Nazpəri Dostəliyeva ad günündə nəvəsinə maşın aldı - REPORTAJ
23 dekabr 2013 13:53 (UTC +04:00)

Nazpəri Dostəliyeva ad günündə nəvəsinə maşın aldı - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən, çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət, nə qədər pul xərcləyir?

 

Lent.az-ın “Bazarlıq”ında bu gün doğum gününü qeyd edən xalq artisti Nazpəri Dostəliyevadır.

Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu.

 

- Xoş gördük. Nəhayət görüşə bildik...

 

 - Hə Yalçın. Özün də bilirsən ki, mən çox yerə getmirəm. Hətta yeni il öncəsi mənə gələn təkliflərə “yox” cavabı vermişəm. Sizin layihə ilə bağlı prodüserim bir neçə ay öncə söyləmişdi. Həm də mən özüm sizə söz vermişdim. Amma çox fərqli bir proyektdir. Bildiyiniz kimi bu gün doğum günümdür. Ad günüm öncəsi “Bazarlıq” etmək qərarına gəldim. Amma öncədən deyim ki, bu işi elə də bacarmıram. Alış-verişlə aram yoxdur. Bu işi evdə əksər hallarda sürücüm edir. Arada oğlum da, gəlinim də alış-verişə çıxırlar. Təcili nəsə lazım olanda bir-birimizlə telefonla əlaqə saxlayırıq. Yalçın, indi mənə de görüm hardan başlayaq?

 

- Seçim sizindir.

 

- Məncə ağartı məhsullarından başlayaq.

 

Dediyi kimi də edir. Bu məqamda prodüseri Mikayıl Cavidandan kömək istəyir.

 

- Ay Mika, indi de görüm nə alım? (gülür) Elə bu xamadan götürüm. Birdə bu təbii yağdan.

 

2 ədəd xama, 1 kilo da yağ alıb, keçirik un məhsulları satılan bölməyə...

- Mənə çox maraqlıdır Nazpəri xanımın evdarlığı. Yemək bişirməklə aranız varmı?

 

- Dediyim kimi alış-veriş mənlik olmasa da, dadlı yeməklər bişirirəm. Özü də əlimin duzu var. İstənilən yeməyi bişirə bilərəm. Amma buna vaxtım olmur.

 

- Bəs ən sevdiyiniz və xoşlamadığınız yemək varmı?

 

- Doğrusu bu barədə düşünməmişəm. Bütün yeməkləri sevirəm. Allahın bütün nemətləri gözəldir. Sevmədiyim yemək yoxdur. Hər yeməkdən yeyə bilərəm. Amma qədərində.

- Yeməkdən söz düşmüşkən, gündə neçə dəfə yemək yeyirsiz və hansı saatda?

 

- İlk və son yeməyim səhər saat altı və yeddi arasında olur. Xüsusi səhər yeməyi hazırlamağı sevmirəm. Sadəcə tərəvəzlər və bir-iki sevdiyim çərəzlərdən yeyirəm. Çox yemək yemirəm. Yeməyimə diqqət edirəm.

 

- Pəhriz saxlayırsız?

 

- Bəli. Uzun illərdir pəhriz formada qalmağıma kömək edir.

 

- Bu gün doğum gününüzdür. Yəqin dost-tanışlarınızda sizi təbrik etməyə gələcək. Onlara evdə stol açmaq niyyətindəsinizmi?

 

- Mən ibadət edən xanımam, sözün düzü ilk əvvəl paytaxtın gözəl məkanlarının birində böyük bir ad günü keçirtməyi düşündüm. Daha sonra fikirlimdən daşındım. Çünki, ad günüm imamların qırxına düşür. Amma buna baxmayaraq hər il doğum günümdə neçə-neçə dost-tanış bizə gəlir, təbriklərini çatdırırlar.

 

Un məhsulları satılan şöbədəyik. Buradan 5 kilo un alır. Unu aldıqdan sonra gözü şirniyyat bölməsində olan yeni il hədiyyəsinə sataşır....

