Ənvər Həsənov: “Cəlalın ölümü mənim ölümümə səbəb olacaqdı...”
30 aprel 2010 13:00 (UTC +04:00)

Ənvər Həsənov: “Cəlalın ölümü mənim ölümümə səbəb olacaqdı...”

“Yeddi oğul istərəm” – IV yazı


… Bakının tarixini hər daşında əks etdirən qədim İçərişəhərin dar məhəllələrinin birində tanınmış rejissor Arif Babayevlə qonşuluqda bir gənc oğlan yaşayırdı. Həyat eşqi ilə dolu olan, damarlarında qanı coşub daşan bu çılğın gəncə rejissor hər zaman fikir verərmiş. Bu gənc oğlanın hər bir hərəkəti, oturuşu-duruşu, davranışı, danışığı rejissorun diqqətindən kənar qalmazmış.


Onunla söhbət əsnasında isə həmişə “hazırlaş, səni filmə çəkəcəm” deyə xəbərdarlıq edərmiş. Çox keçmir ki, rejissor sözünə əməl edir. 11-ci sinif şagirdi olan bu oğlanı quruluş verdiyi filmdə baş rolu ifa etmək üçün sınaq çəkilişlərinə dəvət edir. Tale elə gətirir ki, gənc bu çəkilişlərdən uğurla keçir və Bədii Şura onu “Uşaqlığın son gecəsi”ndə Murad roluna təsdiq edir. Tezliklə bu rol onun həyatında yaşıl işıq yandırır. Və sənətdə vizit vəsiqəsinə çevrilir, aktyor və rejissor, əməkdar artist Ənvər Həsənovun.



“4 il kursda oxudun azlıq elədi ki, gəldin buranı da oxuyasan”


Əməkdar artist Ənvər Həsənov 1950-ci ildə Bakıda dünyaya göz açıb. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. Kursda Adil İsgəndərovla bahəm digər tanınmış rejissorlar da dərs keçir, şagirdləri təcrübəyə, obyektlərə aparır, rejissor, aktyor sənətilə tanış edirdilər. 1969-cu ildə kinoaktyor kursunu bitirib Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. Xoşbəxtlikdən institutda da onun kurs rəhbəri Adil İsgəndərov olur. Adil İsgəndərov həmişə ona zarafatla “4 il kursda oxudun azlıq elədi ki, gəldin buranı da oxuyasan”, - deyərmiş.


“Muradın taleyi hardasa mənim taleyimlə bağlıdır”


1966-cı ildən başlayaraq, Ənvər bir neçə filmdə epizodik rola çəkilir. Sonralar isə “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və digər filmlər olmaqla 35 kinoda bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradır. Ancaq Murad obrazı onun karyerasında dönüş nöqtəsi olur. ““Uşaqlığın son gecəsi” filmindəki Murad rolu ilə demək olar ki, öz həyatımı oynamışam. Çünki Muradın taleyi hardasa mənim taleyimlə bağlıdır. Mən də Murad kimi İçərişəhərdə böyümüşəm, onun kimi dələduz olmuşam. Murad məktəbi təzə qurtarmışdı. Mən isə hələ 11-də oxuyurdum. Bu film həm tamaşaçılar tərəfindən yaxşı qarşılandı, həm də 5 mükafat birdən qazandı. Maqsud İbrahimbəyov, Arif Babayev, Zaur Məhərrəmov, Polad Bülbüloğlu və mən öz işimizə görə diplom qazandıq”.


“... Səhəri gün çəkilişə çənəsi sınmış və göyərmiş vəziyyətdə gəldim”


Ənvər Həsənov uşaqlığının son gecələrində baş vermiş maraqlı hadisələri hələ də xatırlayır. Bu xatirəni danışarkən gülüşünü gizlədə bilmir: “Filmin çəkilişlərinin getdiyi günlər idi. O vaxt mənim gənc və çılğın vaxtlarımdı. Dost, tanışım da çox idi. Bulvarda “Venesiya” restoranı təzə açılmışdı. Biz də çəkilişdən sonra yeddi dostumuzla birlikdə ora yeməyə getmişdik. Dostlardan biri “İnturist”dən aldığı şampan şərabı şüşələrini stolun üstünə qoyub tələm-tələsik “mənə sataşıblar, bir dəqiqə gözləyin gəlirəm”, - deyib getdi. Biz də nə baş verdiyini öyrənmək üçün onun arxasınca yollandıq. Onlar üç nəfər idilər. Haqsızlıq olmasın deyə üç-üç dalaşmağa başladıq. Bu zaman mən onlardan birinin əlində beşbarmaq olduğunu gördüm. Tez qaçıb oğlanın əlindən tutmaq istəyəndə beşbarmaq çənəmə dəydi və çənəm partlayıb qanamağa başladı. Mənə ilk yardım göstərilsə də, səhəri gün çəkilişə çənəsi sınmış və göyərmiş vəziyyətdə gəldim. Arif müəllimlə söhbət edərkən yaranı gizlətmək üçün əlimi çənəmin üstündən çəkmirdim. Axırda rejissor “əlini ağzından çək görüm nə danışırsan axı” dedi. Əlimi çəkəndə ağzımın partlayıb göyərdiyini gördü və hirslənib özündən çıxdı. Səhəri gün hara gedirdimsə, yanıma bir adam da qoyurdu ki, məni qorusun. Bu hadisədən sonra filmin çəkilişləri 3-4 gün dayandırıldı”.
Ənvər Həsənovun çənəsində indiyədək qalan çapıq izi isə həmin o illərin yadigarıdır.


