Müdafiə Nazirliyinin yardımları ilə ərsəyə gələn film hərbi vətənpərvərlik mövzusundadır. Filmin quruluşçu rejissoru Samir Kərimoğlunun Lent.az-a verdiyi məlumata görə, ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir: “Bu film Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinədir”.



Rejissor bildirib ki, hazırlıq müddəti iki ay davam edən filmin çəkilişləri 51 günə yekunlaşıb: “Buna səbəb çəkilişləri yay aylarına kimi qurtarmaq istəyimiz idi. Tarixi və geniş həcmli film üçün bu, çox qısa zaman kəsiyidir. Heç bir yerli tarixi film belə qısa müddətdə çəkilməyib”.


“Mən evə qayıdıram” filmində canlı səsyazma sistemindən istifadə olunub. Rejissor deyib ki, dünyanın qabaqcıl kino ölkələrində istifadə olunan bu sistem indiyədək Azərbaycanda çox az tətbiq edilib: “Çəkiliş zamanı canlı səs yazmaq həm çətin, həm də bahalı işdir. Bu çəkilişin müddətini iki qat uzadır. Filmdə xarici aktyorlar da rol aldığından bu sistemdən istifadə qaçılmaz idi. Qeyd edim ki, seçimlərdə filmə uyğun səs tembri olan aktyorlara xüsusi diqqət yetirdik. Ona görə əminliklə deyə bilərəm ki, filmdə aktyorların səsləri olduğu kimi qalacaq”.



Qeyd edək ki, çəkilişləri Quba, Sitalçay, Kürdəmir, Xızıda aparılan filmdə xalq artistləri Yaşar Nuri (Ağasəlim), Fuad Poladov (müstəntiq Səlimov), Emil Bədəlov (Tərlan Seyidzadə), Murad Abdullayev (leytenant Fərhad Məmmədov), Kamran Ağabalayev (mayor Savalyev), Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenka çəkiliblər. “Mən evə qayıdıram” filminin ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssam Əziz Məmmədovdur.

Xəyalə Muradlı
# 1956

Oxşar yazılar