Afət Fərmanqızı
05 iyun 2024 15:02 (UTC +04:00)

Afət Fərmanqızı

"Bəzi müğənnilər əməliyyatla özlərini küçə qadınlarına oxşadırlar" - Afət Fərmanqızı OD PÜSKÜRDÜ

Lent.az-ın müsahibi müğənni Afət Fərmanqızıdır

- Afət xanım, siz fərqli sahə üzrə təhsil almışdınız. Müğənniliyə qazanc əldə etmək üçün üz tutdunuz?

- Musiqiyə sevgi görünür bizim ailəmizdə genetikdir. Musiqi bir növ ailəvi şəkildə ikinci işimizdir desəm, yalan olmaz. Anam Xarici Dillər Universitetini bitirib, 40 il müəllim işləyib. Tovuzda yaşayırdıq, anam Bakıya gəlib, AzTV-də çıxış edib qayıdardı. Mən də ixtisasca müəlliməm. Atam rəhmətə gedəndən sonra ailəni dolandırmaq üçün oxumağa başladım. Özümü bu sahədə sınadım və hesab edirəm ki, uğurluyam.

- Rusiya toylarının ulduzuna çevrilmisiniz. Sizcə Azərbaycan yoxsa Rusiya toyları əlverişlidir?

- Bütün müğənnilər Rusiya toylarında olmağa can atırlar. Rusiya toylarında toy qiymətindən əlavə şabaş var. Qonaqlar, toy sahibi müğənnini pul yağışına tutmağı sevirlər. Onlar da, biz də özümüzü xoşbəxt hiss edirik. Bu mənada Rusiya toyları daha yaxşıdır. Amma Azərbaycan toylarına da gəlirəm. 

- Bir dəfə canlı yayımınızda dediniz beş min manat tək özünüzə versələr, Azərbaycana toya gələrsiniz...

- Beş min manat yaxın dost tanışadır. 5 min dollara gələrəm, biletimi də özüm alıram, gedərəm. Azərbaycana toya gələndə 2 gün vaxtım gedir, Rusiyada evimin içidir də, rahatdır.
 
- Sizcə xoşbəxt qadınsınız? Xoşbəxtlik nədir sizin üçün?

- Xoşbəxt qadınam. Böyük dərdimiz yoxdursa buna şükür, canım sağdır, sevdiklərimin canı sağdır, bu elə nemətdir. Pul bir gün az olar, bir gün çox olar, eybi yox. Mənim üçün xoşbəxtlik “həyat yoldaşım var, məni sevən, sevdiyim var” deyil. Xoşbəxtlik sevdiklərimin can sağlığıdır, bir də balam. Əsas budur, ondan sonra ailə üzvlərim.

- İlk sevginizi xatırlayırsınız?

-İlk sevgi...(düşünür) Uşaq vaxtı əla qiymətlərlə oxuyurdum, “sinifkom” idim. Oxuyan uşaqlar da sevgidən uzaq olurlar. Universitetə qəbul olanda gözümü açmamış birinci ərim məni qaçırdı. Azyaşlı idim. Mən 16, o 20 yaşında idi. Onu polisə versəydim uşaq oğurluğu hesab olunacaqdı. Oğlanın atası mənə dedi ki, onu tutdursan səni alan olmayacaq, oğlum da həbsə düşəcək. Dedi sənin arxandayam, universiteti də bitirəcəksən. Buna görə etiraz etmədim. Amma dediyinə əməl eləmədi, nifrətim yarandı. Nə isə, bunlar çox keçmişin söhbətləridir.

- Bağışlaya bildiniz? Bağışlayan insansınız?

- Bağışlayanam. Heç kimə kinim yoxdur. Əslində bir az da safam desəm yeri var. 45 yaşım var, ağıllanmıram da. İnsanlara elə tez inanıram.

- Deyirlər pulun olanda səni tanıyırlar, pulun olmayanda sən hamını tanıyırsan. İndi tanınan və imkanları çox olan bir qadın kimi bu fikrə münasibətiniz necədir?