 

- Elə bu alış-verişə gəlməyim yaxşı oldu. Nəvəm Tamerlana yeni il hədiyyəsi alacam. İnanırsınız, evdə o qədər oyuncağı var, amma uşaq elədir ki, hər dəfə maraqlı oyuncaqlar istəyir. İndi görüm nə alım ona? Maşın, yoxsa? Qızım da yoxdur ki, ona “kukla” alam. (gülür) Elə bu maşını və daha 2-3 dənə də fərqli oyuncaq götürüm. O, daha çox maşınları xoşlayır. Aldığım bu maşın elə ona əsil yeni il hədiyyəsi olacaq. İnanırsınız bağ evimizin qarajına üç-dörd iri avtomobil girə bilər. Amma ki, ora bütün onun oyuncaqları ilə dolub, velosiped, motsikl və daha nələr-nələr. Özü də ki, hamısını bir az oynadır, yenisi gələn kimi köhnəsini istəmir.

 

Keçirik ət məhsulları satılan şöbəyə...

 

- Elə burdan düz keçsək yaxşı olar. Bizim ailəmizin qəssabı var. Lazım olanda köməkçim zəng edir, gətirir. Elə dünən bir neçə kilo almışıq.

 

- Ən çox hansı ət məhsullarına üstünlük verirsiniz? Mal, qoyun, toyuq, yoxsa dəniz məhsullarına?

 

- O baxır hazırlanacaq yeməyə. Amma xüsusi olaraq toyuq ətinə və balığa.

 

Ət məhsulları satılan şöbəsinin yanından ad gününə və bayram aşını dəmləmək üçün satıcıdan əla növ düyü istəyir.

 

- Hər zaman aldığımız düyünün adı yadımdan çıxıb. Yaxşı hansıdı ondan ver. Bir də yumru düyü ver, dolmalıq.

 

Tərəvəz məhsulları satılan şöbəyə keçirik.

 

-Meyvə-tərəvəzi çox sevirəm. İndi meyvə yox, tərəvəz alacam. Pomidor, göbələk, göy-göyərti götürüm, sonra görüm nə alıram? Satıcıya deyim bu ananası da versin, stola qoymağa. Bir də limon götürüm. Limonda  “C” vitamini var.

 

Dediyi məhsulları aldıqdan sonra, şirniyyat şöbəsinə keçirik.

- Nazpəri xanım da əksər qadınlar kimi şirniyyat sevir, yoxsa?

- Yox. Elə də şirniyyat sevən deyiləm. Çox nadir hallarda yeyə bilərəm. Amma bu o demək deyil ki, indi konfet almayacam. Çayla içməyə müxtəlif növ konfetlərdən götürəcəm. Elə satıcı bax bu “rossiski” konfetlərdən çəksin.

 

Şirniyyat bölməsindən 1 kilo yeddi yüz qram konfet alıb, alış-verişi yekunlaşdırmaq qərarına gəlir.

 

Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır, ödənişi də nağd pulla edir.

 


***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 140 manat 31 qəpik.

 

 ***

- Nazpəri xanım sonda Lent.az kollektivi adından doğum gününüzü təbrik edir, uzun ömür can sağlığı arzu edirik.

 

- Çox təşəkkür edirəm. Diqqətiniz, dəyəriniz əsasdır. Sizə də işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. 

 

- Bu məkana daxil olan zaman bir neçə pərəstişkarınız yaxınlaşıb, ad gününüzü təbrik edərkən, sizə xoş arzularını söylədilər. Mənə maraqlıdır, Nazpəri xanım doğum günündə özü-özünə nə arzu edərdi?

 

- (Bir az düşünür) Bu, çətin və düşündürücü sual oldu. Özüm-özümə nə arzu edə bilərəm? Arzu edə bilərəm ki, Allah hər zaman mənə və hər kəsə can sağlığı versin. Can sağlığı olanda hər şeyi qazanmaq olur.

# 8390
avatar

Yalçın UĞUR

Oxşar yazılar