Azərbaycan tamadalarının QİYMƏTLƏRİ...  - Danışmaq qızıl qiymətinə
27 may 2022 18:45 (UTC +04:00)

Azərbaycan tamadalarının QİYMƏTLƏRİ... - Danışmaq qızıl qiymətinə

Elimizin toy kimi bir adəti var… 

Hər valideynin arzusudur övlad toyu görmək. Elə ən böyük alqışımız da toy-düyünlə bağlıdır. “Qapında toy çalınsın”, “balanın toyuna gələk”, “böyüsün, toyunu görək”. Bizim xalqın təntənəli toy adət-ənənələri çox qədimlərə dayanır.

Nağıllarımızda, dastanlarımızda 3, 7, 40 gün toy edilməsindən bəhs edilir. Toy bir növ valideynin 20-25 illik zəhmətinin, əmək fəaliyyətinin hesabatıdır, dosta-düşmənə özünü göstərməsidir, ona görə xərci borcundan çox olur. Bəzi ellərimizdə nənələrin dilindən eşitmişdim bu sözü. Toyun adına toy deyiblər ki, yiyəsinin bağrı çatlamasın. Bəs nə, məsələ gələn qonaqlara açılan zəngin Xəlil- İbrahim süfrəsiylə bitmir axı. Bu günkü toylarımız daha çox şou xarakteri daşıyır. Bunun gəlin maşını var (200 manatdan 1300 manatadək), gəlinlik paltarı var (kirayəsi 500 manatdan 2500 manatadək), gəlin bəzəyi var (300-800 manat arası), gəlinin gülü var (300 manatadək), video-foto çəkilişi var (1500 manatadək),  müğənniləri var (1000 manatdan 20000  manatadək), tamadası var (7000 manatadək). 

Müasir Azərbaycan toylarını, tamadalarsız təsəvvür etmək mümkün deyil. Çünki dəvət almış 300, 500,1000 qonağı çox zaman ev sahibinin özü də doğru dürüst tanımır. Tamada toyu “sahmana salan”dır, məclisə tam verən, dad qatan, onu maraqlı edəndir. Toy sahibləri hər nə qədər zəhmət çəksə də, toyun siması olaraq yadda qalan tamadanın sözü-söhbəti, ansamblın şousu olur.

Hər toyu ovqatına uyğun olaraq idarə edən tamadalar məclisə həm də rəng qatan, şənləndirən şəxslərdir. Hər məclisin öz sözü, hər sözün də öz məclisi var. Tamadalıq asan iş deyil. Keçmişdə toyları dili yaxşı söz tutana, eldə-obada  sözü keçən kişilərə verərdilər ki, söz-söhbət düşəndə sözü eşidilsin, umu-küsü olmasın.  Dövr dəyişdi, yavaş-yavaş qadınlar tamadalığı kişilərin əlindən aldılar. İndi qadın tamadalar kişilərdən daha yaxşı toy aparır, məclisləri onlardan daha baha idarə edirlər.

Məsələn, şairə Nazilə Səfərli deyir ki, bir zamanlar toya hələ yeni-yeni getməyə başlayanda tanınmış tamada Alqayıtdan 3 dəfə baha qiymətə toy aparıb. Telekanallarda görüb, bəyəndiyimiz simaların böyük əksəriyyəti el şənliklərinə tamada qismində dəvət olunurlar. İndi bunun adını istəsələr tamadalıq qoysunlar, istəsələr aparıcılıq.

Hər halda ayıb bir şey deyil adı üstündədir tamada, masabəyi, yəni məclisin bəyi.

Şou-biznesin tanınmış simalarından  İlkin Həsəni , müğənni-aparıcı Murad Arif , "Sevimli şou"nun aparıcısı Mikayıl Güləddinoğlu (daha çox bölgələrimizdəki və Rusiyadakı azərbaycanlıların  toylarında tamadalıq edir), əməkdar artist Ələkbər Əliyev, aktyor Allahverdi Yolçuyev, Əməkdar artist  Ağalar Bayramov, teleaparıcı Nəsib Nur,  Saleh Bağırov aktyorlar Fərda Xudaverdiyev, Elməddin Cəfərov, teleaparıcılar Elgiz Əkbər və Zaur Kamal, şoumen Kamran Həsənli, Əməkdar artistlər Çingiz Əhmədov və Rəhman Rəhmanov daha çox toy təcrübəsi olan şəxslərdir. Onlar arasında Nəsib Nur, Saleh Bağırov elit məclislərin aparıcıları hesab olunurlar. Ən bahalı tamadalar da onlardır.

Masa bəylərimiz də var, masanı idarə edən xanımlarımız da. 

Aktrisa Xuraman Əlizadə, teleaparıcı Könül Yusifqızı, Lətafət Ələkbərova, aktrisa Fidan Axundova, teleaparıcı Nərgiz Cəlilova, şairə Nazilə Səfərli  də uğurla toy məclislərini idarə edirlər. Həm də ucuz yox.

Azərbaycanda  ən bahalı tamadalar toy məclisini 7000 min manata idarə edirlər. Adlarını çəkdiyimiz məşhurların əksəriyyətinin toy qiyməti 3000-5000 manat arasında dəyişir. Ən ucuz qiymətə toy idarə edən tamadalar isə 300 manatla kifayətlənirlər. Rayon yerlərində məşhur olmayan tamadalar bir məclisi 100 manata da idarə edirlər. İndi daha danışanda ağızlarından dürr tökülür, bal tökülür, bu qalmış məclis əhlinə, bir də aparıcının mərifətinə.

Təki toy olsun, toylarımız da mübarək olsun. 

# 22125
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar