Əgər istəsəniz, göy qurşağını hətta öz həyətinizdə belə yarada bilərsiniz. Göy qurşağına adətən yağıntı başlamazdan əvvəl, ya da yağışdan dərhal sonra rast gəlinir. Bu, demək olar ki, hamının şahidi olduğu ən gözəl təbii hadisələrdən biridir. Lakin çox az adam onun necə yarandığını dəqiq bilir. Əslində göy qurşağının əmələ gəlməsi üçün xüsusi və mürəkkəb şərtlər tələb olunmur — istəsəniz, onu ev şəraitində belə canlandırmaq mümkündür.
Lent.az bununla bağlı maraqlı faktları təqdim edir:
Göy qurşağı – optik illüziyadır, yəni o, fiziki obyekt və ya konkret atmosfer hadisəsi deyil. Başqa sözlə, göy qurşağı əslində mövcud deyil – biz yalnız yağış damcıları ilə dolu atmosferdə işığın mürəkkəb oyununu görürük.
Göy qurşağını necə görmək olar?
Göy qurşağını görə bilmək üçün siz "doğru" yerdə durmalısınız — su damcıları ilə parlaq işıq mənbəyinin (məsələn, günəşin) arasında. Yəni günəş arxanızda, yağış isə qarşınızda olduqda, göy qurşağı yaranır. Bu effekti su şəlaləsi, tuman və ya hətta güclü fənərlə də əldə etmək mümkündür.
Niyə göy qurşağı yay şəklində görünür?
Göy qurşağı işıq şüasının bir mühitdən (hava) digər mühitə (su damcısı) keçərkən istiqamətini dəyişməsi (qırılması) və yayılması nəticəsində yaranır.
Bu proses çox qısa məsafədə bir neçə dəfə təkrarlanır – hər damcı göy qurşağının öz “fraqmentini” yaradır. Əslində göy qurşağı yarımay deyil, dairə formasındadır. Lakin yerdən baxdıqda onun bir hissəsi torpaqla örtüldüyü üçün yalnız yarısı görünür. Əgər göy qurşağına təyyarədən və ya yüksək nöqtədən baxsanız, tam dairə formasında olduğunu görə bilərsiniz.
Göy qurşağı niyə bir neçə rəngdən ibarətdir?
Fizika dərslərindən yadınızda qalıbsa, ağ işıq əslində müxtəlif rənglərin birləşməsidir. Hər rəngin özünəməxsus dalğa uzunluğu var, bu səbəbdən də ağ işıq su damcılarından keçərkən hər bir rəng fərqli bucaq altında qırılır.
Sadə dillə desək, yağış divarından keçən ağ işıq rənglərinə ayrılır və onlar göy qurşağında birləşərək yuxarıdan aşağıya doğru qırmızıdan bənövşəyə qədər düzülür.
Qırmızı rəng – ən uzun dalğa uzunluğuna malikdir (~650 nm), ona görə də göy qurşağının xarici hissəsində görünür.
Bənövşəyi rəng – ən qısa dalğa uzunluğuna malikdir (~400 nm) və adətən daxili hissədə yerləşir.