Rafiq Əzimov: “Aktyorlara gündəlik 25, atlara isə 50 manat verilirdi”
22 aprel 2010 18:30 (UTC +04:00)

Rafiq Əzimov: “Aktyorlara gündəlik 25, atlara isə 50 manat verilirdi”

“Yeddi oğul istərəm” – II yazı

... Arıq, cılız və bir az da xəstə olmasına baxmayaraq, dostlarından heç geri qalmazdı. Onlar qədər cəsarətli, güclü, iradəli, döyüşkən əzmə malik komsomoldu. Sinfi düşmənlərə qarşı əqidə dostları ilə birgə çarpışır, maneələrə, təzyiqlərə baxmayaraq, nəfəsi kəsilə-kəsilə qələbəyə doğru irəliləyirdi. Adı da Şahsuvar idi. O Şahsuvar ki, son damla qanına qədər vuruşdu, vuruşdu və...


Ailəsinə heç nə demədən sənədlərini Teatr İnstitutuna təqdim edir


... 1938-ci ilin ayazlı, şaxtalı bir qış günündə – fevralın 6-da Bakının qədim evlərinin birində körpə səsi eşidilir. Ancaq çox keçmir ki, bu uşaq atasız böyümək məcburiyyətində qalır. Birinci Dünya Müharibəsi başlayır. Atası müharibəyə gedəndə onun cəmi 3 yaşı vardı. Təbii ki, müharibənin çətinliyi onlardan da yan keçmir. Ailənin bütün yükü anasının üzərinə düşür. İşləyib ailəni dolandırmaq, iki oğlunu saxlamaq məcburiyyətində qalır. Ancaq “pis günün ömrü az olar” deyirlər. Müharibə başa çatır və 2 ildən sonra atası yenidən ailənin başına qayıdır.



Həmin il Rafiq birinci sinfə getməyə başlayır. Məktəbə qədəm qoyduğu ilk illərdən bu uşaqda aktyor sənətinə maraq yaranır. Sənət aləminə ilk gəlişi isə hələ 4-cü sinifdə oxuyarkən olur. Səsi yaxşı olduğu üçün onu məktəbdə yeni yaradılmış xor dərnəyinə üzv yazırlar. Həmin illər məktəbdəki tar və dram dərnəyinə də gedir. Sonra bir il 26 Bakı komissarı adına mədəniyyət sarayında Əli Qurbanovun təşkil etdiyi uşaq dram dərnəyinə, bundan sonra bir neçə il Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi böyüklər üçün dram dərnəyinə üzv olur. Burda müxtəlif xarakterli obrazlar yaradır və sənətə daha çox bağlanmağa başlayır.


Məktəbi bitirəndən sonra həyatını əbədi olaraq aktyorluq sənətinə bağlamaq qərarına gəlir - gələcəyin tanınan və sevilən aktyoru Rafiq Əzimov. Ailədə bu seçimi narazılıqla qarşılansa da, evdə heç kimə demədən sənədlərini təqdim edir və Mirzağa Əliyev adına Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitutda oxuduğu 4 il ərzində 5 əsəri kurs işi kimi təhvil verir. Bu əsərlərdən üçü - Sabit Rəhmanın “Toy” komediyasını, Nazim Hikmətin “Bayramın birinci günü” və Löpe De Veqanın “Nə yardan doyur, nə əldən qoyur” tamaşaları Akademik Dram Teatrında, Korneçukun “Polad Qartal” və Molyerin “Zorən təbib” tamaşaları isə Gənc Tamaşaçılar Teatrında göstərilir.



İnstitutu qurtarandan sonra Rafiq Əzimovu, eləcə də tələbə yoldaşları Həsən Məmmədov və Eldəniz Zeynalovu Mədəniyyət Nazirliyinin təyinatı ilə Akademik Dram Teatrına göndərirlər. O vaxtdan indiyə qədər Rafiq Əzimov bu teatrda bezmədən, usanmadan, yorulmadan çalışır.


