Məşhur tibb mərkəzində QƏTL:  Həkim mühafizəçini niyə öldürüb? – TƏFƏRRÜAT
11 yanvar 2022 18:01 (UTC +04:00)

Məşhur tibb mərkəzində QƏTL: Həkim mühafizəçini niyə öldürüb? – TƏFƏRRÜAT

Bakıdakı tibb mərkəzlərinin birində baş verən qətlin təfərrüatları üzə çıxıb.

Lent.az sözügedən cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, 2020-ci il yanvarın 1-i səhər saat 6 radələrində “Aristokrat” Tibb Mərkəzinin direktor müavini Həsən Rahimli ümumi vəziyyəti öyrənmək və gözətçinin yerində olmasını yoxlamaq məqsədilə, ora gedib. Heç kimin qapını açmadığını görüb, mərkəzin şəhərlərarası telefonuna zəng edib. Zənglərinə də heç kim cavab vermədiyi üçün, klinikanın ümumi zalına açılan pəncərəsini sındıraraq, içəri girib. Əvvəl gözətçilərin istirahət otağına, daha sonra stomatoloq otağına daxil olub. Stomatoloq otağında Muraz Nəbiyevi və istintaqa məlum olmayan qadını görüb. Muraz həmin gecə mühafizəçi Namiq Hacıyevin xahişi ilə növbədə qalıb. Otaqda Murazın əynindəki şalvarını səliqəyə salmasını və qadının divanda oturub, paltarlarını geyinməsini görən Həsən, onların cinsi əlaqədə olduqlarını düşünüb. Həsən Muraza iş yerində əxlaqsızlıq etməsinə dair iradını bildirdikdə, aralarında mübahisə yaranıb. Bu zaman Muraz Həsəni söyüb. Həsən də əsəbiləşərək, sağ əli ilə Murazın başına çoxsaylı zərbələr vurub.

Qətl olan tibb mərkəzi

İş üzrə dindirilmiş Həsən Rahimli bildirib ki, dekabrın 31-də Yeni il bayramını ailəsi ilə birlikdə qeyd etmək üçün nahardan sonra Qəbələdən Bakıya gəlib. Bayramı qarşılayıb, gecə saat 1 radələrində evdən çıxıb və yaxın münasibətdə olduğu qadınla yenidən rayona qayıtmalı olub. Mobil telefonunun enerjisi olmadığından, tibb mərkəzinin yanından keçəndə, sürücüyə avtomobili saxlamasını deyib. Qapını açan olmadığı üçün, klinikanın şəhərlərarası nömrəsinə zəng edib. 10 dəqiqəyə yaxın gözləyib. Bu zaman Həsən növbədə olan Namiq Hacıyevə nəsə olduğunu, ya da onun bayram günü olduğundan mərkəzdə heç kəsin olmamasından istifadə edərək evə getdiyini düşünüb. Belə olduğu halda giriş qapısının yanındakı pəncərəni ayağı ilə qıraraq, içəri girib. Stomatoloq otağında Muraz Nəbiyevi və 50-55 yaşlarında bir qadını görüb. Muraz qadına otaqdan çıxmasını bildirərək, Həsənin üzərinə gəlib və nə olduğunu soruşub. Bu zaman Həsən yumruqla Murazın gicgah nahiyəsinə bir dəfə möhkəm zərbə vurub. Zərbədən sonra Muraz yerə yıxılmayıb. Həsən ona əşyalarını yığıb, klinikanı tərk etməsini bildirib.

Qətl olan tibb mərkəzi

Həsən pəncərədən içəri keçdiyinə görə, şüşə əllərini kəsib. Əllərini yuyub, aşağı düşdükdə, klinikanın çöl qapısının yenə bağlı olduğunu görüb. Küçəyə çıxıb, onu gözləyən sürücüyə və xanıma 2 dəqiqəyə gələcəyini deyib. Klinikaya daxil olanda, stomatoloq otağında Murazın üzü üstə yerə uzandığını görüb. Yaxınlaşıb onu arxası üstə çevirib. Vəziyyətinin pis olduğunu görüb, köynəyinin yaxasını cırıb, ürəyini masaj edib. Murazın əllərinin göyərməyə başladığını görüb. Onu divana uzadaraq, üstünü örtüb. Artıq öldüyünü başa düşüb. Dərhal mühafizə xidmətinin rəisi Mübariz Məmmədova zəng vuraraq, iş yerinə gəlməsini xahiş edib.

