Səfəvi gerilikçiliyi, Nəsimi cəfəngiyyatı-KÖŞƏ
23 sentyabr 2012 01:06 (UTC +04:00)

Səfəvi gerilikçiliyi, Nəsimi cəfəngiyyatı-KÖŞƏ

“Facebook”da axtarış verərkən maraqlı bir profilə rast gəldim. "Anti-Fazil Mustafa". Qarşısında da yazılmışdı ki, (“Siz Səfəvilərin atılan dırnağına da dəyməzsiniz!”) Anlaşılan budur ki, bizim tariximizin Səfəvilərlə bağlı hissəsinə baxışımız kimlərisə qane etmədiyinə görə, qəzəbini bu formada izhar etməyə üstünlük verib.

Əlbəttə, dəfələrlə bu mövzuda aparılan diskusiyalarda, yazdığım məqalələrdə mən Səfəvi ideologiyasının müasir Azərbaycan insanının dini, mədəni dünyagörüşündə mənfi bir irs buraxdığını vurğulamışam və bu gün də mövqeyimi əsaslandırmağa davam edirəm. Bu dünyagörüş bugünki İran teokratik sisteminin nəzəri əsası üçün münbit bir toxum rolunu oynamış və Azərbaycan Türklərinin yaşamında mövhumat elementlərinin üstünlük təşkil etməsinə yardımçı olmuşdur. Azərbaycan Türklərini moneteist inanc dəyərlərindən uzaqlaşdırmış, Allahdan başqa hər şeyə- daşa, qəbirə, pirə, ağaca, adama sitayiş etməsinə yol açmışdır.

Bununla belə kor-koranə “tariximizdə pis-yaxşı nə varsa ona sahib çıxmalıyıq” məntiqi ilə bizə qarşı sərt mövqe tutanların da həssaslığını nəzərə alaraq bu mövzuda ayrıca müzakirə açmaq istəmirdim. Ancaq mövzu özü son günlər bir-birindən fərqli müstəvilərdə ələ alındığından, qısa olaraq bəzi məlumatları paylaşmaq istədim.

Bir ay öncə Güney Azərbaycandan olan mübarizə adamı Güncay Gəncalpın "Səfəvilər" kitabını oxudum və çox maraqlı və yeni yanaşmanı sezdim. Tənqidə açıq bəzi məqamları və ideoloji antipatiyanın daha qabarıq verilməsini nəzərə almazsaq, əsər tarixi maraqlı yanaşma ortaya qoyurdu. Ardınca da bir həftə öncə millət vəkili Qənirə xanım məni ayrıca olaraq tanınmış türk yazarı İsgəndər Pala ilə nahar yeməynə dəvət etdi və bildirdi ki, bu mövzularda sizin onunla söhbətləşməniz maraqlı olardı. Həqiqətən də nahar boyu biz ətraflı müzakirə apardıq və tarixə baxışımızda fərqli yanaşmalarımız olduğunu gördük. Əlbəttə, İsgəndər Pala dəyərli bir yazardır və tarixlə bağlı maraqlı fantaziyaya sahibdir. Bədii dili də kifayət qədər zəngindir. Ancaq nədənsə Şah və Sultan arasında bərabərlik işarəsi qoymaqla tarixi kompromis axtarmağa doğru istiqamətlənməyə çalışmışdır. Təbii ki, mənim Sultan Səlimə münasibətim mənfidir və onun atasına, qardaşlarına qarşı etdiyi vəhşiliklərin ağlasığmaz olduğunu düşünürəm. Şah İsmayılın isə türkçəsi möhtəşəmdir və onun Divanından bir çox nümunələri hələ 30 il öncə sevə-sevə əzbər öyrənmişəm. Sadəcə, məsələyə bir kontekstdən yanaşmağı doğru hesab edirəm. Bu şəxsiyyətlərin adları ilə simvollaşan sistemlər müasir insanımıza fayda vermiş, yoxsa verməmiş? Yoxsa burada kiminsə şəxsiyyətinə saldırmaq niyyəti güdərək, bu addımı atmaq ən azı cıqallığ olardı. Bütün hallada Səfəvi mirası Azərbaycan Türklərinə gerilikçiliyi, imansızlığı təlqin etmiş, Osmanlı mirası Anadolu Türklərinə daha səmimi din anlayışı, mədəni dəyərlər və mədəniyyət imperiyası düşüncəsi aşılamış.

Ötən günlərin başqa bir maraqlı epizodunu yeri gəlmişkən söyləyim. Bir tədbirdə dəyərli sənətkarımız Rasim Balayevlə qısa dialoqumuz oldu. Dedim ki, Rasim bəy, ötən gün "Nəsimi" filmində Teymurla Nəsiminin dialoqunu daha diqqətlə izlədim və Teymurun hətta filmdə təqdim olunan dünyagörüşünün Nəsiminin cəfəngiyyatını necə alt-üst etdiyinə bir daha əmin oldum. O da bunu təsdiqlədi. Qəribədir ki, çox zaman bizim cəmiyyətin simpatiyası ağıllı və qəhrəman Türk-İslam fatihi Teymura deyil, Türkcə gözəl şerləri olan, ancaq hürufilik kimi şirk ideologiyanı təbliğ edən Nəsimiyə yönəlir. Yəni əslində Peyğəmbərimizin din məsələsində kompromisə yol verilməsinin mümkünsüzlüyünü ifadə edən ayəni xatırlarsınızsa, burada da Teymur və Nəsimi arasında dünyagörüşlərin kompromisini axtarmaq yanlışdır. Eyni zamanda Səfəvi və Osmanlı dünyagörüşləri arasında da mümkünsüzdür. Buradan da nə ortaya çıxır? "Möhtəşəm yüzyıl" serialında İbrahim Paşanın Şah İsmayıl və Təhməsib haqqında dediklərini azərbaycanlılar təhqir olundu deyib manşetə çıxarırlar.
Anlamaq olmur, konkret tarixi dövrdə kimsə kiminsə statusunu qəbul etməyib söyüş söyürsə, bunun bizim təhqir olunmamızla nə əlaqəsi? Azərbaycan Türklərinə ən böyük zülmü verən Şah Abbas Səfəvi olmayıbmı? Qısa təsbitim bu: Tarixə daha soyuqqanlı baxılmalı və faydalı miras axtarışına üstünlük verilməli.

Nadir Şah heç bugünki Azərbaycanda doğulmayıb, ancaq elə bir tarixi layihənin gerçəkləşməsi üçün başını qoyub ki, bu onun döyüşlərdə qazandığı qəhrəmanlıqlardan daha irəlidir mənimçün. İslam dini içində ixtilaflara son vermə davasının qurbanı olub Nadir. Yaxud da Nuru Paşa heç Azərbaycanda doğulmayıb. Onun Azərbaycanı məhv olmaqdan qurtaran davranışına bərabər nümunə göstərə bilərsinizmi?

P.S. Qaldı ki, dirnaq məsələsinə dəyməyə, kimin nəyə dəyib-dəymədiyini buraxın Allahın öhdəsinə. Hər şeyin doğrusunu O bilir.

Mənbə: Fazil Mustafanın “facebook” səhifəsi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2518

Oxşar yazılar