Bəxtiyar elə yıxılmışdı ki, diz qapağı zədələnmişdi


Rafiq Əzimovun kino fəaliyyəti isə 1969-cu ildən başlayır. O, “Leninqradfilm”in istehsal etdiyi “Mənim əziz atam” filminə çəkilir. Filmdə Lyudmila Qurçenko, Aleksandr Demyaninko kimi aktyorlarla tərəf müqabili olur. O, filmdə 4 oğlu olan ata obrazını yaradır. Filmin çəkilişləri zamanı övlad rolunda iştirak edəcək 3 uşaq tapılmışdı. 4-cü uşaq isə tapılmırdı ki, tapılmırdı. Bu zaman Rafiq Əzimov bu rol üçün bir uşaq aparır. Uşaq hamının xoşuna gəlir və onu kiçik oğul roluna təsdiq edirlər. Filmin çəkilişləri başlayandan sonra məlum olur ki, bu uşaq Rafiq Əzimovun 4 yaşlı oğlu Eldardır.
Bu filmdən sonra Rafiq Əzimov mütəmadi olaraq “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərə çəkilməyə başlayır. 1970-ci ildə “Yeddi oğul istərəm”, 1971-ci ildə “Xatirələr sahilində”, 1972-ci ildə “Qızıl qaz Flaminqo”, 1973-cü ildə “Ömrün ilk günü”, 1974-cü ildə “1001-ci qastrol”, daha sonra “Otel otağı”, “Qara nişanə”, “Ad günü” və başqa filmlərdə yaddaqalan obrazlar yaradır. Son çəkildiyi film isə “Cavad xan” olub.


Rafiq Əzimovun “Yeddi oğul istərəm” filmində çəkilməyi təsadüfi olub. Sınaq çəkilişlərinə dəvət olunanlar arasında o da vardı. “Komsomol” poemasında Şahsuvar cılız, bir az da xəstə olur. Rafiq Əzimov da o zaman çox arıq idi. Xarici görünüşləri də çox oxşar olduğundan filmin rəssamı Nadir Zeynalov onu çox bəyənir və qərarını qəti şəkildə verir. Beləliklə, Şahsuvar roluna Rafiq Əzimov təsdiq olunur.


Bütün oğulların adları məlum olandan sonra rejissor onları “Cıdır” meydanına at sürməyi öyrənmək üçün göndərir. Rafiq Əzimov deyir, “Cıdır” meydanındakı məşqlər zamanı hərə öz atını yemləyir, qayğısına qalırdı ki, heyvanlar öz müvəqqəti sahiblərinə öyrəşsinlər. Çünki elə həmin atlar da filmdə çəkiləcəkdi. Ay yarımlıq məşq zamanı oğulların demək olar ki, hamısı atdan yıxılmışdı. Birinci yıxılan isə Bəxtiyar olmuşdu. Elə yıxılmışdı ki, diz qapağı zədələnmişdi və axsayırdı. İlk çəkilişlərdə axsaq iştirak etsə də, filmdə bu hiss olunmur. Şahsuvar isə düz gölməçənin içinə yıxılmışdı. Çəkilişlər zamanı da atdan yıxılma, yaralanma halları olurdu. Çünki Cəlaldan başqa (Ənvər Həsənov at sürməyi bir az bacarırdı) onlardan heç biri indiyədək at minməmişdi.