Onun indiyədək 35 rolu, 35 adı olub. Ancaq tamaşaçıların yaddaşında daha çox Murad və Cəlal obrazı ilə qalıb. Gənc ikən o tarixi filmlərdə çəkilmək, hansısa tarixi qəhrəmanın obrazını yaratmaq arzusunda olub. Bu arzusuna tam çatmasa da, “Babək” filmindəki Tarkan obrazı ilə “yanğısına su səpib”. Özünün dediyinə görə, bəlkə də o rol bir az kiçik olduğuna görə daxilini, potensialını aça bilməyib.



“Çəkilişdən əvvəl meydança təmizlənmişdi, ancaq bir kiçik daş nəzərdən qaçmışdı”


O ki qaldı rejissor Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmindəki Cəlal obrazına, bu rolun sonuncu sınaq çəkilişlərinə Ənvər Həsənov da dəvət edilmişdi. Çəkilişlərə o vaxt Ənvər Həsənovla həmyaşıd olan bütün aktyorlar qatılmışdı. Ancaq xoşbəxtlik quşu bu gənc aktyorun başına qonur və Cəlal roluna məhz o çəkilir. Filmin çəkilişləri Qobustan, Fatmai, Mərdəkan, Şağan, Buzovna kəndlərində və kinostudiyanın həyətində qurulmuş pavilyonda aparılırdı: “Bir tərəfdən yayın qızmar havası, digər tərəfdən isə aktyorların geyimləri çəkilişlərdə çətinliklər yaradırdı. İşıq qurulub, kamera dayanıb, aktyor da lazım olan vəziyyəti alıb. Bir də gördün aktyor addımını çox atdı işıqdan çıxdı, az atdısa, işığa düşmədi. Ona görə də istənilən nəticəni almaq üçün bir kadr bir neçə dəfə çəkilirdi. Mənim üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Cəlal dağa, dərəyə çıxır, qayalıqları keçir, neçə yerdən qaçır, atılıb-düşür və həmin vəziyyətdə dayanır, Gəray bəyin qarşısında. Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi. Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi. Axırıncı gülləni Gəray bəy vurur. Həmin gülləylə də Cəlal yerə yıxılaraq ölür. Mən yerə yıxılan vaxt çəkiliş qrupundan qəribə səs eşidildi. “Stop” deyildikdən sonra hamı mənim başıma yığışdı və asta-asta başımı qaldırdı. Demə, yıxıldığım yerdən azca kənarda sivri ağızlı daş varmış. Əgər bir az da kənara yıxılsaydım, daş gicgahıma bata bilərdi. Cəlalın ölüm səhnəsi az qala mənim ölümümə səbəb olacaqdı. Çəkilişdən əvvəl səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən qaçmışdı. O çəkilişdən sonra bir həftə işə çıxmadım. Bu səhnələr heç vaxt yaddan çıxmaz”.


“Qoy gəlsin filmimizi çəkib qurtaraq, isti vurub başımıza”


Yeddi oğul filmdəki kimi həyatda da bir-birinə yaxın münasibətdə idilər. Film çəkilən müddətdə onların yeddisi də bir yerdə qalar, birlikdə yeyər, birlikdə gəzməyə gedərdi. Hansısa şənliklərdə də bu oğulları birlikdə görmək olardı. Bəlkə də filmin yüksək səviyyədə alınmasında bu amillər də öz rolunu göstərib: “Yeddi oğulları heç kim və heç nə bir-birindən ayıra bilmirdi. Amma bizi də bir-birimizdən ayıran qüvvə tapıldı. Təəssüf ki, 7 nəfərdən üçümüz qaldıq. Ölüm bizi bizdən ayırıb aparır. Çətin də olsa, neyləməli. Həyatın qanuna qarşı çıxa bilmərik”.