Qətl olan tibb mərkəzi

Təxminən yarım saatdan sonra Həsənin qardaşı İsaq atasının maşını ilə klinikaya gəlib. Nə baş verdiyini soruşduqda, Həsən Murazı vurduğunu bildirib. Amma İsaqı Murazın olduğu otağa buraxmayıb. Qardaşının zəngi ilə hadisə yerinə gələn atası Muraza baxıb, öldüyünə əmin olandan sonra polisə zəng edib. Polis əməkdaşları hadisə yerinə gəlib, araşdırma aparıblar. Sonra Həsən bölməyə aparılıb.

İstintaq fotosu

Zərərçəkmiş şəxsin hüquqi varisi Xatirə Bayramova ifadəsində göstərib ki, əri Muraz Nəbiyev 7-8 il olar ki, tibb mərkəzində gözətçi kimi çalışıb. Onun sözlərinə görə, dekabrın 31-i saat 16 radələrində Mübariz Muraza zəng edərək, onu işə çağırıb. Halbuki həmin gecə növbədə Namiq qalmalı idi. Xatirə yanvarın 1-də Muraza dəfələrlə zəng etdikdən sonra telefonuna polis əməkdaşı cavab verərək, ondan klinikaya gəlməsini xahiş edib. Klinikaya çatanda, yoldaşının öldüyünü bilib. Sonradan ona Murazın əslində öz əcəli ilə ölməməsi, tibb mərkəzinin direktor müavini Həsən Rahimli tərəfindən döyülərək, qətlə yetirilməsi məlum olub.

Muraz Nəbiyevin cəsədi

Şahid Mübariz Məmmədov bildirib ki, klinikada təsərrüfat işləri ilə məşğul olub. Dekabrın 31-də razılaşmaya görə, klinikada gecə növbəsində Murazın mühafizəçi kimi qalmasına etiraz etməyib. Yanvarın 1-də Həsən Rahimli ona zəng edərək, iş yerinə gəlməyini deyib. Mübariz ora çatanda, klinikanın pəncərəsinin sındığını görüb. Əsəbi və gərgin vəziyyətdə olan Həsən, Murazın yanında qadın olduğunu görüb, ona bir dəfə sillə vurduğunu deyib. Mübariz həmin vaxt qorxub. Daha sonra tibb mərkəzinin müdiri Məmməd Əliyevə zəng vuraraq, Həsənin Murazla dalaşdığını xəbər verib.

Həsən Rahimli

Şahid Namiq Hacıyev bildirib ki, adı çəkilən tibb mərkəzində mühafizəçi işləyib. Muraz Nəbiyev isə təmir işləri ilə məşğul olub. Bəzən onun işi olduqda, Muraz gecə növbəsində gözətçi kimi onu əvəz edib. 

Dekabrın 31-də səhər iş yerinə gələndə, Muraza ardıcıl 2 gün növbədə qaldığını və çox yorulduğunu deyərək, onu əvəz etməsini xahiş edib. Yanvarın 1-i saat 13 radələrində işə gələndə, 2 nəfər polis əməkdaşının klinikada fotoşəkil çəkdiklərini görüb. Nə baş verdiyini soruşanda, ona Murazın səhərə yaxın, vəfat etdiyini deyiblər.

Muraz Nəbiyev

Məcburi-Narkoloji Tibbi Yoxlamanın rəyindən görünüb ki, Həsən Rahimlidə tiryək və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunub.

Ekspertizanın rəyinə əsasən, Muraz Nəbiyev hadisədən əvvəl stomotoloq otağında Həsənin gördüyü qadınla intim əlaqədə olmayıb.

İstintaq fotosu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Rahimli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, Həsən Rahimlinin cəzası 9 ilə endirilib.

# 12312
avatar

Mehman Nəbiyev

Oxşar yazılar