“Miss Azərbaycan”ın təşkilatçıları həbs oluna bilər
01 iyun 2010 14:30 (UTC +04:00)

“Miss Azərbaycan”ın təşkilatçıları həbs oluna bilər

Mayın 23-də Bakıda Heydər Əliyev adına Sarayda “Nur” Prodakşnın investorluğu ilə keçirilən “Miss Azərbaycan-2010” müsabiqəsinin qala konserti barədə söhbətlər və onun ətrafında yaranan qalmaqallar davam edir.

Qeyd edək ki, “Miss Azərbaycan - 2010” müsabiqəsinin qala konsertindən bir gün əvvəl, yəni mayın 22-də yarışmanın mətbuat katibi KİV nümayəndələrinə zəng vuraraq, tədbirin baş tutmayacağı ilə bağlı məlumat vermişdi. Konsert sonradan alındı, lakin konsertə gələn tamaşaçılar içəri buraxılmadığı üçün bir saata yaxın qapıda gözləməli olublar. Konsertdə çıxışları nəzərdə tutulan xarici qonaqların, həmçinin rəqqasə Nailənin rəqs qrupunun çıxışları da baş tutmadı. Lent.az-ın məlumatına görə, “Miss Azərbaycan – 2010” müsabiqəsinin təşkilatçısı – “Nur” prodakşnın rəhbəri Nuriyə Əhmədova, onun vəkili Əkbər Bağırov və konsertin aparıcısı Firdovsi Atakişiyev mətbuat konfransında məsələlərə aydınlıq gətiriblər.

“Miss Azərbaycan – 2010” müsabiqəsinin investoru Nuriyə Əhmədova deyib ki, konsert günü tamaşaçıların Heydər Əliyev Sarayına buraxılmamasının səbəbi kimi sarayın icarə haqqının ödənilməməsi göstərilsə də, təşkilatçılıq işləri ilə məşğul olan Günay Səmədova və Nazim Səmədov adlı şəxslərə iki ay qabaq bütün pullar ödənilib. 2 ay əvvəl Sarayın icarə haqqının Səmədovlara verməsinə baxmayaraq, konsert günü bu obyektə pul ödənilmədiyi məlum olub.

İnvestor konsertin təxirə düşməməsi üçün yenidən Saraya pul ödədiyini deyib. Ödənilən büdcə əslində 6 min manat rəqqasə Nailənin rəqs qrupuna ödənilməli imiş, haqqını ala
bilməyən rəqs qrupu səhnəyə çıxmayıb, bu səbəbdən çıxış təxirə düşüb.

Konsertdə xarici qonaqlardan Yakuboviçlə də problemlər yaranıb. Tədbirdə deyilib ki, lazım olan məbləğ artıqlaması ilə Səmədovlara ödənilsə də, nə Saraya pul köçürülüb, nə də konsertin yayımı ilə bağlı xərclənib, üstəlik, müqavilədə 30 min manat göstərildiyi halda, o, bu işlərə 40 min manat ödəyib, Sarayın icarəsi üçün 17 min 500 manat ödənilməli imiş, lakin Səmədovlar hələ 2 ay əvvəl N.Əhmədovadan 18 min 700 manat pul alıblar.

Səmədovlar isə konsertdən qabaq tədbirin təxirə salınması barədə mətbuata məlumat veriblər. Mətbuat konfransının keçiriləcəyini bildirsələr də, bu tədbir baş tutmayıb.

N.Əhmədova mətbuat konfransında bildirdi ki, həmin şəxslərlə telefon danışığının yazısını təqdim edib. Telefon danışığında investor onlara bütün pulların ödənildiyini bildirib və onlardan bu məsələlərə aydınlıq gətirilməsini tələb edib.

Nuriyyə Əhmədova sözügedən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına çalışacağını deyib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar