Tunay: “Necə olur-olsun, boşatdırıb ona ərə gedəcəm” - MÜSAHİBƏ
30 sentyabr 2010 12:36 (UTC +04:00)

Tunay: “Necə olur-olsun, boşatdırıb ona ərə gedəcəm” - MÜSAHİBƏ

Model Tunayın Lent.az-a müsahibəsi

- Əvvəl model kimi tanınırdın, sonra televiziyada sərhədsiz, azad jurnalist kimi göründün, daha sonra aktrisa kimi... Bundan sonra nə gözləyək? Filmdə maraqlı obrazda idin...

- “Əzizim Fellin”i! Filmin məqsədi nə idi bilirsən, müasir xanımları yönəldən tərbiyələndirici filmdir. Film onu demək istəyirdi ki, bu, bizim cəmiyyətimizin bəlasıdır, bəzi yüngül xarakterli qızlarımızın iddiası böyükdür, onlar asan yolla hər şeyə sahib olmaq istəyirlər. Hansı yolla olur-olsun! Belələrini ya kimsə saxlayır, çox-çox üzr istəyirəm, fahişəlik edirlər, maşın, ev alırlar, sonra da düşünürlər ki, bir yol tapıb ərə gedəcəm də! Amma filmdə biz göstərdik ki, sənin evin də, maşının da olsa, bu cür həyat tərzi ilə heç vaxt xoşbəxt ola bilməzsən! Hətta əyalətdən gələn bir oğlanla ailə qursan belə, heç vaxt xoşbəxt ola bilməyəcəksən! Adi qızsansa, sakitcə işinlə məşğul olub təmiz ailə qurmalısan. Ya da pul eşqinə düşmüsənsə, elə bu həyatla da qane olmalısan.
Deyirsən, bundan sonra nə gözləyək? (Gülür) Bundan sonra hakim olacam! Sabah müğənni də ola bilərəm. Hansında mənəm, bunu bilmək istəyirsiniz? Bunu özüm də bilmirəm. Jurnalistik ilə incəsənətin qətiyyən əlaqəsi yoxdur. Mən veriliş aparıram. Rejissorlar elə bilirdilər ki, əgər mən təbiətcə sərbəstəmsə, deməli erotik rollarda da oynaya bilərəm. Mən də onları başa salırdım ki, ay bala, mən verilişdə erotik səhnə oynamıram ki, sadəcə, özünü hər yerdə rahat hiss edən adamam. Bu dəfə təklif gələndə qəbul etdim, onlar “Zərif çərşənbə”nin anonsuna baxıb məni seçmişdilər.

- Cəsarətli obraz idi, onu canlandırmaq üçün də bənzərlik lazımdı.

- Yox, qətiyyən! Bənzərlik yox idi. Oynadıqca mən Leylanı (filmdəki obrazın adı) yaşayırdım. Yaşadığıma görə də sinirlərim gərildi, çəkilişdən sonra 7 kiloqram arıqladım. Psixoloq mənə dedi ki, hədsiz dərəcədə Leylalaşmışam. Gör nə qədər çətin olub! Çəkilişlər haradasa iki ay çəkdi. Gör Leylanı rolda yaşamaq mənə necə çətin oldu ki, arıqladım.

- Sənə izah etmədilər ki, niyə səni o obrazda gördülər? Niyə sən? Azərbaycanda bunun öhdəsindən gələcək peşəkar aktrisa yox idi?

- Mən bir dəfə bir klipə çəkilmişəm. O klipdən sonra artıq rejissorlara falçı kimi baxmağa başladım. Çünki onlar insanı çox gözəl tanıyırlar. Bilirlər ki, qarşısındakı insan hansı situasiyada necə reaksiya verə bilər. Təbii ki, soruşdum, niyə mən? Rejissor sualı verəndə dedi ki, al bu diski, filmə bax. O filmdə bu qızı görürəm...
Filmə baxıram və baxdıqca əsəbiləşirəm ki, bu qız oynayır, lakin filmdə təbii oynamır. Əsərin kulminasiya nöqtəsində məlum olur ki, qız xəstədir və öləcək, ona görə də həyatını belə yaşayır, dünya onun vecinə deyil... Artıq filmin sonuna yaxın yanaqlarımdan yaş süzülməyə başladı. Rejissora zəng vurub dedim ki, sən məni hardan tanıyırsan? Nə bilirsən necə adamam? Mənim daxilimə necə bələd ola bilərsən? Ola bilsin, şıltaq görünürəm... Amma sən mənim ürəyimin dərinliyindəki o ağrını-sancını hardan bilirsən?! O da çıxılmaz vəziyyətdə qaldı, dedi sakitləş, sonra zəng edərsən...

- Nə olub ki, həyatında? Hansı çətinliyi yaşamısan?