Atın dişi Rafiq Əzimovun burnuna dəyir və başlayır qanamağa

Atlarla məşqlər başa çatandan sonra oğullar həmin geyimlərdə həmin atların üzərində kinostudiyaya daxil olurlar. Aktyor ansamblına yenidən baxış keçirilir və bir də sınaq çəkilişləri aparılır. Hər kəs öz roluna təsdiq olunduqdan sonra filmin çəkilişləri başlayır. Çəkilişlərin ilk günlərində Rafiq Əzimov çox həyəcan keçirirdi. Çünki “Azərbaycanfilm”in istehsal etdiyi filmdə ilk dəfəydi çəkilirdi. Səməni gətirdiyi səhnə çəkiləndə aktyorun həyəcandan əlləri tir-tir əsirdi. Bu səhnədən sonra digər səhnələrdə elə bir problemlə rastlaşmır. Böyük səmimiyyət, sevgilə rolunu başa çatdırır. Hətta öz təkliflərini də verir.
Məsələn, Cəlalın ölümündən qəzəblənən və bunun günahını Humayda görən Bəxtiyar qızı döyməyə başlayır. Ssenaridə bu səhnə vardı, lakin bu qədər amansızcasına təsvir olunmamışdı. Bu səhnənin çəkilişi zamanı Rafiq Əzimov bir təklif irəli sürür ki, Bəxtiyar kişilərin qabağında Humayı döyən zaman onu saxlasınlar. Rejissorun razılığı ilə təklif filmdə əksini tapır. Amma bu səhnə təklifi verənə baha başa gəlir. Həmin səhnədə Şahsuvar atdan düşüb Bəxtiyarın atının cilovundan tutub “neynirsən?”, - soruşur. Bu kadr 1-2 dubl çəkilir. Birdən at başını yelləyəndə dişi Şahsuvarın burnuna dəyir və başlayır qanamağa. Fikri filmdə olan Bəxtiyarınsa hələ bundan xəbəri yox idi. Görəndə isə köməyə çağırmağa başlayır. Bu, rejissoru özündən çıxarır. Tofiq Tağızadə əsəbi vəziyyətdə Həsən Məmmədovun üstünə qışqırır: “Niyə çəkilişi saxlayırsan? Bəyəm mən koram? Qoy təbii alınsın da”.


Kadrın istədiyi kimi alınmadığı üçün rejissor bərk hirslənmişdi. Həsən Məmmədov isə pərt olmuşdu.


Aktyorlara gündəlik çəkilişlər üçün 25, atlar üçün 50 manat ödənirdi


Rafiq Əzimov çəkiliş zamanı baş verən maraqlı və gülməli bir hadisəni də xatırlayır. Çəkilişlər Qobustanda aparılırdı. Yayın itisi, geyimlər, ilan çox olan yer. Bütün bu çətinliklərə baxmayaraq, aktyorlar dincəlmək üçün qayaların üzərində uzanmışdılar. Bu zaman filmin direktoru Davud Zöhrabovun uca səslə dediyi sözləri eşidirlər: “Atlar günün altında qalıb, onlara tövlə düzəltmək lazımdır”.


Bu sözləri eşidən Rafiq Əzimov “biz burda istidən ölürük, heç bizimlə maraqlanmırsan, ancaq atların hayındasan. Məgər biz at qədər də yoxuq?”, - deyə soruşur. Direktor isə belə cavab verir: “Siz heç, əsas atlardı. Heç bilirsən onların qiyməti nə qədərdi?”
Onda həqiqətən də aktyorlara gündəlik çəkilişlər üçün 25, atlar üçün 50 manat ödənirdi.


Yeddi oğul həyatda da dost idilər. Şənliklərdə, ziyafətlərdə onları ayrı görmək mümkün olmazdı. Rafiq Əzimov mərhum Şahmar Ələkbərovun toy gününü xatırlayır: “Ora bütün dostlar yığışmışdı, bəylə gəlinin şəninə xoş sözlər deyilirdi. Növbəti sağlığı demək üçün söz verilir bəyin radioda işəyən dostu Pərviz Cəfərova. Deyir “mən sənə elə bir sağlıq deyəcəm ki, onu sənə indiyədək heç kim deməyib”. Bunu eşidənlərin diqqəti dərhal ora yönəlir. Davam edir ki, “ arzu edirəm ki, Kəmalə xanım mətbəxdə sənə nanay-nanay deyəndə sən də ona elə cavab verəsən. Yəni demək istəyirəm ki, ömrünüzün sonuna kimi sözünüz bir olsun”. Hamı gülmüşdü bu sağlığa. Ümumiyyətlə, biz Şahmar Ələkbərovla dost olmuşuq. Amma dostluqdan əlavə bir müddət həm də qonşu idik. Təzə ailə quran Şahmarın evi olmadığına görə, İçərişəhərdə bizimlə bir həyətdə kirayə qalırdı. Yayda anam pilləkənlərdə oturardı. Şahmar Ələkbərovun da həyat yoldaşı xəstəxanada olduğu üçün qaça-qaça evə gəlib yemək götürüb aparırdı. Hər gələndə də anam soruşardı: “Bala, qızımızın nəyi oldu?”. Şahmar da deyirdi “vallah, heç nə olmayıb”. Sonuncu dəfə soruşanda isə nəhayət belə cavab verir: “Ay ana, qızımızın iki qızı oldu”.