- Çox doğru deyiblər. Vaxt olub ki, anam ölümcül xəstə olub, yad adamdan dəstək almışam və həmin yad adam mənim dostuma çevrilib. Onların sayəsində anam bir az da artıq yaşadı. Yaxşılıq da yaddan çıxmır, pislik də. 2 ildir burdayam hər şey dəyişdi həyatımda. Azərbaycanda olanda bəzi şou adamları var idi ki, mən onlara xeyir verirdim. Amma bura gələndən sona gördüm ki, həmin  adamlar deyillər. Bu mənə dərs oldu. Düzdür, bir birimizdən asılı deyilik, bir birimizdən çörəyimiz suyumuz gəlmir. Amma adam hərdən oturub söhbətləşmək, dərdləşmək istəyir də. Etibarsızlıqlarını görüb üstündən xətt çəkdim. Boş şeydir. Ailə üzvlərindən və bir neçə ailəvi dostluq etdiyim müğənnilərdən başqa hamısı yalanmış.

- Dostlarınız çoxdur?

- Bir-iki kişi dostum var, ailəvi dostuq, bir iki nəfər də qadın dostum. Onlar sınaqdan yaxşı çıxıblar.

- Şou-biznesdə dost var?

- Bir mənalı olaraq yoxdur. Şou-biznesdə dostlar təmənnalıdırlar, ona görə hamısına iş yoldaşı, həmkar kimi baxacam bundan sonra. Bir Manaf Ağayevlə ailəvi dostuq. Şou-biznesdə yerimək, ayaqyalın elektrik cərəyanının üstündə yerimək kimidir. Kimin sənə haradan zərbə vuracağı bəlli deyil.
 
- İkinci dəfə ailə qurdunuz. Əriniz kimdir, nəçidir? 

- Onun Ufa şəhərində şəxsi restoranı var. “Praqa” restoranı yoldaşımındır. Orda toy edən bütün azərbaycanlılara toya məni dəvət etməyi məsləhət görürmüş. Tanış ola bilək deyə. Beləcə tanış olduq. Sonra İnstagram hesabımda baxdım ki, 3 ildir mənə yazıb tanış olmaq istəyirmiş. Mən görməmişəm. İllərlə izləyib, sevib. Mən də açığı çox uzatmadım. Həm yaşım keçirdi, 42 yaşında ikinci dəfə ailə qurdum. Həm də adam var illərlə tanıyırsan, evlənəndən sonra dəyişir. İnsanı ancaq evlənib tanımaq olur. Söz-söhbətimiz də olur. Yalandan niyə deyim ki, bütün gün can deyib, can eşidirik. Mən onu çox hirsləndirirəm. Dözür mənə. Yəqin sevgisinə görə dözür.

- Düşdüyünüz qalmaqallara onun münasibəti necədir?

- Pis. Amma özü bu işlərin içində olduğuna görə, anlayıb ki, nə necə olur. Deyir indi mən səni başa düşürəm. Sadəcə özümü problemlərə salmağımı istəmir. 

- Bahalı geyimlər, brend paltarlar geyinməyi sevirsiniz? Ən bahalı libasınız neçəyədir? 

- Ən bahalı geyimim 3 min manatlıqdır. 10 - 20 minlik kürklərim də var. Amma çox bahalı geyimlər almıram. Əziyyət çəkib qazandığım pulları boş şeylərə xərcləmək istəmirəm. Bir dəfə geyinirsən qalır yerdə, niyə ona böyük pullar xərcləməliyəm? Ev əşyalarına, xalçaya gümüş qablara, qızıla pul verərəm, heç brillianta da yox.  Evdə iki qarderobum var, biri brendlərdən ibarətdir, amma özüm almamışam, aldırmışam ( gülür). Onun da öz yeri var da. Elə məclis var ki, ora onu geyinməlisən, görməlidirlər. Pul tələsidir də. Kiminsə adını daşıyırsa, gərəyindən artıq pul vermək nə dərəcədə doğrudur, bilmirəm. Bəlkə də özləri bizə baxıb gülürlər. Ən bahalı hədiyyəm yoldaşımın bağışladığı saatdır.

