Azərbaycanda DƏHŞƏT:  qətl, zorlama...
02 noyabr 2021 20:15 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: qətl, zorlama...

Bir il əvvəl Sumqayıtda dəhşətli qətl hadisəsi baş vermişdi.

Məlumata görə, hadisə zamanı kişi əvvəlcə 20 yaşlı qızı öldürüb, daha sonra qızın anasına ağır xəsarətlər yetirib.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib. 

İstintaq materiallarında deyilir ki, hadisə 2020-ci il sentyabrın 4-ü, saat 21 radələrində şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki yataqxanaların birində qeydə alınıb.

Qətl olan bina

Müəyyən edilib ki, sentyabrın 4-ü saat 19 radələrində 33 yaşlı Valeh İsgəndərov qonşuluqda yaşayan 20 yaşlı Mehriban Cabbarova və onun anası 43 yaşlı Xatunə Cabbarova ilə yaxınlıqdakı parkda rastlaşaraq, mübahisə edib. X. Cabbarovanın saçından tutub, zor tətbiq edərək onu yerdə sürüyüb, qızına isə sillə vurub.

Xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən X. Cabbarovanın əri Aydın Cabbarov bu zaman V. İsgəndərovla əlbəyaxa olub, onun əynində olan paltarları cırıb.

Mübahisə olan park

Məlumat əsasında Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları yaşadığı ünvana gəlib. Valeh İsgəndərov barəsində şikayət etmələrindən hiddətlənərək qadınları öldürmək qərarına gəlib.

Saat 21 radələrində evdən mətbəx bıçağını götürüb həyətə düşüb. Mehriban və Xatunə Cabbarovaların məhəllədə polis əməkdaşlarının yanında onun atası Fazil İsgəndərovla mübahisə etdiklərini görüb kənarda gizlənib. Niyyətini həyata keçirmək üçün əlverişli şəraiti gözləyib. Polislər ərazidən uzaqlaşan kimi, qadınlar bloka daxil olduqda, dərhal arxalarınca qaçıb. 1-ci ilə 2-ci mərtəbəsi arasındakı meydançada Mehriban Cabbarovaya bıçaqla 6 dəfə zərbə vurub. Xatunə Cabbarova övladını öldürməməsi üçün yalvarıb. Yetirilən xəsarətlərin qarşısını almağa çalışdıqda Valeh Xatunəyə 8 dəfə zərbə endirib. Köməyə gələn sakinlər və polis əməkdaşları onu zərərsizləşdirib, qadınlara növbəti zərbələr vurmasına mane olublar. Xəstəxanaya aparılarkən Mehriban Cabbarova aldığı xəsarətlərdən yolda ölüb, Xatunə Cabbarovaya vaxtında tibbi yardım göstərildiyinə görə, həyatı xilas edilib.

Xatunə Cabbarova
 
İş üzrə dindirilmiş Valeh İsgəndərov bildirib ki, Zeynalabdin qəsəbəsində, 2 saylı yataqxanada 2 otaqlı mənzildə valideynləri, həyat yoldaşı və 2 uşağı ilə birlikdə yaşayıb.

Qonşuluqda yaşayan, Cabbarovlar əslən Xızı rayonunun, Şurabad qəsəbəsindən olub. Hadisədən təxminən 3 il əvvəl qonşusunun qızı Mehribanla “İnstaqram” sosial şəbəkəsində tanış olub. 2019-cu il yayında arvadı Cəmalə və uşaqlarını Astara rayonuna, ata evinə yola salıb. Aydın Cabbarovun evində təmir işləri görərkən, Mehribanın tək olmasından istifadə edib, onu qucaqlayıb. Qəflətən evə daxil olan Xatunə Cabbarova bunu görüb, onunla qızı arasında olan münasibəti yataqxanaya yayıb. Rayondan qayıdan arvadı Cəmalə, Valeh barəsində yayılan söz-söhbəti eşidib, uşaqlarını götürüb atasının evinə köçüb. 2020-ci ilin fevral ayında Mehribanla ilk dəfə cinsi əlaqədə olublar. Həmin ay valideynlərini məcburi onlara elçi göndərib və Mehribanla nişanlanıb. Amma 2 həftədən sonra Mehribana ayrılmaq istədiyini bildirəndə qadın zorlayıb. Təklif edib ki, əgər Mehribanın zorlandığını hesab edirsə, ondan şikayət etsin.