- Yox, həyatım adi keçib, heç bir çətinlik görməmişəm.

- Sən həyatı oynayırsan və etiraf etməkdən çəkinmirsən ki, heç nə vecinə deyil. Yəni bir gün həyatdan çıxıb gedəcəm...

- Hə, mən öz həyatımın yeganə aktrisasıyam. Başqa böyük aktyor və aktrisa ola bilməz. Çünki böyüyü və təki mənəm! Həyatım normal olub. Çox tez yetişmişəm. Bəlkə bunu sən də başa düşəcəksən 45-50 yaşında... Bəlkə mən xoşbəxtəm, hər şeyi tez görə və başa düşə bilirəm, bəlkə başqaları xoşbəxtdir ki, görə və dərk edə bilmirlər. Onu sonda biləcəyik. Bəlkə mən baş rolda olduğuma görə xoşbəxtəm ki, oynayacam və sona qədər dəyişməyəcəm.

- Bir gün qarşına gerçəklik çıxacaq və istəmədən qəbul etməli olacaqsan. Hər şey çox adiləşəcək, aktrisa olmayacaqsan. Mübarizə aparmaq üçün güclüsən?

- Rejissora bu sualı da verdim: bu qədər güclü olduğumu hardan bilirsən? Məni ağladan da o idi...

- Hə, gənc yaşlarından model kimi özünü sınamısan, televiziya fəaliyyətin var, filmə çəkildin. Bu, çalışqanlığın və ya şansın əlaməti də ola bilər. Güclü olduğun anlamına gəlirmi?

- Nə qazanmışam, özüm qazanmışım. Bax bu köynəyi, bu şərfi heç kim mənə verməyib, nə də heç kimdən almamışam.

- Adama elə gəlir ki, həyatda təksən və heç kimin yoxdur.

- Yox, ailəmlə yaşayıram. Lakin 5 ildir ailəmdən pul götürmürəm, bundan heç kimin xəbəri yoxdur. Ondan da əlavə sizin bilmədiyiniz şeylər var. 3 dəfə əməliyyat keçirib ölümlə üz-üzə qalmışam, inad edib yaşamışam... Əslində çox inadlı deyiləm. Amma şüuraltı inadım var. İnadkar olmaq mənə zəiflik kimi gəlir, ona görə də qəbul etmirəm. Həyatda hər şeyə qarşı immunitetim var. Hər insanla mübarizəyə, baş verəcək hadisəyə hazıram, ona görə güclüyəm bəlkə... mübarizə apara-apara çox şeyə qalib gəldim, öyrəndim, bircə əsəblərimi, sağlamlığımı itirdim. Qalanlarını qazandım. Heç kimin sözü altında qala bilmərəm, çətinlik məni qorxuda bilməz. Bəlkə bu mənə elə gəlir? Bəlkə əslində zəifəm, özümə güclü deyib vəziyyətdən çıxıram. O da ola bilər. O qalır artıq məni tanıyanların, oxucuların seçiminə.

- Kişilər güclü qadınları sevmirlər, bilirsən də...

- Ona görə də təkəm... Yanımdakı kişi güclü olmağımdan narahat olur. Daha anlamır ki, o mənim yanımdadırsa, deməli dəfələrlə məndən güclüdür. Hiss edirəm ki, mənim gücümdən çəkinir, çəkinsin də nə olsun ki!

- Amma ötən müsahibədə başqa cür danışmışdın. Həyat fəlsəfən də fərqli idi. Sənin əsas mövzun xəyanətdir. Bəs necə güclüsən? Hanı bəs o əzəmət?

- Göstər mənə o qadını, qarşısında baş əyim! Qadının yox ey, ərinin qarşısında baş əyim! Göstər mənə o kişini, bütün qüvvəmi sərf edəcəm, necə olur-olsun boşatdırıb ona ərə gedəcəm, əgər o xəyanət etmirsə! Mən elə kişi görməmişəm, tanımıram. Nə qohumum, nə atam, nə qardaşım! Nə də gələcəkdə mənə şirin nağıllar danışacaq həyat yoldaşım elə olmayacaq! Əlbəttə, məni inandıracaqlar, and içəcəklər, ay-hay mən ona inandım...

- Sən axı həyatının güclü aktrisasısan! Belə vəziyyətlərdə hansı obrazda olacaqsan?

- Belə vəziyyətdə 12-yə kimi gözləyəcəm, səhər durub heç nə olmamış kimi səhər yeməyi hazırlayacam.

- Məşhur filmdə olduğu kimi: “Gəlersən gəl, gəlmersən kəlləmi atıb yatıram”...

- (Gülür) Hə, sən Allah yaz bunu! Ürəyimdən keçəni dedin. Vecimə deyil! Hansısa kişiyə görə əsəblərimi korlayacam? Gedib hardasa kef edib ömrünü uzadacaq, mən də burda əsəblərimi korlayıb zəng vurub, sms yazacam? O dərəcədə ağılsız qadınam?

