“Yol” təqdim olundu...
25 yanvar 2010 12:30 (UTC +04:00)

“Yol” təqdim olundu...

Elxan Xanəlizadənin yeni kitabının təqdimatı keçirilib

Dünən “Əli və Nino” kitab mağazasında gənc yazıçı Elxan Xanəlizadənin “Yol” romanının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, “Yol” romanı Azərbaycanda audiodisklə birlikdə satışa buraxılan ilk nəşrdir.

Təqdimatda yazıçı Günel Anarqızı, teleaparıcı Nərgiz Cəlilova, Azad Azərbaycan radiosunun rəhbəri Emin Musəvi, Nigar Köçərli, kinodramaturq Aydın Dadaşov, diktor Rafiq Haşımov və digər qonaqlar iştirak edib.

Qonaqlar gənc yazıçı Elxan Xanəlizadənin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdiyini qeyd ediblər. Ayrı-ayrılıqda romanı təhlil edən və qiymətləndirən incəsənət adamları təqdim olunan romanı müsbət qiymətləndiriblər.

Qeyd edək ki, daha öncə Günel Anarqızının “Altıncı” romanı audiodisklə təqdim olunmuşdu. Əsərlə audiodiskin təqdimatı arasında üç il fasilə olmuşdu.

Elxan Xanəlizadənin “Yol” romanı təxminən bir əsrə yaxın yaşayan azərbaycanlı qocanın dili ilə yazılıb. Yazıçı qəhrəmanın əlindən tutaraq böyük bir coğrafi məkanı gəzdirir. Müəllif bilərəkdən öz qəhrəmanının taleyinə, nəqlinə müdaxilə etmədən oxucuya olduğu kimi çatdırır. Əsər boyu İbrahim İmanov müxtəlif cəhətləri ilə seçilən, lakin mənfurluğu ilə bir-birinə çox oxşayan cəmiyyətlərdə sınmır, əksinə, həyatdan zərbə aldıqca öz insani keyfiyyətlərini qoruyaraq, daha da mətin olur. Minlərlə azərbaycanlının yaşadığı acınacaqlı həyatı bir insanın obrazında təqdim edən yazıçı ötən dövrlərə yeni baxışı əks etdirməklə oxucunu düşünməyə vadar edir.

Azərbaycan oxucusu üçün yenilik olan audiokitab dünya ədəbi təcrübəsində gec yayılıb. Elxan Xanəlizadənin “Yol” audioromanı əməkdar artist Gövhər Həsənzadənin studiyasında peşəkar komanda tərəfindən hazırlanıb. “Yol” üçün xüsusi musiqi və vokallar yazılıb. Audiokitabın müəllifi Emin Musəvi, redaktor Şəbnəm Vaqifqızı, bəstəkarı Ülviyyə Vəliyevadır. Diskin vokal ifaçıları Aynur İsgəndərli, Aytac Cəfərova, Seyran İsmayılxanovdur.

Elxan Xanəlizadə hazırda yerli internet saytlarında ən çox oxunan yazıçıdır.

Lalə Yusifqızı
# 990

Oxşar yazılar