Bir müddətdən sonra qadın onlara gəlib, qızının adı onunla çıxdığı üçün Mehribanla evlənməyini tələb edib. Valeh də məsələni yoluna qoyub ondan əl çəkmələri üçün Mehribanla 6 ay yaşayacağını, sonra arvadının onun narkoman olduğunu deyib, ayrılmaqla adını təmizə çıxarmağı təklif edib. Amma Xatunə razı olmayıb və ona pul verib yataqxanadan köçüb getməsini bildirib. Barəsində 2-ci Polis Bölməsinə şikayət etsələr də, faktlar öz təsdiqini tapmayıb. Sentyabrın 4-ü saat 18 radələrində işdən evə gəlib həyətə düşəndə, yataqxananın komendantı Əfqan Abiyev ona Mehribangildən uzaq olmağı deyib. Valeh Xatunənin qızı ilə parkda olduğunu bilib, baş verən söz-söhbətlərə son qoymaq üçün saat 19 radələrində ora yollanıb. Xatunə onları izləməkdə günahlandırıb, boyun-boğazına xəsarətlər yetirib, əynindəki köynəyi cırıb. Səs-küyə toplaşan kənar şəxslər onları ayırıb. Mehribangilin son aylarda etdikləri haqsız hərəkətlərinə görə, onlardan qisas almağı qərarlaşdırıb. Mətbəxdən bıçağı götürərək, şalvarının belinə taxıb və həyətə düşüb. Xatunəyə yaxınlaşıb söyüşləri kəsməsini, əks halda onu öldürəcəyini deyib, gedib. Kafedə bir neçə bokal pivə içib, saat 21 radələrində həyətə qayıdıb. Xatunə ilə Mehriban bloka daxil olanda, arxalarınca yollanıb. Addımlarını sürətləndirib 1 və 2-ci mərtəbələrin arasında Mehribana çatıb, bıçaqla zərbələr endirməyə başlayıb. Xatunə onunla əlbəyaxa olduqda, ona da xəsarətlər yetirib. Qadının qışqırıq səsinə bloka yığışan vətəndaşların əlindən çıxıb qaçmaq istəyəndə, özlərini hadisə yerinə çatdıran polis əməkdaşları onu tutublar.

İstintaq fotosu

Bölmədə olanda Mehribanın öldüyünü, Xatunənin həyatının isə xilas edildiyini eşidib.

Təqsirləndirilən şəxs qeyd edib ki, Mehribana və Xatunəyə çoxsaylı bıçaq zərbələri endirərkən, onların sağ qalıb-qalmamasının marağında olmayıb. Xatunə Cabbarovaya nifrət edib. Qızını, gözünün qarşısında öldürüb bu yolla ona əzab vermək istəyib.
 
Zərərçəkmiş şəxs Xatunə Cabbbarova məhkəmədə bildirib ki, Valeh İsgəndərov ev təmiri ilə məşğul olduğundan 2020-ci ilin fevral ayında onların mənzilini qısa müddətdə təmir edib. Həmin ayın sonunda Valehin anası onlara elçi gəlib. Aralarında yaş fərqinin çox olduğunu bildirib bu nikaha razı olmadıqlarını desə də, qadın oğlunun 3 il olar ki, arvadından boşandığını deyib. Valehin ata-anası əl çəkməyib dəfələrlə elçi gəldiyindən, qızı bir neçə gün Valehlə danışıb, onu yaxından tanıdıqdan sonra qəti fikir söyləyəcəyini bildirib. Mehribanın Valehə meyli olduğunu hiss edib, elçilərin təklifini qəbul ediblər. Bundan sonra Valeh Mehribana mobil telefon alıb. 8 martda Mehribana gümüş üzük hədiyyə edib. 10-15 gün İsgəndərovla ünsiyyət saxlayan qızı onun qısqanc olduğunu, tələblər qoyduğunu bildirərək ailə qurmaq istəmədiyini deyib. Valehin aldığı əşya və hədiyyələri qaytarıb, onunla əlaqəsini kəsib. Bir neçə gündən sonra Valehin anası gəlib Mehribana, oğlunun onu qısqanmayacağını, tələblər qoymayacağını, hər arzusunu yerinə yetirəcəyini deyib onunla barışmağını xahiş edib.

İstintaq fotosu

Barışdıqdan bir neçə gün sonra, aprel ayında, təxminən saat 16 radələrində evə qayıdarkən qızı Mehribanın qollarında cırmaq, bədənində qançır izləri görüb, nə baş verdiyini soruşub. Mehriban deyib ki, Valeh tək olduğunu bilərək, mənzilə gəlib onu zorlayıb. Müqavimət göstərərkən xəsarətlər aldığını deyib. Dərhal qonşuya gedib, polisə şikayət edəcəyini söyləyib. Evə qayıtdıqdan az sonra Valehin anası gəlib, Mehribanla söhbət edib və bəkarətinin bərpa edilməsi üçün 1200 manat pul verib, bir daha oğlunun adını çəkməmələrini tələb edib.

Qətl törədilən bıçaq

Xatunə səhəri günü qızını Bakının Sabunçu qəsəbəsindəki Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Cərrahiyyə Klinikasına aparıb. Müayinə zamanı bəkarətin pozulması təsdiq edilib və həmin məbləğ müqabilində əməliyyat keçirilib. Bu hadisədən sonra Valeh onları rahat buraxmayıb, may ayının əvvəllərindən qızını izləməyə başlayıb. Mehribanın müxtəlif şəxslərlə görüşüb yüngül həyat tərzi keçirməsi barədə yataqxanada şayiələr yayıb. Bu hərəkətlərindən bir neçə dəfə polis bölməsinə şikayət etsələr də, Valeh barəsində tədbir görülməyib.

