“Xətaiyə gedirəm. Yarım saat sonra ölü olacam”.
Məşhur bir filmdə deyildiyi kimi, bu olub saat 18.33-də. Yarım saat sonra isə elə həmin Xətai dediyi ərazidə özünü 20-ci mərtəbədən yerə atıb. Yeremenko küçəsində, çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən…
O binadan ki, Bakının elit evlərindən sayılır.
O binadan ki, onun həyətinə belə mühafizəçinin icazəsi olmadan girmək mümkün deyil.
O binadan ki, onun blokları belə xüsusi pultla açılır...
İntihar üçün nişanlısı ilə qəhvə içib ayrıldığı bulvardan niyə məhz Xətaiyə gəlməliydi?
“Torqovı”da rəfiqəsiylə görüşməkdən niyə son anda imtina edib?
Əslində, suallar təkcə bu deyil, çoxdu. Bu sualların cavablarını isə özüylə apardı.
İndi istintaq gedir. Qısa zamanda bütün bu suallara cavab da tapılacaq. İndi Sevilin, 20 yaşlı tələbə qız Sevil Atakişiyevanın dəhşətli intiharı sosial şəbəkələrin bir nömrəli mövzusuna çevrilib. Bir qrup onun valideynlərini qınayır - Sevilin şəxsi yazışmalarına əsaslanaraq - bir qrup isə əksinə, mərhumənin özünü ittiham edirlər.
Kimdi axı Sevil, onun valideynləri?
Sıradan bir ailədir Atakişiyevlər. Binə qəsəbəsində yaşayırlar. Əslən Nardaranlıdırlar. Sevilə nənəsinin adını qoyublar. O nənəsinin ki, bizimlə görüşdə danışmaq taqətində deyildi. Nəvəsinin intiharından sarsılmışdı.
- Sevilin atası Leninqradda hüquq fakültəsini bitirib. Qızının da oxumasını istəyirdi. Atası onu Binədə orta məktəbə qoymadı, Mərdəkanda oxutdu. Hazırlığa, müəllim yanına qoydu. Çünki Sevilin təhsil almasını çox istəyirdi. Uşaq da atasının etimadını doğrultdu. 550 bal yığıb, universitetə girdi.
Sevil Turizm və Menecment Universitetinin ikinci kurs tələbəsi idi. Dərslərini yaxşı oxuyan mehriban biriydi.
Amma tələbə yoldaşlarından savayı, Sevilin başqa bir ətrafı da vardı. Təbii ki, söhbət sosial şəbəkələrdəki virtual dostlardan gedir. O virtual dostlar isə sonradan onun real dostlarına çevrilmişdi. Onlardan biri, Pünhanla isə təzəcə nişanlanmışdı.
Elə intihar eləməzdən bir az əvvəl də Pünhanla görüşüb. Bulvarda, görüşdüyü məkandan onu taksiylə yola salıb Pünhan. Və böyük ehtimalla, evlərinə. Çünki artıq axşam saat 7 radələri idi. Pünhan özü isə Sevili yola salan kimi onun rəfiqəsi Tükəzlə görüşə tələsir. Əslində, Sevil Pünhanla görüşdən sonra Tükəzi öz evlərinə aparacaqmış. Sevil bunun üçün atasından icazə də alıbmış. Atasının dediyinə görə, o, əvvəlcə ondan axşam saat 6-ya qədər şəhərdə olmasına icazə istəyib. Sonra isə zəng edərək xahiş edib ki, saat 8-ə qədər icazə versin. Və bu, Sevilin atasına son zəngi olub...
Sosial şəbəkələrdə Sevilin ata və anasının, habelə nənəsinin ünvanına yazdığı sərt ittihamlar var. O da maraqlıdır ki, Sevilin sosial şəbəkələrdə paylaşdığı atasının, nənəsinin fotolarında onlar çox xoşbəxt görünürlər. Və düzünü desək, bu fotolar o ittihamlardan daha səmimidir.
Elə nənəsi də onu deyir.
- Hər dəfə evdən çıxanda yanaqlarımdan öpürdü. Hər dəfə evə qayıdanda da “mənim canım nənəm” deyib üstümə atılırdı. Mən nəinki inanmıram, hətta deyərdim ki, bu sözləri onun adından kimsə yayıb. O, atasını da çox sevirdi.
Atası Samir Atakişiyev qızına qarşı hər hansı şiddət göstərmədiyini və onunla münasibətinin hər zaman yaxşı olduğunu bildirib:
“Mən onu canımdan artıq istəyirdim. Əzazil ata olsaydım, nə instituta qoyardım, nə şəhərə çıxmağa, nə də kimlərləsə dostluq etməyə”.
Və məhz ata-bala sevgisini təsdiq edən xeyli adam da var. Biri elə Samirgilin qonşusu Zeynal. O, Lent.az-a deyir ki, illərdi Samirgillə qonşuyuq. Bu evdə heç bir söz-söhbət eşitməyiblər.
- Çox mehriban ailədilər. Samir də övladlarını çox istəyir. Onun bir oğlu – Sevildən kiçikdir - anadangəlmə əlildir, bir balaca qardaşı da var Sevilin. O qızı hazırlığa qoydu, oxutdu. Nişanladı. Qızın öz istəyilə. Qonşuyuq da, gediş-gəlişimiz var. Samir deyirdi ki, indi neçənci əsrdi. Əgər qızım istəyirsə, xoşbəxt olacaqsa, mən kiməm ona mane olum? Deməyim odu ki, qızı çox istəyirdi. Sevil də onu.
