Turan İbrahimov: “Mən bu səhvi buraxmışam, etiraf edirəm...” - MÜSAHİBƏ
08 iyul 2010 14:40 (UTC +04:00)

Turan İbrahimov: “Mən bu səhvi buraxmışam, etiraf edirəm...” - MÜSAHİBƏ

Tanınmış teleaparıcı Turan İbrahimovun Lent.az-a müsahibəsi

- “Günə baxan” mövsümü qalmaqallar, xeyirxah əməllər, fərqli dinamika ilə başa çatdırdı. Bu rəngarəngliyin içində özünü həm də başqa Turan kimi təqdim etdin. İli necə dəyərləndirisən, müsbətin, yoxsa mənfilərin çox oldu?

- Müsbət olan yerdə mənfi, uğur olan yerdə uğursuzluq da var. Xırda şeylər var ki, böyük şeylərin yanında onsuz da itib-batıb gedəcək. Uğurlu oldu, istədiyimə nail oldum, Allaha çox şükür! Bu mövsüm nəzərdə tutduğum aparıcılıq karyeramın nə vaxtsa jurnalistliyə çevriləcəyi, şou-biznes aparıcısından jurnalistə çevirlməyimin əsas hissəsi oldu. Əla! Sevinirəm.

- Əvvəlki Turanla indiki Turan arasında hansı fərq var?

- Əvvəl mənim istədiyim o idi ki, tanınmış aparıcı olum, beş-altı adamın adını çəkəndə mənim də adımı çəksinlər, fiqura çevrilim. Buna nail oldum, amma əsas məqsədim jurnalist olmaq idi. Jurnalistika ilə bağlı fikirlərim var idi, amma bilirdim ki, böyük-böyük şeylərdən danışmaq üçün yaşım azdır. Həm də tanınmış insanlar jurnalistikadan danışanda effekti daha güclü olur. İndiyə qədər sözünü deməyi bacaran, sözünün arxasında duran biri kimi tanınmışdım. Bu mövsümdə savadımı, dünyagörüşümü, ideologiyamı göstərə bildim. Bundan əvvəl telepersonaj idim. 3 saatlıq verilişdə Turanın özü idi.

- Niyə başqa kanallarda şoupersonaj kimi özünü göstərdin?

- Hər kanalın özünün tamaşaçı auditoriyası var. Televiziya fəaliyyətimi ATV-dən başlamışam, ATV-də isə sən şou çərçivəsində sözünü deyə bilərsən. ANS-in imici, yaratdığı şərait və mənim arzuladıqlarım üst-üstə düşür. Vətənpərvərlik, dəyərlərə bağlılıqla özümü ortaya qoydum.

- Dəyişiklik ANS-lə bağlıdır?

- ANS-də şou veriliş də edə bilərdim. Biz ilk iki həftəni şou ilə başladıq. Belə də davam edə bilərdim. Sadəcə, mənim etmək istədiklərimlə ANS ənənələri üst-üstə düşdü.

- Düşünürəm ki, “Günə baxan” şou verilişidir.

- Bilirsiniz necədir? Şou anlayışı təkcə Azərbaycanda sarı rəngdədir. Bütün dünyada hər şey şou, göstərmək, nümayiş ilə bağlıdır. İndi kim bu 3 saatlıq şounun rəngini necə görürsə, bu onun öz işidir. Ən ciddi problemlər danışılır və həllini tapır. Bu, ciddi verilişdir.

- Proqramını şou sayırsan, yoxsa ictimai-sosial veriliş?

- Şou ictimai-siyasi, ictimai-sosial, maqazin şou da ola bilər. “Günə baxan”da maqazindən başqa ictimai-siyasi mövzular var. Hazırda “Günə baxan” ciddi verilişdir.

- Sən orda şou göstərməklə problemlərin həllinə çalışırsan?

- Baxın, dünyanın ən ciddi jurnalisti Larri Kinq sayılır. O, Barak Obama, Səddam Hüseynlə də danışırdı. Söhbətində nə edirdi? Problemlərdən danışırdı, adı şou idi. İnsanın intellektini sözlə, jestlə göstərirsə, bu onun göstərdikləridir. Və bu, şou anlayışıdır. Bunu kim istəyir maqazin, kim istəyir sosial-siyasi ictimai tərəfdən göstərir. Məndə bu, ictimai-siyasi tərəfdən də göstərilib. Biz orda musiqidən istifadə edib tamaşaçıları özümüzə tərəf çəkdik.

