Gənclərin davası ÖLÜMLƏ BİTDİ:  Bakıda tələbə niyə öldürüldü? - TƏFƏRRÜATLAR
19 avqust 2024 20:15 (UTC +04:00)

Gənclərin davası ÖLÜMLƏ BİTDİ: Bakıda tələbə niyə öldürüldü? - TƏFƏRRÜATLAR

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il iyunun 24-də Bakının Nərimanov rayonunda qətl hadisəsi olub. 2003-cü il təvəllüdlü Hikmət Kərimov bıçaq yaraları ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmur.

Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə meyitə baxış keçirirlər.
 
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin gecə Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Fateh Məmmədov saxlanılıb. 
 
Hikmət Kərimov Azərbaycan Dövlət İdman Akademiyasının 2-ci kurs tələbəsi olub. Bir-iki ay əvvəl telefon alqı-satqısı mağazasında işləməyə başlayıb. 
 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, iyunun 23-ü saat 22 radələrində Fateh Məmmədov İsmayıl Hidayətzadə küçəsində tanışları Samir Hüseynli və Elşən Məmmədovla birlikdə dayanan zaman digər tanışı Hikmət Kərimovun həmin ərazidən keçdiyini görüb. Bir gün əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Kərimovun onun ünvanına işlətdiyi söyüşü cüzi səbəb kimi bəhanə edərək, ona dayanmasını bildirib. Üzərində gəzdirdiyi məişət təyinatlı bıçağı çıxarıb, ictimai yerdə Hikmətin bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Yaralının qaçdığını görəndə əlində bıçaqla onu təqib edib. 7 nömrəli binanın qarşısında yerə yıxılan şəxsə çatıb. Ona əlavə xəsarətlər yetirmək istəsə də, arxasınca gələn qonşusu Sarvan Hüseynov fəal müdaxilə edərək, buna imkan verməyib.

İş üzrə dindirilmiş Fateh Məmmədov bildirib ki, qonşuluqda yaşayan Hikmət Kərimovla münasibəti yaxşı olub. Hər ikisi narkotik vasitələrdən istifadə edib:

“Axırıncı dəfə, Hikmətlə hadisədən bir gün əvvəl, saat 23 radələrində məhəllədə görüşmüşdüm. Marixuana çəkəndən sonra, narkotik vasitənin qalan hissəsini öz cibimə qoydum. Hikmət bunu hörmətsizlik kimi qəbul edərək, mənə öz iradını bildirdi. Tanışıma səhv fikirdə olmasını söyləyəndə, aramızda mübahisə yarandı. Narkotik vasitəni qaytarmaq istəyəndə, Hikmət məni söyərək, çıxıb getməyimi tələb etdi və boğazımdan tutub itələdi.

Fateh Məmmədov

Yoldan keçən tanımadığım 2 nəfər yaxınlaşıb bizi ayırdı. Hikmətin kənar şəxslərin yanında söyüş söyməsindən çox əsəbiləşdim. Üzərimdə qalan narkotik maddəni istifadə etdikdən sonra evimə gedib yatdım. İyunun 23-də Hikmətlə görüşərək, söhbətə aydınlıq gətirmək istədim. Evdən çıxanda mətbəx bıçağını götürüb şalvarımın kəmərinə keçirdim. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyim üçün, təxminən 1 saat onun yaşadığı məhəllənin girişində dayandım. Saat 21:30-da tanışlarım Elşən, Əlimuxtar, Kənan və Samir yanıma yaxınlaşanda, onlara “çıxıb, getmələrini və işim olduğunu” dedim. Bir azdan Hikmətin gəldiyini görəndə bıçağı çıxarıb üzərinə getdim və ona zərbələr vurdum. Samir və Elşən araya girib bizi ayırmağa çalışdılar. Hikmət əlimdən çıxaraq qaçsa da, qısa məsafədən sonra yerə yıxıldı”.

Hikmət Kərimov
 
Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kərimov ifadəsində göstərib ki, saat 22 radələrində arvadı ona zəng edərək, Hikmətin bıçaqlandığını xəbər verib: 

“Məhəlləyə çatanda, artıq küçədə polis əməkdaşlarını və insanların toplaşdığını gördüm. Oğlum Hikmət idmançı idi, heç vaxt narkotik vasitələr qəbul etməyib. Mümkün deyil ki, o, Fateh Məmmədova narkotik maddə versin və aralarında bununla bağlı dava baş versin. Məndə olan məlumata görə, oğlumu məhəlləyə qonşuluqda yaşayan Samir çağırıb. Bundan sonra Fateh Hikmətə bıçaqla xəsarətlər yetirib”.


 
Şahid Sarvan Hüseynov bildirib ki, iyunun 23-də yaşadığı evin qarşısında velosiped düzəldərkən, küçədən qışqırıq səsləri eşidib:

“Qabaqda Hikmətin, arxasınca Fatehin və Elşənin qaçdığını gördüm. Dava baş verdiyini düşünüb velosipedlə onların arxasınca getdim. Mağazanın yanında Hikmətin yerə yıxıldığını, Fatehin isə əlində bıçaqla onun üzərinə getdiyini görüb onun qarşısına keçdim. Fateh əvvəl məni tanımadığı üçün “yaxın gəlməməyimi və vuracağını” deyib qışqıranda sağ əlindən tutaraq, Sarvan olduğumu bildirdim. Bu zaman Fateh məni tanıdı. Hikmətin qarınından qan gəldiyini gördüm. Köynəyini çıxarıb Hikmətin yarasını sıxdım. Elşən və Rüfətlə köməkləşib yaralını avtomobilə yerləşdirdik. Montin qəsəbəsində yerləşən özəl klinikalar Hikməti qəbul etmədi. Kliniki Tibbi Mərkəzdə onu xərəyə qoyaraq əməliyyata aparsaq da, bir müddətdən sonra ölməsi haqda məlumat verildi”.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna müvafiq cəza təyin edilməsini xahiş edib. Son sözündə Fateh Məmmədov əməlindən peşman olmasını bildirib.
 
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Fateh Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar