Tanınmış sənətçilər hansı geyimlərə üstünlük verirlər? - SORĞU
30 mart 2010 12:30 (UTC +04:00)

Tanınmış sənətçilər hansı geyimlərə üstünlük verirlər? - SORĞU

Səhnədə parlamaq arzusunda olan bütün müğənnilərin həyatında geyim, pal-paltar xüsusi rol oynayır. Azərbaycanın tanınmış sənət adamları da demək olar ki, hamısı məşhur xarici firmaların geyimlərinə üstünlük verirlər. Lent.az sənətçilərin geyim marağını araşdırıb.

Xalq artisti Mənsum İbrahimov qastrol səfərlərində olduğu ölkələrdən hər zaman müxtəlif geyimlər alır: “Deyim ki, ancaq xüsusi bir yerdən geyinirəm, bu yalan olar. Sadəcə, qastrol səfərlərində olduğum ölkələrdən hər zaman müxtəlif geyimlər almağa çalışıram. Əsas bazarlığımı qonşu Türkiyədən edirəm. Klassik geyimlərə üstünlük verdiyimdən, qarderobumda kostyumlar daha çoxdur. Bir sözlə, markalara önəm verən sənətçilərdənəm”.

Xalq artist Nazpəri Dostəliyeva kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hər kəsin gözəl və yaraşıqlı geyimlərdə görünməyə çalışdığını deyir: “Səhnədə olduğum müddət ərzində həmişə zövqlə seçilmiş libaslar geyinməyə çalışıram. Gizlədə bilmərəm, geyim mütəxəssisləri asanlıqla bilir ki, qarderobumu çox tanınmış markaların geyimləri bəzəyir. Özünü öymək kimi çıxmasın, amma bu, faktdır. Digər tərəfdən, modelyerlərimizlə də işləməyi üstün tuturam. Bu vaxta qədər təşkil olunmuş konsertlərimin demək olar ki, hamısında onların tikdikləri geyimlərdə səhnəyə çıxmışam”.

Müğənni Kərim Abbasov üçün geyimlərimin hansı markadan olması heç də önəmli deyil: “Düzdür, qarderobumda “Dolce Gabbana”, “GUCCİ”, “Versace” və digər tanınmış markaların geyimləri var. Bacardığım qədər mənə yaraşan geyimlərdə səhnəyə çıxıram.
Gündəlik həyatımda da zövqlə geyinməyi xoşlayıram. Çox heyf ki, yerli modelyerlərin heç birinə müraciət etməmişəm. Yəqin vaxtı çatanda onlarla da işləyərəm. Əsas odur ki, tamaşaçılar məni səhnənin zövqlü müğənnilərindən biri hesab edirəm. Bu titul mənə çox böyük stimul verir”.

Xalq artisti Brilliant Dadaşova müsahibələrinin çoxunda geyimlərin ən yaralı yeri olduğunu vurğulayır. Müğənni hətta özünü təzə paltar xəstəsi adlandırmaqdan belə çəkinmir. Hansı ölkəyə səfər edirsə, qayıdanda mütləq bir-iki çemodanla evinə dönür: “Ümumi götürəndə, geyimlərin hansı markadan olmasına xüsusi fikir verirəm. Məncə, təkcə biz müğənnilər yox, bütün xanımlar geyindikləri libasların fərqli olmasına can atırlar. Çox təəssüf ki, yerli modelyerlərimizin tikdikləri libaslar qarderobumda elə də çoxluq təşkil etmir. Dünyaca məşhur modelyerimiz Fəxriyyə xanım Xələfovanın yaratdığı kolleksiyaları həddindən artıq bəyənirəm”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar