Əbülfəs Qarayev: “Aydan Salahovanın əsəri müəllifin öz istəyi ilə örtülüb...”
16 iyun 2011 17:03 (UTC +04:00)

Əbülfəs Qarayev: “Aydan Salahovanın əsəri müəllifin öz istəyi ilə örtülüb...”

“Artıq üçüncü dəfədir ki, Azərbaycan Venesiya Biennalesində təmsil olunur. Azərbaycan pavilyonunun təşkilinə maliyyə və təşkilati dəstəyi isə dövlət verir. Əgər burada söhbət hansısa siyasi maraqlardan, maneələrin yaranmasından gedərdisə, o zaman ümumiyyətlə bu iş görülməzdi. Aydan Salahova və digər rəssamların əsərləri hazırlıq dövründə 6-8 ay müddətində müəlliflər, kuratorlar tərəfindən müzakirə olunub, hazırlıq gedib və sonra ora çıxarılıb”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Venesiya Biennalisində azərbaycanlı rəssam Aydan Salahovanın əl işlərinin narazılıq yaratması ilə bağlı dünya mətbuatında dərc olunan məqalələrə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, eyni məsələ ilə bağlı elə bu gün Böyük Britaniya jurnalına müsahibə verib: “Biz qabaqcadan bilirdik orada nə və necə olacaq. Texniki səbəblərə görə, əsərlər daşınanda müəyyən zədələr aldı. Müəllifin öz qərarı ilə əsər örtüldü ki, o zədələr görünməsin. Məndən bu əsərin hansısa dini, milli mənsubiyyəti ilə bağlı olduğunu soruşdular. Əgər biz hansısa əsəri örtmək niyyətində idiksə, əvvəlcədən qoymazdıq. Binanın birinci mərtəbəsində bu fiqur bağlanır, ikinci mərtəbəsində açıq qalırsa, burada hansı məntiq var? İstəsəydik, hamısını bağlayardıq”.

Nazir qeyd edib ki, bu məsələdə respublika rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və digər vacib qurumların adının çəkilməsi bir sensasiya yaratmaq meylidir: “Bizim mövqeyimiz budur – bu, müəllifin və komissarın qərarıydı, onlar ordan götürüldü. Amma bununla sərgimiz nə zəiflədi, nə də pis oldu. Bu da üçüncü il iştirakı ərzində Azərbaycan incəsənətinin qazandığı uğurdur”.

Xəyalə Muradlı
# 1042

Oxşar yazılar