- Əgər sən bu qədər gözüaçıq, güclü və həyatı idarə edə bilənsənsə, onda beş il bundan sonra nə olacaq, artıq deyə bilərsən.

- (Fikirləşir). Nəhayət, mən də çətin sual qarşısında qaldım... Hər şey Allahın əlindədir, 5 ildən sonra Tunay olmaya bilər. Real baxdığım proqnoz budur.

- Yoxsa sən də o baxdığın filmdəki qız kimi xəstəsən, öləcəyini bilirsən?

- Qoy sənə maraqlı qalsın. Beş ildən sonra olmaya bilərəm, vəssalam.

- Bu sferada? Azərbaycanda? Yoxsa həyatda?

- Hər üçündə də olmaya bilərəm. Çox ağıllı qızsan! Çox doğru variantları dedin! Azərbaycanda olmaya bilməyim bir az sual altındadır...

- Ailən sənə necə yanaşır, çox maraqlıdır, evdə günün necə keçir?

- Hər şey gördüyün kimi deyil. Mənim yeganə problemim var, əsəbiliyim. Ailəm əvvəl qəbul etmirdi, indi qəbul edir artıq. Ailəm görür ki, seçimim doğrudur, şükür Allaha, sakitlikdir. “Nə bilirsən elə!” Bilirlər ki, bildiyimi onsuz da edəcəm, edəcəyimdən də ziyan çəkməyəcəklər.

- Sənin dəyərlərin var? Varsa, nədir?

- Olmayan bir şey!!!! Ailə Xoşbəxtliyi!!! Burnumun ucu göynəyəcək, bu gedişlə olmayacaq, elə şey yoxdur. Elə bilirsən tək mən oynayıram? Bütün ailələr oynayır, xoşbəxt ailə təəssüratı yaradır.

- Səni pessimist gördüm. Əlbəttə, var...

- Belə ailəni göstər də mənə! Yoxdu! Gördüyün hamısı illüziyadır. Hər şey yalandır, bir tək mən doğruyam. Hər şey mənim oynadığım filmdəki kimidir... mən filmdə həyatı oynadım. Yaxşı ki, get-gedə yaşlanıram. Yoxsa məni də kimsə yaşlı biri himayəsinə alardı, bədbəxt olardım. Sonra özümü də, onu da öldürərdim. İndi dəbdi axı, hər kişinin həyatında cavan qadın var.

- O qədər gənc qız var ki, yaşlı kişi ilə münasibət qurub istədiklərini əldə edir və sonra oyundan çıxıb “öz” həyatını qurur...

- ...Yox, yox! O xoşbəxtlik deyil. Mən tamam ayrı şeydən danışıram.

- Öz gənc sevgililərini ərə verən kişilər barəsində nə deyə bilərsən, belələri də yoxdu?

- Onun da cəmi iki ay, uzağı iki il vaxtı olur. Maksimum! Hər bir qız özündən ağıllı kişi istəyir. Hansı qadın ki, hiss edir ki, əri onun yalanlarına aldanır, o kişi artıq gözündən düşür. Onunla bir yerdə yaşamaq darıxdırıcı olur. İndi niyə çoxalıb boşanmalar? Çünki qızlara ərə getmək lazım idi. Mən obrazımı elə canlandırmışdım ki, məşhurlar zəng vurub təbrik edirdilər, “xalq artisti” deyə müraciət edirdilər. “Halaldı sənə!” deyirlər!

- Özün həyatda o obrazda olmazsan ki? Özündən yaşca böyük şəxsin məşuqəsi olmazsan?

- Yox! Heç vaxt! Mümkün deyil! Mən Tunayam axı! Özümə ağıllı-başlı bir oğlan tapıb ərə gedə bilmirəm, o ki qaldı yaşlı birinin kaprizi ilə oynayam. Hansısa bir kişinin nazını götürüm ki, nə var - nə var, mənə “X-6” alıb? Elə şey yoxdur, olsaydı tökülən “A-klass” sürməzdim. 150 minlik maşın sürərdim, 300 minlik evdə yaşayardım. Hamıdan gözəl, şirin mənəm, nədənsə mənim belə sevgilim yoxdu! Həyat konsepsiyamda “saxlamaq”, “atmaq”yoxdu. Sərbəst qadınam, Azərbaycanda elə bilirlər ki, sərbəst qadın ya fahişə olmalıdır, ya da erotik səhnəyə çəkilməlidir. Sadəcə, xaricdə olduğu kimi, sərbəst qadınam, o demək deyil ki, pis yolun yolçusuyam! Elə olsam, hər ay maaşımı gözləmərəm. Belə deyiləm və bundan sonra da olmaram!

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2612

Oxşar yazılar