Əkizlər arasında sıx bağlılıq hər zaman insanları təəccübləndirib.
Lent.az əkizlərlə bağlı heyrətamiz hadisələrdən ikisini təqdim edir.
Cim Lyuis və Cim Sprinqer əkiz qardaşları doğulduqları gündən ayrı düşürlər. 1940-cı ildə qardaşları fərqli ailələr övladlığa götürür.
Onların ilk görüşü 39 il sonra gerçəkləşir. Məlum olur ki, hər ikisinə eyni ad verilib və bu müddət ərzində iki dəfə ailə qurublar. Hətta onların həyat yoldaşlarının adları da eyni olur. Təəccüb doğuran məqam odur ki, hər iki qardaşın birinci xanımlarının adı Linda, boşandıqdan sonra aldıqları qadınların adları Betti olub. Eyni zamanda əkizlərin oğullarının da adları da eyni olur.
Heyrətamiz anlar bununla da bitmir... Eyni tip vərdişlərə malik hər iki Cim eyni siqaret markasından istifadə edirmiş. Maşınlarının markası və rəngi də eyni idi...
Buna bənzər hadisəyə İngiltərədə də rast gəlinib. Con və Artur Moufort əkiz qardaşları bir-birindən 120 kilometr məsafədə yaşayırmış. 1975-ci il mayın 22-də hər ikisi eyni zamanda sinələrində ağrı hiss edir və xəstəxanaya yerləşdirilirlər. Bir-birindən xəbərsiz xəstəxanada ürək tutmasından dünyasını dəyişirlər.