İstintaq fotosu

Sentyabrın 4-də əri Aydın işə gedib, o uşaqları ilə evdə qalıb. Oğlu Abdulla yaxınlıqdakı parkda oynadığından, Mehribanla tez-tez gedib ona baxıblar. Saat 19 radələrində Valeh əlində enerji içkisi, yanlarına gəlib “onu tutdurmaq istədiklərini” soruşub. 

Saçından tutub, yerə yıxaraq, asfalt üzərində onu sürüməyə başlayıb, qızı mane olmaq istədikdə onu təpiklə vurub kənara atıb. Parkda olub, bunu görən yataqxananın komendantı Əfqan Abiyev onu Valehin əlindən alanda, ona da təpik atıb. Komendant polisə zəng edib, İsgəndərovun xuliqanlıq hərəkətləri barədə məlumat verib və kömək üçün təcili əməkdaşların gəlməsini xahiş edib.

Bu vaxt o da zəng edib əri Aydına Valehin parkda onları döydüyünü deyib, onu köməyə çağırıb. Həyat yoldaşı özünü çatdırıb, onunla əlbəyaxaya çıxıblar. Ətrafdakı şəxslər onları birtəhər ayırıblar. Bu vaxt polis əməkdaşları həyətlərinə daxil olub. Onları görən İsgəndərov evə qaçıb. Valehi mənzildə tapa bilməyən əməkdaşlar həyətə düşərək, ərazini də axtarıblar və təxminən 5 dəqiqədən sonra gediblər. Blokda Mehriban qabaqda, Xatunə isə arxada 1-ci mərtəbə ilə 2-ci mərtəbənin arasındakı meydançaya çatarkən İsgəndərov bıçaqla Mehribanın bədəninə ardıcıl, güclü zərbələr endirib. Qışqırıb Valehi tutaraq, zərbələrinə mane olmaq üçün Mehribanı qucaqlayıb, bədəni ilə örtərək “öldürmə, yazığam!” deyib, ondan övladı üçün aman diləyib. Valeh bıçaqla onun kürək nahiyəsinə xəsarətlər yetirib, döş qəfəsindən vurub, 1-ci mərtəbəyə itələyib. Əl çəkməyib arxasınca gələrək, onu yerdə vurmaqda davam edib. Əl-qol atıb, müqavimət göstərdiyindən zərbələr qolunun sol dirsək nahiyəsini tutub. Valeh Xatunənin öldüyünü zənn edib, ondan əl çəkib və Mehribanın üzərinə gedərək, döşəmədə sol böyründən zərbə endirib. Onun harayına qonşular, daha sonra polis əməkdaşları gəliblər. Xəstəxanaya aparılarkən qızı yolda ölüb.

Valeh İskəndərov
  
Şahid qismində dindirilmiş 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili İsmayıl İsmayılov ifadəsində göstərib ki, Xatunə Cabbarova ilə Valeh İsgəndərovun ailəsi münaqişəli ailələr kimi bölmədə qeydiyyata alınıblar. Sentyabrın 4-də əməliyyat qpunda növbədə olub. Saat 19 radələrində, növbətçi hissəyə daxil olan məlumatda onların arasında dava baş verməsi barədə məlumat verilib. Yataqxananın qarşısında Xatunə Cabbarovanı və digər sakinləri görüblər. Qadın az əvvəl parkda baş verən münaqişəni danışıb. Sahə rəisi ilə birlikdə Valehi ətrafda axtarıb tapmadığından, iş yerinə qayıdıblar. Bölməyə çatanda baş verə biləcək insidentin qarşısını almaq üçün təcili həmin ünvana qayıtmağı tapşırıblar. Yataqxananın həyətinə çatandan bir qədər sonra blokdan qışqırıq səslərini eşidib, içəri daxil olublar. Sahə rəisi Valeh İsgəndərovdan əlindəki bıçağı yerə atıb, qadından aralı dayanmasını və təslim olmasını tələb edib. Buna baxmayaraq, İsgəndərov kəsici aləti atmadan, qaçmağa cəhd edib.

Şahid Cəmalə İsgəndərova ifadəsində göstərib ki, hadisədən bir il əvvəl əri Valehin istifadəsində olan mobil telefonda onunla Mehribanın yazışmalarını görüb. Daha sonra Valehin Mehribanı sevib, ondan əl çəkmədiyi barədə yataqxanada şayiələr yayıldıqda artıq dözməyib uşaqları ilə birlikdə ata evinə gedib. Buna baxmayaraq ərindən boşanmayıb.

İstintaq fotosu
 
Bakı Ağır Cinayətər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə Valeh İsgəndərov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Sumqayıtda dəhşətli qətlin istintaq videosu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22299
avatar

Mehman Nəbiyev

Oxşar yazılar