...Həmin gün axşam saat 20 radələrində Samir qızı Sevilin telefonuna zəng edir. Amma ona zəng çatmır. Ata narahat olmağa başlayır. Bir də zəng edir. Yenə nəticəsiz. Bir qədər sonra isə Sevilin anası Samirə qızının bir mesajını göstərir: “Daha məni axtarmayın”.
Az sonra isə Sevilin intihar xəbəri gəlir…
***
Zaman: 25 iyun, 2020-ci il.
Facebook-dakı Bədbəxt Qadınlar Klubunda bir paylaşım edilir:
“Qızlar, ilk dəfədir hansısa qrupda bu cür kömək istəyirəm. Artıq heç bir film və ya seriala marağım qalmayıb. İdmana həvəsim yoxdur. Ən sevdiklərimə belə daha baxa bilmirəm. Həvəsim yoxdu, səbrim çatmır. Son 1-2 aydır sanki boşuna keçir günlərim. Depressiya əlamətləri görürəm özümdə. Çünki virusun gəlişi ilə göydən yerə çırpılmışam. İstər maddi, istərsə də mənəvi olaraq. Əyləndiyim tək zaman dilimi dostlarımla birlikdə olub, yeyib-içib əyləndiyim müddətdir. Alkoqol artıq beynimi uyuşdurub. Çünki bir müddət çox qəbul etdim. Ona görə əyləncə vasitəsi kimi görməmək istəyirəm artıq. Məşğuliyyət istəyirəm, günümü səmərəli keçirmək. Amma motivasiya yoxdur. Heç bir istedadım da yoxdur.
İnsani hislərimi də itirirəm sanki. Hamıdan soyumuşam. Bəs siz bu vəziyyəti yaşamısız? Necə düzəldə bildiniz vəziyyəti? Əylənmək üçün nələr edirdiniz? Depressiyadan əziyyət çəkmisinizsə, necə qurtulmusunuz? Hazırda psixoloji yardıma da maddi imkanım çatmaz. Çünki 1-2 seansla düzələn iş deyil”.
Depressiya? Psixoloji yardım? Niyə axı? “Alkoqol artıq beynimi uyuşdurub. Çünki bir müddət çox qəbul etdim”. Normal ailədə böyüyən 19 yaşlı bu qızcığaz nədən bu fikrə düşsün ki? Nədən psixoloqdan kömək istəsin? Onun Bədbəxt Qadınlar Klubunda nə işi var axı?
***
Bir qədər də geriyə qayıdaq.
“Haradan başlayacağımı bilmirəm. Dəhşətli dərəcədə sıxılıram. Tək qaçış yolunu alkoqol və siqaretdə görürəm. Bu məni narahat edir. Xüsusilə evdə qalmaq məni narahat edir. Ailəmlə aram heç yaxşı deyil. Mümkün qədər qaçmaq istəyirəm”.
Bu da Sevilin sosial şəbəkələrdə tanış olduğu dostları ilə söhbətlərindəndir.
Hara qaçmaq istəyirmiş? Niyə qaçmaq niyyətindəymiş?
Söhbətlərdən birində Sevil özü başqa bir məqamı da etiraf edir: “Mən kənddə (Binədə - red) ən sərbəst qızam. Bəlkə də məni azad buraxır ki, vicdanı rahat olsun”.
Daha sonra yazır:
“Yavaş-yavaş sevgi hissimi itirirəm... Təkcə oğlana qarşı olan sevgidən getmir söhbət. Ətrafımda olan hər şeyə, hamıya qarşı. Dünyaya qarşı olan sevgi hissimi itirirəm. Psixoloji problemlərim məni dibə çəkir”.
Və hamıdan, sosial şəbəkələrdən, qarşısına çıxan psixoloqdan, hətta Bədbəxt Qadınlar Klubundan belə kömək istəyir. Və həm də yaşamaq istəyir.
Sevillə bağla məqamları araşdırarkən məhz həyat sevgisi, necə deyərlər, qırmızı xətlə keçir. Daim kömək umur, çıxış yolu axtarır. Çabalar edir.
Amma çıxış yolunu Yeryomenko küçəsində yerləşən 20 mərtəbəli binanın çardağında görür.
***
…Həmin binanın niyə seçdiyi də bəlli deyil. Bu binada nə vaxtsa olmuşdumu? Kimsə, hansısa tanışı vardımı? Bu iyirmimərtəbəyə niyə gəlib çıxıbmış? Mühafizəçidən necə sıyrıla bilib? Binanın blokuna necə girib? Ümumiyyətlə, bu niyələrin sayı həddən artıq çoxdur.
Nişanlısı Pünhanla əlaqə saxlayırıq. Yenə də niyələr... Niyə Sevili yola salıb onun rəfiqəsi Tükəzin yanına qaçır? Sonuncu dəfə sahildə bir yerdə kofe içəndə nələr danışıblar?.
Pünhan isə susur: “Mən bu barədə heç nə danışmaq istəmirəm”.
Başqa bir dostu Rəşad da eynən: “Mən bu barədə danışmaq istəmirəm”.
Heç kim heç nə danışmaq istəmir. Elə Atakişiyevlərin yaşadığı Mərdəkan şossesi, 50 ünvanda da bizə danışmaq istəmədilər.
- Biz hər şeyi danışmışıq. Çıxın gedin.
Bu isə elə bayaq adını çəkdiyimiz Rəşada son yazdıqlarıdı Sevilin.
“İntihar edirəm. Hamınızı çox sevmişdim. Xüsusilə də səni”.
Rəşad isə ingiliscə cavab yazır: “Sən zarafat edirsən?”
...Zarafat deyilmiş…