Faciəvi səhv, kəsilmiş kəndir  - Alpinizmin qızıl dövrü niyə bitdi?
22 aprel 2024 16:03 (UTC +04:00)

Faciəvi səhv, kəsilmiş kəndir - Alpinizmin qızıl dövrü niyə bitdi?

XIX əsrin 50-60-cı illəri alpinizmin qızıl dövrü adlanır. Həmin illərdə zəngin ailələrdən olan ingilislər bu idman növünü fəal şəkildə mənimsəməyə başlamışdılar. Əsas diqqəti Alp dağlarına verilirdi. Zirvələr bir-birinin ardınca fəth edilir, bir marşrut üzrə bir neçə zirvəyə qalxmaq üzrə rekordlar qeydə alınır, fiziki hazırlıq səviyyəsi müasir alpinistlərdən heç də geri qalmırdı.

Lent.az alpinizmin qızıl dövrünə son qoyan və insan ölümü ilə nəticələnən faciədən bəhs edəcək.

Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarında dağa dırmanma texnikası müasir dövrdən tamamilə fərqli idi.

İplərdən ya ümumiyyətlə istifadə olunmayıb, ya da sırf simvolik olaraq istifadə edilirdi. Alpinist qruplarında hər kəs müstəqil olaraq zirvəyə qalxdırdı. Əgər onlar bir iplə bağlanmışlarsa, bu, sadəcə olaraq, hərəkət edərkən, xüsusən zəif görmə şəraitində yoldaşlarını itirməmək üçün edilirdi.

İngilislər Alp dağlarına qalxarkən yerli alpinistləri bələdçi kimi işə götürdülər. Onlar ərazini çox yaxşı bilirdilər və çox möhkəm idilər. Amma bələdçilər ingilislərlə dostluq münasibətlərində deyildi və tərəflər arasında sosial uçurum var idi.

Edvard Uimper, şübhəsiz ki, o dövrün alpinizm cəmiyyətində hamı tərəfindən qəbul edilmiş lider hesab olunurdu.

O, 1840-cı ildə Londonda anadan olub. Rəssam və qravür ustası olan ata təbii ki, oğlunu öz sənəti ilə tanış edir, yəni ilk başda Edvardın dağlara qətiyyən marağı yox idi. Alp dağlarına işgüzar səfər həlledici olur. Həmin səfər zamanı Edvard dağlarla bağlı materiallar, rəsmlər, qravürlər toplayırdı. Məhz orada alpinizmlə məşğul olmaq ideyası Edvarda cəlbedici gəlir.

O, həm də bu yolla şöhrət qazanmaq istəyirdi. Bir neçə aylıq məşq nəticəsində Edvard əla atletik forma qazanır və fəth etdiyi zirvələri sıralamağa başlayır.

Onun əsas arzusu Alp dağlarının texniki baxımdan ən çətin sayılan Mattrehorn zirvəsini fəth etmək idi.

Beş il ərzində Edvard Uimper zirvəyə çatmağa çalışır. Bir dəfə hətta dağa qalxarkən bir neçə metrlik hündürlükdən yıxılır ancaq sağ qalır.

Nəhayət, 13 iyul 1865-ci ildə 7 nəfərlik alpinist qrupu ilə o, Mattrehorna həlledici səfərə yola düşür. Heyətdə həm təcrübəli alpinistlər, həm də yeni başlayanlar var idi. Dağın ətərində gecələyəndən sonra iyunun 14-də səhər onlar zirvəyə çatdılar. Günorta saat 2-də bütün qrup Matterhorn zirvəsini fəth etdi.

Zirvəyə ilk çatan məhz Edvard Uimper oldu.

Bir saat ərzində alpinistlər zirvədən ətraf mənzərələrə baxdıqdan sonra enişə başlayır.

Təlimsiz alpinistlər tarazlıqlarını saxlamaqda çətinlik çəkir, daha təcrübəli alpinist yoldaşları onlara ayaqlarını lazım olan yerə qoymağa kömək edirdi. 7 nəfərlik alpinist qrupunun hamısı yola düşməzdən əvvəl yaxınlıqdakı mağazadan aldıqları bir kəndirlə özlərini bir-birinə bağlamışdılar.

Məhz bu amil sonrakı faciədə önəmli rol oynayır. Belə ki, zirvədən eniş zamanı gənc alpinistlərdən biri sürüşərək uçuruma yuvarlanır. Kəndirlə bir-birinə bağlı olduqları üçün onun ardınca daha 3 alpinist uçuruma yuvarlanmağa başlayır. Edvard Uimperin başçılıq etdiyi sonuncu 3 nəfərlik qrup çətinliklə də olsa, qayalıqlardan yapışaraq qrupunu tam tərkibdə uçuruma yuvarlanmasını önləyir. Beləliklə, 3 alpinist qayalardan tutur, uçurum astanasında olan digər 4 alpinistin də ağırlığını saxlamalı olur.

Sonda bu qədər ağırlığa dözə bilməyən kəndir qırılır və 4 alpinist uçuruma yuvarlanır. Edvard Uimperin başçılıq etdiyi 3 nəfərlik qrup isə çətinliklə Mattehorn zirvəsindən eniş edə bilir.

4 alpinistin ölümü Avropada, xüsusən İngiltərədə uzun müzakirələrə səbəb olur. Ehtimal olunurdu ki, Uimperin alpinist qrupu özlərini xilas etmək və artıq yükdən qurtulmaq üçün kəndiri özləri kəsiblər.

Maraqlıdır ki, Londondakı bir muzeydə həmin qırılmış kəndir hələ də saxlanılır. Cəmiyyət və media Uimperi təqsirli bilir, onun haqda sərt yazılar gedir.

Alpinizm Mattehorndakı faciədən sonra bir neçə il ərzində demək olar ki, qeyri-populyar idmana çevrilir.

Bununla da 10 il əvvəl başlayan Alpinizmin qızıl dövrü 1865-ci ildə başa çatır.

# 6066
avatar

Vüqar İsmayılov

Oxşar yazılar