Hüseyn Dərya həbs xəbərindən danışdı: “Məni pis halda...”
25 dekabr 2013 12:45 (UTC +04:00)

Hüseyn Dərya həbs xəbərindən danışdı: “Məni pis halda...”

Reper Hüseyn Dərya bu gün mediada yayılan həbs olunması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən reper xəbərin yalan olduğunu deyib: “Dünən gecə dostlarla yeyib-içdikdən sonra zəhərləndim. Bilmirəm, balıqdan, ya da ləvəngidən zəhərlənmişəm. Gecə məni pis halda apardılar Sabunçu rayon xəstəxanasına, ordan da “Semaşka”nın (1 saylı Klinik xəstəxanası-Y.)  Toksikologiya  şöbəsinə. Müayinə olunduqdan sonra mədəmi yudular, iynələr vurdular. Gecə orda qaldım, indi dostumgildəyəm. İndi də  eşidirəm, deyirlər ki, məni polis tutub. Axı məni polis tutmayıb. Bildiyiniz kimi adım bir dəfə narkotikdə hallanıb. Siz özünüz fikirləşin ki, mən polisə düşsəydim, belə tez çıxardım? Mən bir zəngə azadlığa çıxanlardan deyiləm ki. Özüm də yaxşı bilirəm ki, məni tutsalar, birdəfəlik gedəcəm. Çıxaran adam olmayacaq”.

 

Reper həbs olunması xəbərini haradan qaynaqlandığını da deyib: “Dünən mən zəhərlənəndə ilk olaraq apardılar Sabunçu xəstəxanasına. Ora da polis bölməsi ilə üzbəüzdü. Orda məni görənlər elə biliblər ki, həbs olunmuşam. Yəqin xəstəxana ilə polis bölməsini qarışdırıblar ”.

# 3051
avatar

Yalçın UĞUR

Oxşar yazılar