Onların arasında zarafatları da əksik olmazdı. Ənvər Həsənovun Mirpaşa - Elçin Məmmədovla zarafatı həddən artıq idi. Ənvər Həsənov Qobustanda aparılan çəkilişlər zamanı baş vermiş gülməli bir hadisəni xatırlayır. Uzun müddətlik və ağır çəkilişlərdən sonra aktyorlar istirahət etmək üçün kölgə axtarışına çıxırlar. Birdən əllərində torba və uzun çubuqlar olan iki kişinin gəldiyini görüb onların ilan tutan olduğunu anlayırlar. Həmin kişilərə yaxınlaşıb ilanlar barədə söhbət etməyə başlayırlar. Hamının diqqəti ilanlara yönələn anda Elçin Məmmədov yavaşca yaxınlaşıb Hamlet Xanızadənin (filmdə Gizir rolunu ifa edir) ayağından elə tutur ki, guya onu ilan çalır. Bu zaman Hamlet Xanızadənin rəngi ağarır və ürəyi zəif olduğundan huşunu itirir. Aləm dəyir bir-birinə. Tofiq Tağızadə gəlib ilan tutanları qovur. Hamlet Xanızadəni 15-20 dəqiqədən sonra özünə gətirirlər. Ayılandan sonra Hamlet Xanızadə qisas almaq üçün Elçini axtarmağa başlayır. Elçin Məmmədov isə bunu əvvəldən bildiyi üçün qaçıb gizlənmişdi. Axırda “qoy gəlsin, filmimizi çəkib qurtaraq, isti vurub başımıza” deyə Xanızadəyə müraciət edirlər. Nəhayət, çətinliklə də olsa aktyorları birtəhər barışdırmağa müvəffəq olurlar.



“Yeddi oğul istərəm” Ənvər Həsənovun çəkildiyi sayca dördüncü film idi. Ümumiyyətlə, o, Azərbaycanın böyük aktyorlarının demək olar ki, hamısı ilə birlikdə çalışıb. Adil İsgəndərovun tələbəsi olmaqla yanaşı, 3 filmdə – “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə” və “Qatır Məmməd”in birinci variantında onunla tərəf müqabili kimi çalışıb. “Buna görə özümü xoşbəxt hesab edirəm. İsmayıl Osmanlı, Həsənağa Turabov kimi aktyorların qarşısında özümü həddən artıq məsuliyyətli hiss edirdim. Onlar mənim üçün avtoritetdirlər. Bu gün də özümdən yaşca böyük adamlar qarşısında məsuliyyət hiss edirəm. Bu həm məsuliyyət, həm də hörmətdir. Təəssüf ki, elə gözəl sənətkarlar indi bizim aramızda yoxdur. Onları yaşadan isə filmləri, obrazlarıdır”, deyir Ənvər Məmmədov.



2 filmdə tərəf müqabili olmuş Mömünat xanımla ailə qurur


“Uşaqlığın son gecəsi” və “Yeddi oğul istərəm” Ənvər Həsənovun sənətində dönüş yaratsa da, “Qaçaq Nəbi” şəxsi həyatında böyük dəyişikliyə səbəb olur. Ənvər Həsənov onun sənətini başa düşən, sənət yoldaşlarına qısqanmayan, kinonun incəliklərini duyan birilə ailə qurmaq arzusunda olur. Və məhz bu filmdən sonra arzusuna çatır. O, “Qaçaq Nəbi” filmində Həcər rolunun ifaçısı Mömünat xanımla ailə qurur. Onların ilk tanışlıqları “Dərviş Parisi partladır” filmindən başlamışdı. Həmin filmdə Mömünat xanım Şərəfnisə, Ənvər Həsənov isə Şahbaz rolunda tərəf müqabili kimi çalışıblar. İkinci dəfəsə “Qaçaq Nəbi”də birgə çəkiliblər. Ənvər Həsənov Qaçaq Nəbinin cavanlığını, Mömünat xanım isə Həcər obrazını yaradır. Tezliklə bu birlik ailə həyatı ilə nəticələnir. İki sənət adamı uzun illər mehriban yaşayırlar. Ta ki... Üç il öncə avtomobil qəzasında Mömünat xanım həyatını itirənə qədər. O vaxtdan etibarən Ənvər Həsənov üçün həyatın dadı qalmayıb. İndi yalnız övladları, nəvələri üçün yaşayır.



45 ildir, sənətdə olsa da, hələ də əməkdar artistdir



O ki qaldı sənətinə... Ənvər Həsənov artıq 45 ildir, sənətdədir. Onu da xoşbəxt təsadüf hesab edir ki, bu il “Yeddi oğul istərəm” filminin 40, özününsə anadan olmasının 60, yaradıcılığının 45 illik yubileyidir. Ancaq bu uzun illik sənət yoluna baxmayaraq, Ənvər Həsənov hələ də əməkdar artistdir: “Düzdür, adama pis təsir edir. Fikirləşirsən ki, sən gördüyün zəhmətin, əziyyətin heç yarısını da görməyənlər çoxdan xalq artistidir. Sadəcə olaraq mən heç vaxt heç nəyə görə kiməsə ağız açmamışam, bundan sonra da bu fikirdə olmayacağam. Amma bir şey də var ki, elə xalq artisti var, onu heç xalq tanımır. Amma mən əməkdar artist olsam da, hamı məni sözün əsl mənasında xalqın artisti hesab edirlər. Bax buna görə sevinməyə, yaradıcılığını davam etdirməyə dəyər”.


P.S. Növbəti yazı Zalımoğlu – Ələsgər İbrahimova həsr olunacaq.


Xəyalə MURADLI

xeyalelent@gmail.com
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2245

Oxşar yazılar