“Görünməmiş Salahov”
19 fevral 2010 19:00 (UTC +04:00)

“Görünməmiş Salahov”

Londonun nüfuzlu “Sothebys” qalereyasında Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb


Fevralın 18-də Londonun nüfuzlu “Sothebys” qalereyasında Buta Festivalının təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Görünməmiş Salahov” adlanan sərgidə tanınmış rəssamın Azərbaycan həyatının müxtəlif çalarlarını təsvir edən 30-dan artıq əsəri nümayiş etdirilib. Sərginin fevralın 25-ə qədər ictimaiyyət üçün açıq olacağı nəzərdə tutulur.

Açılış mərasimində Londonda akkreditə olunmuş səfirlər, diplomatik korpusun üzvləri, britaniyalı sənətsevərlər, bu ölkədə yaşayan Azərbaycan, türk və rus icmalarının nümayəndələri, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Buta Festivalının baş direktoru Nəsib Piriyev tanınmış rəssamın həyat və yaradıcılığı haqda iştirakçılara məlumat vermiş və onun sovet dövründə özünəxas yaradıcılıq xəttinə malik azsaylı incəsənət xadimlərindən olduğunu söyləyib.

Daha sonra çıxış edən “Sothebys” qalereyasının direktoru Lord Poltimor məşhur rəssamın əsərlərinin Londonda nümayiş olunmasından məmnunluğunu bildirərək, ölkəmizə səfəri zamanı zəngin incəsənət irsimizlə tanışlığından bəhs etmişdir. Bakının zəngin mədəni həyatı və qədim incəsənət ənənələri ilə yaxından tanış olduğunu və bu gün azərbaycanlı rəssamın əsərlərinin Britaniya ictimaiyyətinə təqdim etməkdən xoşbəxt olduğunu nəzərə çatdırıb.

Mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tanınmış rəssamın əsərlərindən ibarət sərginin Britaniyada təşkil olunmasını mühüm hadisə kimi qiymətləndirib. O, mədəniyyətin xalqlar arasında körpü rolunu oynadığını qeyd edib. Səfir bu sərginin Azərbaycan və Britaniya arasında mədəni əlaqələrin daha da dərinləşməsinə və ölkəmizin zəngin mədəni irsinin tanıdılmasına töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Tahir Salahov isə sərginin təşkilində köməkliyə görə təşkilatçılara öz minnətdarlığını bildirib və əsərlərinin Londonda nümayiş etdirilməsindən məmnun olduğunu dilə gətirib.
# 589

Oxşar yazılar