“Miss Azərbaycan – 2010”da biabırçılıq - EKSKLÜZİV
26 may 2010 17:30 (UTC +04:00)

“Miss Azərbaycan – 2010”da biabırçılıq - EKSKLÜZİV

Müsabiqənin qaranlıq tərəflərini Təşkilat Komitəsinin üzvü Lyubov Qutorova açdı


“Nur production”ın təşkilatçılığı ilə keçirilən “Miss Azərbaycan - 2010” müsabiqəsinin qala konsertindən bir gün əvvəl, yəni mayın 22-də yarışmanın mətbuat katibi KİV nümayəndələrinə zəng vuraraq, tədbirin baş tutmayacağı ilə bağlı məlumat verdi.


Səbəblərini isə təşkilatçıların həmin gün 13:00-da keçirəcəyi mətbuat konfransında açıqlayacağını dedi. Ancaq 12:40-da mətbuat katibi yenidən zəng vuraraq, mətbuat konfransının da təxirə salındığını bildirdi. Axşama doğru isə başqa bir xəbər yayıldı: “Mayın 23-də xarici qonaqların iştirakı ilə keçiriləcək mətbuat konfransı və qala konsert qüvvədə qalır”.
O da xüsusi vurğulandı ki, yaranmış problemə təşkilatçılar məhz bu mətbuat konfransında aydınlıq gətirəcəklər. Ertəsi gün deyilən vaxtda deyilən məkanda olan mətbuat nümayəndələri 1 saat gözləsələr də, nəticə ürəkaçan olmadı. Nəinki xarici qonaqlar, yəni qala konsertin aparıcısı Leonid Yakubovuç, “Ricchi e Poveri” və “Morandi”, hətta müsabiqənin təşkilatçıları da mətbuat konfransına gəlmədilər. Etiraz əlaməti olaraq jurnalistlərin əksəriyyəti mətbuat konfransını tərk etdi.


O ki qaldı həmin axşam keçirilən qala konsertə, burada da çoxlarının gözlədiyinin tam əksi oldu. Bir saat ərzində tamaşaçılar ümumiyyətlə zala buraxılmadılar. Zalın yarıdan çoxu tamamilə boş idi. Çox adi dekorasiya, müəyyən texniki problemlər, vəd olunduğu kimi “Morandi”nin çıxış etməməsi və s. və i. Bir sözlə, müsabiqənin zəif təşkil olunması əməlli-başlı hiss olunurdu. Lakin bir təhər başa çatan müsabiqədən sonra da söz-söhbətlər səngimək bilmədi. Yarışmada əslində nələrin baş verdiyini, qaranlıq məqamları, “Miss Azərbaycan - 2010”un bədii rəhbəri, müsabiqənin Təşkilat Komitəsinin üzvü, “Fashion model school”un rəhbəri Lyubov Qutorova eksklüziv olaraq Lent.az-a açıqladı.


“Bilsəydim ki, sonu belə olacaq, bu layihədə iştirak etməzdim”


Lyubov Qutorovanın sözlərinə görə, Günay və Nazim Səmədovların rəhbərlik etdiyi, Nuriyyə Əhmədovanın isə investoru olduğu “Nur production” əvvəldən ona ciddi təşkilat kimi görünüb. Ona görə də bu layihəyə qoşulub və onlara hərtərəfli dəstək olub. Yarış iştirakçılarını müsabiqəyə hazırlayıb: “Mən onlarla həm də ona görə işlədim ki, beynəlxalq müsabiqələrin lisenziyasını alacaqlarını dedilər. Ona görə mən öz istəyimlə onlara köməyimi və təşkilat komitəsində iştirakımı təklif etdim. Elə bildim ki, bu Təşkilat Komitəsi stabil olacaq. Əmin idim ki, özünü “production” adlandıran “Nur production”ın təşkilatçılığı yüksək səviyyədə olacaq. Ancaq böyük xəyal qırıqlığına uğradım. Layihə müddətində hər şey normal gedirdi. Ancaq son bir neçə gündə gözlənilməz hadisələr baş verməyə başladı. Dəqiq nə baş verdiyi deyə bilmərəm. Ancaq onu bilirəm ki, investorla Günay və Nazim Səmədovlar arasında maliyyə məsələləri üstündə hansısa konflikt yarandı. Bu konflikt nəticəsində bütün proqram, dekorasiya alt-üst oldu. Qala konsertdə rəqqasların çıxışı, işıqlandırma, xüsusi effektlər olmalı idi. Ancaq bunların heç biri hazır olmadı. Hər şey müsabiqənin acınacaqlı, pis vəziyyətdə nəticələnməsi ilə sona çatdı. Şəxsən mən tərəfdən qoyulan bütün əziyyətlər gözlədiyim nəticəni, effekti vermədi. Əgər əvvəldən bilsəydim ki, sonu belə olacaq, heç vaxt bu layihədə iştirak etməzdim”.


