Siqareti bacısının bədənində  söndürdü - Bakıda işgəncələrlə dolu QƏTL
30 may 2024 20:15 (UTC +04:00)

Siqareti bacısının bədənində söndürdü - Bakıda işgəncələrlə dolu QƏTL

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il avqustun 2-də Bakının Binəqədi qəsəbəsində qətl hadisəsi olur. Şəhər sakini 1967-ci il təvəllüdlü Azər Əfəndiyev Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gələrək, bacısı Məlahət Əfəndiyevanı öldürməsi haqda məlumat verib.
 
Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanır. Hadisə baş verən evin giriş qapısının qarşısında, paltarsız vəziyyətdə 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın meyiti aşkar edilib. Meyitin gözlərinin ətrafında və bədənində çoxsaylı xəsarətlərin, boynunda çapığın, tüklərin bəzi hissələrinin qopması, başının yanında dəsmalın, otaqda qan ləkələrinin olması müəyyən olunub.
 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Məlahət Əfəndiyevanın ölümünə beyinə qansızma səbəb olub.


 
Azər Əfəndiyev 1990-cı ildə Bakı şəhəri Kirov rayon Xalq Məhkəməsinin hökmü ilə 2 il, 1991-ci ildə Bakı şəhər Məhkəməsinin hökmü ilə 15 il, 2004-ci ildə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 7 il və 2015-ci ildə Binəqədi rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Azər Əfəndiyev may və iyul aylarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisələr zamanı mütəmadi bacısı Məlahət Əfəndiyevaya yumruq və təpiklə zərbələr vuraraq, ona ağır dərəcəli bədən xəsarətləri yetirib. Bundan başqa, onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmişə işgəncə verib. Növbəti dəfə, avqustun 2-i saat 13 radələrində Azər stulda oturmuş Məlahətə yaxınlaşaraq, başının sol nahiyəsinə yumruqla ardıcıl, güclü zərbələr endirib. Aldığı zərbələrdən sonra qadın döşəməyə yıxılıb və başı qaz sobasının kənarındakı kafelə dəyib. Nəticədə M. Əfəndiyeva ölüb.


 
İfadəsinin yerində yoxlanılması zamanı Azər Əfəndiyev, bacısına zərbələr vurduğunu etiraf edib və cinayət əməlini hansı qaydada törətdiyini göstərib. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnaz Məmmədova ifadəsində göstərib ki, 8 yaşı olanda, anası Məlahət Əfəndiyeva və atası boşanıblar. O, anası ilə birlikdə nənəsigilin evində qalıb:

“Həmin vaxtlar dayım Azər bıçaqla adam yaraladığına görə məhkum olunmuşdu. Ailə həyatı qurduqdan sonra artıq öz evimdə yaşayırdım. Anamla dayımın münasibəti yaxşı deyildi. Azər hər dəfə anamdan pul istəyirdi. Onlar yola getmədiyindən anam Binəqədi qəsəbəsində, kirayədə yaşamağa başladı.

İyunun 4-də ya 5-də anam zəng edib, məndən 30 manat pul istəyib. Azərin ondan pul tələb etdiyini, tapmasa onu ölümlə hədələdiyini dedi. Bir neçə gündən sonra anam tanış qadının telefonundan zəng edib, qardaşı tərəfindən işgəncəyə məruz qaldığını söyləyəndə, onu yanıma çağırdım. Evimə gələndə, anamın üzərində çoxsaylı xəsarətlərin olmasını və qolunun sındığını gördüm. Buna görə, anamı Şüvəlan qəsəbəsində yerləşən 26 saylı poliklinikaya apardıq, qoluna gips qoyuldu. 20 günə yaxın ona baxdım. Evinə qayıdandan sonra onunla bir daha əlaqə saxlaya bilmədim, çünki anamın mobil telefonu yox idi. Qocalar evinə gedəcəyini söyləsə də, yəqin orda qalmağı özünə sığışdırmadı. Avqustun 2-də mənə polis bölməsindən məlumat verildi ki, anam qətlə yetirilib”.


 
Şahid  qismində dindirilmiş Təcili Tibbi Yardım Stansiyasının 16 saylı bölməsinin həkimi Fərid Əliyev bildirib ki, mayın 30-da səhər Dövlət Yol Polisinin arxasında yerləşən fərdi yaşayış evinə çağırış daxil olub:

“Məlahət Əfəndiyevanın bədənində şişkinlik vardı. Qadın uzun müddətdir ki, qardaşının onu döydüyünü, bədənində siqaret söndürdüyünü, bu səbəbdən sol biləyini hərəkət etdirə bilmədiyini və döş qəfəsində ağrılar olduğunu demişdi.  Məlahət Əfəndiyevaya tibbi yardım göstərib, onu Kliniki Tibbi Mərkəzə hospitalizasiya etdik və aidiyyatı üzrə polis bölməsinə məlumat verdik”.
 
Cinayət işinin materiallarına əsasən, mayın 30-da Kliniki Tibbi Mərkəzdə Məlahət Əfəndiyevaya “sol qolun yerdəyişən sınığı” diaqnozu qoyulub. 24 may 2023-cü il tarixli qərardan görünüb ki, bədənində olan xəsarətlərin müyyən edilməsi üçün Məlahət Əfəndiyeva məhkəmə-tibbi ekspertizaya getmədiyindən 43-cü Polis Bölməsinin təhqiqatçısı Fərid Nəzərli tərəfindən cinayət işinin başlanılması rədd edilib.

Məlahət Əfəndiyeva
 
Məhkəmə iclasında Azər Əfəndiyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnaz Məmmədova ərizə ilə müraciət edərək, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, Azər Əfəndiyevin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla törədildikdə) və 133-cü (işgəncə vermə) maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Əfəndiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7101
avatar

Oxşar yazılar