Rafiq Əzimov yeddi oğuldan yalnız üçünün sağ qalmasından heyfslənir: “Onlardan dördünü itirmişik. Əslində isə heç birini itirməmişik. Bəxtiyar, Qəzənfər, Mirpaşa, Zalımoğlu uzun illər yaşayacaq. Həm qəlblərdə, həm də filmlərində. Çünki əsl sənət ölməzdir”.


“Tamaşaçı teatra zorla yox, öz istəyi ilə gəlməlidir”


Teatrı isə özünün həyatı, ruhu hesab edir Rafiq Əzimov. Ən çox sevdiyi rolları sırasında Nəbi Xəzrinin “Burla Xatun” tamaşasında ifa etdiyi İxtiyar obrazı da var. Məhz həmin tamaşa ilə “Azdrama” ilk dəfə 2000-ci ilin mayında Başqırdıstanın Ufa şəhərində keçirilən türkdilli teatrların beynəlxalq festivalında iştirak etdi və “TÜRKSOY” mükafatına layiq görüldü. Lakin hazırda bu tamaşa teatrın repertuarında yoxdur: “Bu, məni çox kədərləndirir. “Burla Xatun” teatrdakı sanballı tamaşalardan biridir. Çox tərbiyəvi əhəmiyyətli tamaşadır”.



“Teatr canlı ünsiyyətdir. Yayda qışı, qışda yayı oynayırsan. Səhnəyə çıxanda hər şey unudulur, yalnız o aləmi yaşayırsan” deyən aktyor uzunömürlülük baxımından kinonu teatrdan üstün tutur: “Kino ilə tamaşaçı aktyoru yad edir və uzun illər xatirində saxlayır. Kinonun üstünlüyü odur ki, aktyor həyatda yoxdursa, filmi ekranda görünən kimi xatırlanır, başqa obrazları da yada düşür, onun haqqında söhbət gedir. Təəssüf ki, xeyli müddət kinoda durğunluq oldu. Yavaş-yavaş bu hal düzəlmək üzrədir. Kinoteatrlar və kinoprokat sistemi də bərpa olunsa, hər şey daha yaxşı olar. Amma hələ ki canımızda qüvvə var, istərdik, əvvəlki dövrlərdəki kimi fəal çalışaq. Aktyor nə qədər fəal olsa, ömrü də bir o qədər uzun olar. Həsən Məmmədov illərlə kinoya çəkilmədiyinə görə ürək ağrısı tapdı. Dava-dalaş, yarıçılpaq adamlar, teleseriallar tamaşaçıları bezdirib. Onlar həyati filmlərə baxmaq istəyirlər. Amma yenə də ruhdan düşmək, küsmək lazım deyil. Ümid edirəm ki, tezliklə arzuladığımız dövr gələcək”.


Rafiq Əzimov teatrlarda dramaturgiya qıtlığının olmasından da narahatdır: “Tamaşaçını hər tamaşa ilə təəccübləndirmək qeyri-mümkündür. Bir güllə bahar olmaz. Teatrsevərlər yaxşı tamaşaya baxmaq istəyirlər. Tamaşaçı teatra zorla yox, öz istəyi ilə gəlməlidir. Arzu edirəm ki, tamaşaçı teatra axın-axın gəlsin. Biletləri qoltuqlarına vurub idarə-idarə gəzməsinlər. “Hamlet”, “Burla Xatun”, “Dəli yığıncağı”, “Özümüzü kəsən qılınc” kimi tamaşalar səhnələşdirilməlidir. Gözəl tamaşa yaratmaq üçün ssenari, rejissor, aktyor işi bir-birini tamamlamalıdır. Əgər biri zəif olsa, o tamaşa uğurlu alınmaz. Hərdən biz tamaşaçını qınayırıq. Amma tamaşaçını qınamaq olmaz. Tamaşaçı aktyordan gözəl sənət əsəri tələb edir. Bu, onun haqqıdır. Biz də o tələbi yerinə yetirməliyik. Çünki tamaşaçını itirmək olmaz”.


Xəyalə MURADLI

xeyalelent@gmail.com
# 943

Oxşar yazılar