- Plastik əməliyyat etdirmədiyinizi iddia etmisiniz dəfələrlə. Etdirənlərə necə baxırsınız?

-  Plastik əməliyyatlara pis baxmıram. Amma bəzi müğənnilər özləri bu əməliyyatlarla küçə qadınlarına oxşadırlar. Röya xanımda, Aygün xanımda gözəl alınıb, vulqar deyil. Amma adlarını çəkmək istəmədiyim müğənnilər var ki, çox biədəb etdiriblər. Xaricdə belə ifrat bədəni yığdıranlar striptiz klublarda çıxış edənlərdir, bizim başdan xarab ağılsızlar da onlara baxıb özlərini bu günə qoydurublar. Ağlı başında, əxlaqı olan elə eləməz. Məqsəd kişiləri başdan çıxardıb pul qazanmaqdır da. Adam öz ayıb yerini örtər, nəinki şişirdib, dar geyinib oynada-oynada özünü göstərməz. Ağlınla özünü göstər, arxanla yox. Mənim kimi Nəsimini yenidən yaşat.

- Düşünürsünüz ki, Nəsiminin qəzəlinə yeni ruh verdiniz?
 
- Bəli, yenilikdir. Sintezdir, inşallah mən gələcəkdə buna görə öz dəyərimi alacam. Bəzi adamlar məqsədli şəkildə bu mahnı ətrafında qalmaqal yaratdılar, mənə daş ata-ata heykəl qoydular, indi də dəli olublar ki, biz niyə bunu bu qədər reklam elədik, kosmik sürəti ilə qabağa gedir.

- Qırmızı xəttiniz var?

- Misal olaraq öz ailəmdən danışım. Bəlkə yoldaşım bir şillə vura bilər onu bağışlayaram, amma elə söz deyə bilər ömürlük bağışlamaram. Güllə yarası sağalır söz yarası sağalmır.

- Sizcə davakar, yoxsa mehriban insansınız?

- Mən çox mülayim insan idim, mərdi qova-qova namərd elədilər. Üstümə o qədər hücumlar oldu, məcbur oldum özümü müdafiə eləməyə. Yaxından tanış olan hər kəs deyir ki, efirdə başqasan, həyatda başqa. Kaprizim yoxdur, qarşımdakını düşünürəm, insanları xoşbəxt edəndə özüm də xoşbəxt oluram. 

- Flora xanımla qalmaqala görə peşmansınız?

- Məsəl var, döymə taxta qapımı, döyməyim dəmir qapını. Onlar məni təhqir edərək başladılar. Mənim Flora xanımın sənətinə hörmətim var, böyük sənətkardır, onun tənqidi mənim üçün fəxr olardı, amma təhqirə yol vermək olmazdı. Belə deyəcəm, elə biləcəklər qorxub belə deyirəm. Mən heç nədən qorxan insan deyiləm. Sadəcə ona kinim, nifrətim də yoxdur. Allah görür hər şeyi.

- Barışmaq istəyərsiniz?

- Barışsa barışaram, istəməsə yox. Mənim üçün elə vacib məsələ deyil. Hesab edin ki, bunu braziliyalı aktrisa Veronika Kastro ilə münasibət kimi dəyərləndirərəm, yəni olsa da olar, olmasa da. Bir-birimi ümumiyyətlə görmürük. 

- Dedilər Bakıya gələndə hava limanında polis sizi saxlayıb...
 
- Bunun da belə yazılacağını bilirdim, yalandır yazılanlara yox gördüyünüzə inanın. Ona görə videolar çəkdim yaydım, prodüser Anar Mədətovla bütün gün birlikdə olmuşuq. Bizim aramızdakı məhkəmə qalmaqalı Nazilə Səfərli və Göyçək Fatimə, Xoşqədəm və Aysel, həmçinin digər şou nümayəndələri arasında olanlardan fərqli deyil. Məni niyə saxlamalıdırlar ki? İndi hava limanındayam, qayıdıram Rusiyaya. Bir neçə gündən sonra, Qurban bayramında toya gələcəm və müxtəlif proqramlara qonaq olacam.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6480
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar