Sumqayıtda kafedə qızla tanış olan oğlan qarət olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.
Belə ki, Həsrət Həsənov (ad və soyad şərti) şəhər ərazisindəki kafelərin birində yeyib-içəndən sonra orada bir Aysu adlı (ad və soyad şərti) qızla tanış olub. Aysu Həsrəti öz evlərinə dəvət edib. Həsrət qızla birgə onun yaşadığı Corat qəsəbəsinə gəlib. Orada siqaret almaq üçün marketə giriblər. Bu zaman Aysunun tanışı Namiq Quliyev (ad və soyad şərti) onlarla rastlaşıb. Qız Həsrətdən Namiqə də siqaret almasını istəyib. Bunun üçün Həsrət Aysuna 50 manat pul verib.
Mağazadan çıxanda Namiq Aysu ilə kənarda gizlicə danışıblar. Bunu görən Həsrət Aysudan siqaret üçün verdiyi pulun qalığını istəsə də, Namiq irəli gələrək etiraz edib. O, əli ilə Həsrəti itələyib. Həsrət zərbənin təsirindən aşağı əyilərkən Namiq onun arxa cibindəki 1150 manat pulu götürərək qaçıb. Beləcə, Həsrət həm siqaret üçün verdiyi pulun qalığından olub, həm də 1150 manatı soyğunçuluq yolu ilə talanıb.
Onun şikayəti nəticəsində polis əməkdaşları Namiq Quliyevi saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Sumqayıt şəhər Məhkəməsi Namiq Quliyev haqqında həbs qətimkan tədbiri seçib.
Məhkəmə istintaqı hazırda davam etdirilir.