Təşkilat Komitəsinin üzvü deyir ki, hələ mayın 21-də nələrinsə baş verdiyini anlayıb. Həmin gecə Nazim Səmədov isə ona layihədən çıxdığını, bu işlə ancaq investorun məşğul olacağını xəbər verib: “Bu, böyük bir şok idi. Müsabiqəyə cəmi iki gün qalmışdı. Mayın 22-də sarayda əsas məşqlər aparılmalı idi. Bundan başqa Nuriyyə Əhmədova ilə biz ümumiyyətlə çalışmamışdıq. Çünki o, sadəcə investor idi. Mən ayın 22-də saraya gəlib görəndə ki, heç nə hazır deyil, dəhşətə gəldim. Bilmədim neyləyim, əməkdaşlıq etdiyimiz ciddi şəxslərə vəziyyəti necə izah edim. Vəziyyət həqiqətən də mürəkkəb idi. Bu iki gün ərzində hansısa anlaşılmaz bir vəziyyət yaşanırdı. Mən də çıxılmaz vəziyyətdə qalmışdım, bilmirdim gedim, yoxsa qalım. Təşkilati dəstək olan şəxslər də öz işlərini mənim vasitəmlə həyata keçirirdilər. Onları təşkilatçılarla görüşdürməliydim, lakin heç birilə zəngləşə bilmirdim. Məndən soruşurdular, bilmirdim camaata nə deyim”.



“Müsabiqəyə 2 saat qalmış ssenarinin bir hissəsi ixtisar olundu”


L.Qutorova mayın 23-də sarayda baş verənlər barədə də danışdı. Belə ki, konsert proqramı 3 saat yarım davam etməli imiş: “Lakin sarayda anlaşılmaz dərəcədə qarışıqlıq baş verirdi. Müsabiqəyə 2 saat qalmış ssenarinin təxminən saat yarımlıq hissəsi ixtisar olundu. “Morandi” gec gəldiyinə görə artıq tamaşaçılar saraya yığışan vaxt məşq etməyə başladı. Musiqi alətləri, barabanlar hazır olmadığına görə səhnəyə çıxmaqdan imtina etdilər. Nəticədə onların 45 dəqiqəlik çıxışı ixtisar olundu. Qızlar rəqqaslarla rəqs etməliydilər. Maliyyə vəsaitini kəsdiklərinə görə, bu da aradan götürüldü. Yarışma iştirakçıları səhnəyə çıxanda ekranda video çarxlar göstərilməli, milli geyimlərin nümayişi zamanı səhnəyə duman buraxılmalı, xüsusi effektlər, işıqlandırma olmalı idi. Bir sözlə müsabiqə zəngin, gözəl və dolğun şəkildə baş tutmalı idi. Amma sonda xəbər tutdum ki, bunların heç biri olmayacaq. Sarayda çox böyük stress yaşandı. Müsabiqə başlayanda mən bilmirdim, ümumiyyətlə necə yekunlaşacaq. Bircə Yakuboviç vəziyyəti qurtarmağa çalışırdı. Qızların paltarlarını dəyişdiyi müddətdə və münsiflərin qərar verdiyi vaxt ərzində yaranan boşluğu demək olar ki, Yakuboviç özü doldurdu. Mən elə həmin gün hər şeyi atıb getmək istədim. Amma yarışmaçıların hazırlığına çəkdiyim zəhmət və qızların özlərinin bu müsabiqəni səbirsizliklə gözləməsi qarşımı kəsdi. Əgər mən həmin vaxt öz komandamla oranı tərk etsəydim, müsabiqə ümumiyyətlə baş tutmayacaqdı. Əgər müsabiqənin belə nəticələnəcəyini bilsəydim, heç vaxt bu layihə qatılıb, onu dəstəkləməzdim. Yenə deyirəm, mən məcburiyyət qarşısında axıra kimi qaldım. Ancaq müsabiqənin nəticələrinə görə öz təəssüflərimi və narazılığımı çatdırıram”.


Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar