Maqsud Mahmudov
16 mart 2022 16:04 (UTC +04:00)

Maqsud Mahmudov

"Namaz qılan adamam, haram yeməmişəm" - Maqsud Mahmudov

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Prosesdə ifadə verən zərərçəkmiş Reyhan Mahmudova bildirib ki, lombarda 600 manatlıq qızıl qoyub əvəzində 150 manat götürüb:

"Pulu qaytarandan sonra bir ay qızılı ala bilmədim. Bir aydan sonra qızılını qaytardılar. Qızılı verəndə Maqsud Mahmudov orda idi, amma mən onunla söhbət etməmişəm. Qızılı da Mədinəyə vermişəm, pulu da ondan götürmüşəm. Pulu qaytarandan sonra məlum oldu ki, Maqsud qızılları götürüb qaçıb. Mən və digər zərərçəkmişlər polisə şikayət etdik. Ondan sonra qızılları qaytardılar. Mən əvvəllər də  2 il lombard a qızıl qoymuşuq. Heç vaxt problem olmurdu”.

Zərərçəkənlərdən biri Zemfira Əsgərova ifadəsində qeyd edir ki, əvvəllər də həmin lombardda qızıl qoyub:

“Pulu Mədinə xanıma verirdim. Mənə zəng elədilər ki, Maqsud qızılı götürüb qaçıb. Yoldaşımla gedib polisə şikayət verdik. Şikayətdən sonra zəng edib qızıllarımın gəldiyini dedilər. Mən də pulumu ödədim və qızıllarımı aldım.

Əvvəllər də bu lombarda qızıl qoymuşuq. Amma heç vaxt belə bir hadisə olmayıb”.

Prosesdə ifadə verən digər zərərçəkmiş Mərziyə Məmişzadə isə deyib ki, 200 manat pula görə 650 manatlıq qızıl girov qoyub:

"200 manat pul götürmüşdüm. Hər ay faizini ödəyirdim. Pulu tam olaraq qaytarmağa gələndə gördüm ki, aləm dəyib bir-birinə. Mədinə də qalmışdı hamının qarşısında çarəsiz. Mədinə dedi ki, mənim üstümə gəlməyin, Maqsud qızılları götürüb qaçıb. Mədinə əvvəl dedi ki, qızılları banka girov qoyublar. Sonra dedi ki, Maqsud qaçıb.

Mən də polisə şikayət etdim. Bir ay sonra qızıllarımı verdilər”.

Maqsud Mahmudov isə bildirib ki, zərərçəkmişlər bir nəfər tərəfindən öyrədilib: "Mən namaz qılan adamam, yalan danışa bilmərəm. Mən qızıl götürüb qaçmamışam, haram yeməmişəm. Mənə yalan danışmaq yaraşmaz. Zərərçəkmişlər arasında namaz qılanlar var. Mən həmin vaxt Ukraynaya müalicəyə getmişdim. Bir həftəyə qayıdacaqdım".

Məhkəmənin növbəti iclası martın 28-ə təyin edildi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

# 3897
avatar

Fidan İlqar

Oxşar yazılar