- Zaman-zaman atmacaların, cəsarətli çıxışların olur. Bütün bunların fonunda özünü azad jurnalist hesab edə bilirsən?

- Mən televiziya məkanında nəsə etmək naminə yox, qərəzsiz və daxili azadlıqdan gələn, xarakterimdən irəli gələn istəklə çıxış edirəm. Əgər bu azad fikirlilik kimi qəbul olunursa, deməli, Azərbaycan reallığında azad fikirli jurnalistika mövcuddur.

- Azad fikirli olduğunu demədim, sadəcə atmacalarının, sərbəstliyinin azad fikirli olduğun anlamına nə dərəcə yaxın olduğunu bilmək istədim.

- Əgər hansısa məmur, partiya başçısı, ictimai-siyasi təşkilat, xarici dövlətin ünvanına nəsə deyirsənsə, deməli sənin çəkindiyin və bir ayağının bağlı olduğu bir vəziyyət yoxdur.

- Proqramında hansı vacib məsələlərin həllinə nail ola bilmisən?

- Azərbaycanda ilk dəfə internat məktəblərini bitirən vətəndaşların evlərinin olması üçün müraciət... Bu təşəbbüs verilişimizdə irəli sürülüb, məsələnin həlli üçün icra strukturları dəvət olunub, müzakirəsi gedib. Məhkəmələrlə bağlı... Üç hakimə cinayət işinin qaldırılması, bütün bunlar «Günə baxan» da olub. Siz buna şou deyirsiz, amma görün nəyin həllinə çalışmışıq. Sovet dövründə banklara qoyulmuş əmanətlərin tələbi, polislərlə bağlı, millət vəkillərin konkret gördüyü və görəcəyi işlərlə bağlı, bir sözlə ağlınıza nə gəlirsə! Qəzza məsələsi ilə bağlı ən sərt çıxışlar bizim proqramda olub. Ən ciddi məsələ də odur ki, bir insanın taleyində yaxşılığa doğru nəsə hansısa bir addım ata bilirsənsə bundan ciddi və böyük heç nə ola bilməz. Heç nəyi olmayan insanların evlənməsi, işə sahib olması, daha nə deyim?

- Bu qədər problemlərin həlli xüsusilə sənin aparıcılığının nəticəsidir? Söz və üç saatlıq iştirakla bunları həll edə bildin?

-Verilişimizi bir komanda hazırlayır. Burda prodüsserlər Aynur Hüseynova və Könül Baxşəliyevadan tutmuş, efir rejissoru, işıq ustasına qədər, təklif etdiyimiz mövzulara müxtəlif tövsiyə və təşəbbüslərlə kömək edən Mais Məmmədovadək çox adam iştirak edir. Amma təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mənim xaraterim də az rol oynamadı. Mən sözümü başqa bir kanalda desəydim, məni susduracaqdılar. Təzyiqlər edəcəkdilər. ANS-də isə bütün bunlar yoxdur. Pisliyə kompromis yoxdur.

- Bəs niyə danışdığın obrazdan uzaq biri kimi mətbuatda tanınmırsan?

- Məsələn... Konkret misal çəkin...

- Daha çox efirə zidd ifadələr və jestlərinlə gündəmə gəlirsən.

- Mətbuatda qərəzli yazarlar və özünü jurnalist adlandıranlar da var. Onların etmək istədikləri və edə bilmədikləri və Turana qısqanclıqları da var. Mən bunu etməli idim, niyə o edir, düşüncələri, mən yazdım reaksiyası olmadı, lakin Turanın etdiyi reaksiya verdi, tipik qərəzli yanaşma! İkincisi, mənim özümün buraxdığım səhvlər də var, köynək qalmaqalı...

- ...Köynəkdən söz düşmüşkən, Lent.az fəaliyyətini qısqanır? Xəbəri ilk biz yazdıq. Sən aparıcısan, bu səhv olmamalıydı, tamaşaçı qarşısına çıxırsan. İngilis dilini bilməyə bilərsən, lakin yanında bir nəfər tapılmadımı ki geyindiyinin məğzini sənə işarə etsin?

- Bu söhbət mənim cavabımın ikinci hissəsidir. Buraxdığım səhv! Olur, səhvsiz Allahdır. Mən indi sizə iş qrafikimi danışa bilmərəm ki, saat neçədə gəldim. Efirə necə özümü çatdırdım. Deyəcəyim istənilən səbəb bəhanədir. Fakt mən bu səhvi buraxmışam. Etiraf edirəm. Bu, normaldır. Lent.az Azərbaycanda operativ xəbərçilik və sensasiya yaradan, rəng və qərəz axtarmayan bəlkə də çox az saytlardandır. Bu gün ayıbımı, səhər uğurumu deyə bilərsiniz, necə ki, dəfələrlə olub! Bu qərəzsiz nəzarət sistemi mənə kömək etdi. Bu daha diqqətli olmağım üçün vasitə oldu.

- Amma səhəri gün ekranda Lent.az-ın ünvanına küskünlük və qərəz nümayiş etdirdiyin yazıldı.

- Onu yazan özü qərəzlidir. Mən o məsələdən sonra forumda yazılanlara münasibət bildirdim. Və dedim ki, Turan bu səhvi buraxıb! Özümü işarə edib dedim əgər bu insan səhvini başa düşüb, kütləvi şəkildə üzr istəyib, əgər siz bu hadisədən sonra da nəsə yazıb müzakirə edirsinizsə, ya qərəz var, ya da bu məsələdən yazmaq xoşunuza gəlir. Lent.az-a dair heç bir fikir yox idi.
O hadisədən sonra mən üstü yazılı mayka ilə efirə çıxmıram. Bu da bir təcrübə idi. İstənilən yazı yaxşı və pis anlaşıla bilər.

- Düşünmək olar ki, söz azadlığı və müsbət nəticə var, ölkədə demokratiya baş alıb gedir.

- Mən özümdən danışıramsa, öz fikirlərimi deyirəm. Azərbaycanda bu dəqiqə jurnalistlərin söz demək üçün yetərincə formalaşmış bir mühiti var. Nədir- nədir Turan reket qəzetlərin adını efirdə çəkdi, o qəzetlər də Turanı pisləməli idilər.

Azərbaycan xalqında demokratiya anlayışı hələ təzədir. Siyasi azadlıqlar anarxiya kimi anlaşılır. Fikir prülarizmi, söz harda gəldi, yerli-yersiz danışmaq kimi anlayışlar və s. Demokratiya elə bir şeydir ki, onu biz xaricdən idxal etməməliyk. Onlar da bizə bunu ixrac etməməlidirlər. Mən bizdəki demokratiya anlayışından çox razıyam, tam səmimi fikrimdir. Professor Ramiz Mehdiyevin bir fikri var, demokratiya yaxşı şeydir, lakin hər ölkə demokratiyanın nə olduğunu özü başa düşməlidir, yəni milli demokratiya olmalıdır. Bizə demokratiya nə qədər lazımdırsa, o qədər də mövcüddür. İnsanlar istifadə edə bilir- bilmir, bu artıq başqa mövzüdür.

- Jurnalistika sənin üçün son hədəfdir?

- Jurnalistika əslində çox şey və hər şeydir. Ən böyük arzum olub. Mənim üçün jurnalistikanın romantikası Azərbaycanda ANS-i quran insanlarla bağlı olub. İndi kim bilir sabah nə olacaq? Sabah görsəm ki, jurnalist kimi özümü ifadə etmək imkanlarım məhdudlaşır, başqa bir xeyirli işlə məşğul ola bilərəm. Heç kimin danışa bilmədiyi şeylərdən danışa bilirəmsə, mənə elə gəlir ki, hələlik bundan xeyirli heç nə ola bilməz.

- Turan, xalq, kütlə səni sevir?

- Çox səmimi deyirəm, bu günə qədər xalq məni sevsin deyə çalışmamışam. Xalq bu gün sevdiyini sabah daşa basır, sabah daşa basdığını bağrına basır. Bu belədir, buna görə bütün etdiklərimi Allah rızası üçün edirəm. Xalq məni sevir-sevmir deyə bilmərəm. Amma mən bu xalqı çox sevirəm. Kütlə isə mənlik deyil…

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3158

Oxşar yazılar